Qərb üçün Azərbaycanın Ermənistandan dəfələrlə üstün olması yenidən təsdiqini tapır

11 Oktyabr 2018 09:00 (UTC+04:00)

Qərb hərbi şirkətləri Ermənistandan fərqli olaraq Azərbaycanla hərbi əməkdaşlığa daha çox meyllənirlər. Artıq bu istiqamətdə ciddi addımlar atılır. Bu müstəvidə İtaliya ilə Azərbaycan arasında əməkdaşlığa start verilib. Belə ki, Rusiya mətbuatının yazdığına görə, Azərbaycan İtaliyadan 10 ədəd "M-346” tədris-döyüş təyyarəsini əldə edib və 15 belə təyyarəni sifariş edib. 

"M-346”-lar hərbi-hava qüvvələrinin pilotlarının uçuş hazırlığı üçün nəzərdə tutulmuş təyyarədir. Təyyarə iki "F-124-GA-200” turboreaktiv mühərriki ilə təhciz edilib. Bu mühərriklər hava gəmisinə saatda 1050 kilometr sürətə çatmağa imkan verir. "M-346” 3 tona qədər çəkisi olan mərmilər və bomba daşıya bilir.
İtaliyanın Hərbi Hava Qüvvələrinin silahlanmasında 18 belə təyyarə var. Verilən məlumata görə, təyyarələri istehsal edən "Leonardo Aircraft” şirkətinin müştəriləri arasında Azərbaycan Müdafiə Nazirliyi də var. Azərbaycan bu təyyarələri ilk dəfə 2017-ci ilin mayında nümayiş etdirmişdi. Bundan başqa, bir müddət əvvəl mətbuatda Azərbaycanın hərbi müstəvidə Fransa və Çexiya ilə də əməkdaşlığına dair məlumatlar yer almışdı. Bütün bu faktlar onu göstərir ki, artıq Qərb ölkələrinin hərbi şirkətləri də sözügedən müstəvidə Azərbaycana maraq göstərməyə başlayıblar. Halbuki, bu günə qədər Qərb ölkələri münaqişə zonası olduğuna görə, Azərbaycana silah satmaqdan qaçırdılar. İndi isə, göründüyü kimi, Qərb Ermənistandan fərqli olaraq Azərbaycanla bu müstəvidə əməkdaşlığa can atır.  
Səbəb nədir və belə hal Ermənistan üçün hansı mesajları özündə ehtiva edir? 
Hərbçi-ekspert Üzeyir Cəfərov bildirdi ki, bəzilərindən fərqli olaraq Azərbaycanın real alıcı olması Qərb dövlətlərini digər sahələrdə olduğu kimi, hərbi müstəvidə də ölkəmizlə əməkdaşlıq etməyə sövq etdirib: “Azərbaycanın İtaliyadan 10 ədəd “M-346” tədris döyüş təyyarəsini əldə etməsilə bağlı danışıqlar iki ildən artıq idi ki, aparılırdı. Azərbaycan bu istiqamətdə təkcə İtaliya ilə deyil, digər ölkələrlə də danışıqlar aparır. “M-346”lar ən müasir, son model  təyyarələrdəndir. 
Bu təyyarələr geniş manevr imkanlarına malikdir, 1050 km-yə qədər sürət yığa bilir. Döyüşdə həmin təyyarələrdən rahat istifadə etmək olur. Bu təyyarələrdən həm təlim, həm də döyüş təyyarəsi kimi istifadə etmək olar. Bu kimi təyyarələri ancaq maliyyə imkanları geniş olan ölkələr ala bilir. Onlar arasında ölkəmizdən başqa Sinqapur, Polşa, İsrail və bəzi NATO ölkələri var. Buna qədər Azərbaycanın arsenalında olan hərbi uçuş aparatları daha çox keçmiş SSRİ və yaxın ölkələrin istehsalı olan müasir dövrün tələblərinə tam cavab verməyən təyyarələrdən ibarət idi. Bu mənada da “M-246”lara sahib olmaq Azərbaycana növbəti bir üstünlük qazandırır. 
Son hərbi paradda da hərbi arsenalımızın yenilənməsi istiqamətində bəzi yeniliklərin şahidi olduq. Məsələn, həmin paradda Amerika istehsalı olan helikopterləri gördük. Bu mənada prosesin gedişi göstərir ki, Azərbaycan Qərblə hərbi sahədə də əməkdaşlığı genişləndirir. İtaliya istehsalı olan bu təyyarələr hər halda Hərbi Hava Qüvvələrimizin döyüş qabiliyyətinin artmasına hesablanmış addımdır. 
Onsuz da Azərbaycana məxsus Hərbi Hava Qüvvələri düşməni bütün parametrlər üzrə üstələyirdi. “M-346”ların alınması ilə isə ölkəmizin bu sahədə imkanları daha da genişlənir. Qərb ölkələri bir neçə önəmli faktoru əsas tutaraq, Azərbaycanla hərbi sahədə də əməkdaşlığa meyl etməyə başlayıb. Həmin faktorlardan biri odur ki, Azərbaycan təcavüzə məruz qalıb və bu məqam BMT tərəfindən də tanınıb. Bu mənada artıq Qərb şirkətləri ölkəmizin öz müdafiəsi və suverenliyini qorumaq hüququnu tanıyır. Digər tərəfdən, Qərb şirkətlərini maraqlandıran məqam Azərbaycanın bir çoxlarından fərqli olaraq real alıcı olmasıdır. Yəni, ölkəmiz hər hansı bir silahı alarkən Ermənistandan fərqli olaraq çox da xırdalığa varmır. Ölkəmiz ehtiyaca və meyarlara uyğun gələn hərbu texnikanı pulunu ödəməklə rahat şəkildə alır. Ermənistan isə daha çox lobbisi və digər güclər vasitəsilə nəsə əldə etməyə çalışır. Ancaq buna baxmayaraq, bu günə qədər Ermənistan ordusunda xaricdən alınan bir ədəd də olsa ağır texnika gözə dəyməyib. Ötən həftə düşmən ölkə primitiv uçan aparata idarəolunmayan qumbara atan silahın yerləşdirilməsini nümayiş etdirdi. Hansı ki,  nümayiş etdirdikləri bu texnika müasir dövrün tələblərinə qətiyyən cavab verə bilmir. Həmin texnika çox primitiv olmaqla bahəm, döyüşdə ciddi uğur gətirmək gücündə deyil. Azərbaycanın pilotsuz uçan aparatları isə sırf elektron avadanlıqla təmin edilib və canlı qüvvəni məhv etmək üçün yüzdə-yüz reallığı əks etdirir. 
Bir sözlə, son zamanlar görürük ki, Qərb ölkələri hərbi sahədə də Azərbaycanla əməkdaşlığa üstünlük verməyə başlayıblar. Bu mənada da onlar ölkəmizlə əməkdaşlığa can atırlar. Bu da həmin silahları almağa qadir olmayan Ermənistan üçün ciddi mesajdır. “M-346” təyyarəsinin parametrləri son nəsil bütün yeniliklərə cavab verən texnikadır. Bu fonda həmin texnikanın vurub sıradan çıxarılması düşmən ölkə üçün problemli olacaq. Məhz bu nöqteyi-nəzərdən Qərblə hərbi sahədə əməkdaşlıq fonunda düşmən ölkə ilə müqayisədə daha bir əlavə üstünlük qazanmış oluruq”.
Rüfət NADİROĞLU