Avropada neonasizm problemi yenidən qabarır

4 Oktyabr 2018 11:00 (UTC+04:00)

Qərb dünyasında bu gün özünü qabarıq şəkildə göstərməkdə olan problemlərdən biri ali dəyərlər üzərində yaranan təhlükənin getdikcə böyüməsidir. Hətta iş o yerə çatıb ki, Avropa İttifaqına üzv olan bir sıra dövlətlərin rəhbərləri belə yaranmış durumda həyəcan təbili çalırlar. Məsələn, onlar Avropada neonasizmin getdikcə genişləndiyindən narahatlıq duyduqlarını açıq ifadə edirlər. Daha təhlükəli məqamlardan biri kimi isə bir sıra Avropa İttifaqı ölkəsinin rəsmi olaraq radikallığı və ayrı-seçkiliyi müdafiə etməsi göstərilir. 
Məsələ geniş faktorlarla bağlıdır. Onun bir çox ideoloji və siyasi çalarları vardır. Hər şeydən əvvəl, Avropa İttifaqında ölkələrin özlərini fərqli səviyyələrə bölürlər. Daha çox inkişaf etmiş Almaniya və Fransa başqa üzv dövlətlərə yuxarıdan aşağı baxırlar. Berlin və Paris hesab edirlər ki, məsələn, Şərqi və Cənubi Avropa ölkələri onların diktəsi ilə hərəkət etməlidirlər. Bu, Avropa İttifaqı daxilindəki miqrasiya zamanı sosial təminat məsələsində və Yunanıstandakı maliyyə böhranında özünü açıq göstərdi. O zaman aydın oldu ki, Avropa İttifaqı daxilində ayrı-seçkilik vardır. Digər məqam Avropa İttifaqına üzv dövlətlərin miqrasiya prosesinə fərqli yanaşmaları ilə bağlıdır. Əslində, miqrantlar daha Avropada özlərini təhlükəsiz şəraitdə, humanizm mühitində hiss etmirlər. Yenə konkret nümunə qismində Almaniyanın Deqqendorf şəhərində Azərbaycandan olan miqrantların keçirdikləri  etiraz aksiyasını göstərmək olar.  Məlumata görə, müəyyən sayda  azərbaycanlı Deqqendorfdakı Miqrasiya mərkəzinin qarşısına toplaşaraq, Aşağı Bavariya hökumətinin nümayəndələri ilə görüş tələb ediblər. Mitinq “İnsan ləyaqətinə hörmət tələb edirik” və “Azərbaycanlılara qarşı ayrıseçkiliyə yox!” şüarları altında təşkil olunub. Təşkilatçı qismində isə əsas etibarı ilə Zöhrab Təmrazov adlı şəxs çıxış edib. Ona bu prosesdə Xəyal Əliyev, Elçin Qasımov, Vəfa Əlizadə kimi şəxslər də kömək ediblər. Məsələnin maraqlı tərəfi mitinqin hansı səbəbdən təşkil olunmasıdır. Səslənən fikirlərdən belə görünür ki, Azərbaycanı atıb Almaniyaya sığınanlar, burada ölkəmiz əleyhiən iftiralar səsləndirənlər heç də Almaniyada istədikləri şəraiti görməyiblər. Əksinə, onlar burada kifayət qədər ağır durumdadırlar və bəzən elementar köməkliklər belə əldə edə bilmirlər. Məsələn, götürək elə Zöhrab Təmrazovun özünü. Araşdırmalardan belə bəlli olur ki, həmin şəxs ölkəmizdə olarkən QHT sektorunda çalışıb, müxtəlif media orqanları ilə əməkdaşlıq edib. Elə indinin özündə də "Gündəm Xəbər" qəzeti ilə əməkdaşlıq edir. İstər Azərbaycanda, istərsə də ondan kənarda olarkən ölkəmiz barədə hər cür hədyanlar səsləndirib, iftiralar yağdırıb. Amma Azərbaycanda söz azadlığı, demokratik şərait olması fonunda ona hansısa irad tutulmayıb, təzyiqlər göstərilməyib. Bütün bunlar adıçəkilən şəxsə azlıq etdiyindən Almaniyaya gedərək burada yarıtmaz fəaliyyətini davam etdirib. Əsas etibarı ilə ölkəmizə qarşı iftiralar yağdırıb, anti-Azərbaycan dairələrlə bir sırada yer alıb. Digər tərəfdən onun Almaniyaya üz tutmasının ümdə səbəblərindən biri daha yaxşı günlər görmək niyyəti olsa da, tamam fərqli bir vəziyyətlə qarşılaşıb. İndi bu şəxs Almaniyada zillət içindədir və elə  bu səbəbdən yuxarıda adıçəkilən şəxslərlə birlikdə Deqqendorfda aksiya təşkil edib. Burada səslənən fikirlərdən belə bəlli olur ki, onlar Almaniyada səfalət içində bir həyat sürürlər. hətta əksər hallarda elementar hüquqlarını belə realladıra bilmirlər. Bunu Almaniya Qaçqınlar üzrə Federal Miqrasiya İdarəsinə ünvanlanan müraciətdən də görmək olar. Müraciətdən belə bəlli olur ki, müxtəlif dövlətlərdən Almaniyaya gəlmiş mühacirlərin içərisində məhz azərbaycanlıların kütləvi şəkildə Degendorfd qəbul məntəqəsində məskunlaşdırılması aksiya iştirakçılarını ciddi şəkildə narahat edir. O d abəlli olur ki, burada məskunlaşan azərbaycanlı mühacirlər gəldikləri ilk gündən neqativ hallarla qarşılaşırlar. 
Belə ki, hər bir azərbaycanlı mühacir iki dəfə “yol intervyusü” adlandırılan və təzyiq altında davam edən sorğu-sualdan keçir. Bu sorğu-sual zamanı azərbaycanlılardan Almaniyaya necə və hansı səbəbdən gəlişi öyrənilmədən geri qayıtması üçün onlara müəyyən məbləğ təklif olunur. Eyni zamanda Azərbaycandan gələn mühacirlərdən yalnız 14%-nə Almaniyada yaşamaq hüququ veriləcəyi bildirilir. Azərbaycanlıların burada tərcüəməçilərlə bağlı da problemi də var. Onlar adətən, qeyri-peşəkar tərcüməçilərlə təmin edilirlər. Əksər vaxtlarda mühacirin fikrinin tamamlamasına imkan verilmir. 
Azərbaycanlılar da daxil olmaqla əksər mühacirləri narahat edən digər bir məsələ  isə ağır xəstəlikləri olan şəxslərin, hətta azyaşlıların həkim rəyi olmasına baxmayaraq düşərgədə, xəstələrə uyğun olmayan şəraitdə məskunlaşdırılmalarıdır. Sağalmaz xəstəliyi olan və ya yalnız Almaniyada müalicəsi olan xəstələr aylarla qəbul məntəqəsinin kamplarında saxlanılır və onların müalicəsi gecikdirilir. Öz üzərinə bu sahədə böyük öhdəliklər götürmüş və tibbi sığorta xidmətinin yüksək səviyyədə təmin olunduğu Almaniyada nəinki müalicə, hətta müayinə prosesləri nədənsə mühacirlərə ikili standartla tətbiq olunur. Kamplarda məskunlaşmış azərbaycanlı mühacirlər adi və ya mövsümi xəstəliklərlə bağlı düşərgədə həkimə müraciət edən şəxslərin səhhətlərindəki problemlərə laqeyd yanaşılır. Dəfələrlə mühacirlər həkimə müraciət etdikləri halda, onlara sərt şəkildə kömək də bilmərik cavabı deyilir. Hətta həkimlər bu ifadəni işlədirlər: “Sosial idarədə pul yoxdu, müalicə apara və ya resept yaza bimərik”. 
O da məlum olur ki, Ostehofen və Deqqendorf düşərgələrində mühacirlərə verilən qida təminatında da problemlər var. Axşamlar verilən qidanın yetərsiz olması  və bir çox hallarda istifadə müddəti başa çatmış qidanın verilməsi müşahidə olunur. İddia edilir ki, burada məskunlaşan mühcirlərin alman dilini öyrənib, alman cəmiyyətinə daha tez inteqrasiya etmələrinə də şərait yaradılmır. Bütün bu qeyd edilənlər Azərbaycanı atıb Almaniyaya qaçan mühacirləri burada heç də xoş günlərin gözləmədiyini aydın göstərir. Belə olan təqdirdə meydana haqlı sual çıxır: buna görəmi Azərbaycanı atıb Almaniyaya qaçmısınız? Axı, burada sizin günlər daha xoş keçirdi. Belə şəraitdə qərib ölkəyə sığınan bu şəxslərin məntiqini başa düşmək mümkünsüzdür. Hər halda indi onların vətənləri ilə yaşadıqları ölkəni müqayisə etmək üçün imkan və şansları var. Bu imkan və şans isə bir daha doğma vətənin yad ölkədən dəfələrlə yaxşı olduğunu aydın şəkildə meydana qoyur. 

Mübariz BAYRAMOV