İrəvanın Qarabağ müqaviməti tükənir

13 Oktyabr 2018 09:00 (UTC+04:00)

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin yeni təyin olunmuş müavini Corc Kent Qarabağ münaqişəsinin həllində irəliləyişlərin olduğunu bildirib.

Ümumiyyətlə, son zamanlar bir çox ölkə rəsmiləri tərəfindən buna bənzər fikirlər səslənməyə başlayıb. Belə ki, ATƏT-in Minsk qrupu həmsədr ölkələrindən olan Fransa və Rusiyada da müxtəlif qrup siyasilər tərəfindən səslənən anoloji fikirlərin şahidi olmuşuq. 
Politoloq Natiq Mirinin fikrincə, ABŞ rəsmisi iki amili nəzərə alaraq Dağlıq Qarabağ konfliktinin həllində irəliləyişin olduğunu bəyan edir: “Söhbət ondan gedir ki, artıq Dağlıq Qarabağ problemilə bağlı məsələ özünün pik nöqtəsinə yaxınlaşıb. 
Bilirsiniz ki, Azərbaycan hərbi cəhətdən dəfələrlə Ermənistandan güclüdür. Ölkəmiz Ermənistana qalib gələ biləcək hərbi əməliyyatları hər an keçirmək qüdrətindədir. Bu gerçəyi artıq bütün dünya gücləri və beynəlxalq təşkilatlar da qəbul edir. Belə olan təqdirdə, münaqişəni süni yolla uzatmaq artıq mümüknsüz hala gəlir. Əvvəllər Azərbaycan torpaqları azad etmək üçün hərbi əməliyyatlar keçirməkdən çəkinirdisə, artıq hərbi qüdrətin mövcud olduğu bir kontekstdə torpaqları işğaldan azad etməməyin özü müəyyən suallar yarada bilər. Bu da təbii ki, Azərbaycan ictimaiyyəti və hakimiyyətini  narahat edən məqamdır. Bu baxımdan ABŞ-da həmin gerçəklik və həqiqəti anlayır. 
İkinci bir məqam Ermənistanda hakimiyyətin dəyişməsilə bağlıdır. ABŞ hesab edir ki, Rusiyanın vassalı və onun tərəfindən idarə olunan Sarkisyan rejimini əvəz edən müstəqil fikirli və xalqın etimadını qazanan Paşinyan hökuməti münaqişənin həllinə nail olmaq istiqamətində daha obyektiv və daha qətiyyətli qərarlar verə bilər. Təbii ki, indiki mərhələdə bu da mümkün deyil. Bunun üçün mütləq mənada Paşinyan hökumətinin Ermənistanda ciddi şəkildə daha dərinlərə nüfuz etməsinə ehtiyac vardır. Bu məsələnin həlli yeni seçki sistemi və bu fonda növbədənkənar parlament seçkiləri keçirməklə qalib gəlib yeni hökumət formalaşdırmaqdan keçir. Paşinyan bunları edə biləcəksə, təbii ki, sülh masasında daha rahat müstəvidə müzakirələr apara və bu yöndə ictimaiyyəti Dağlıq Qarabağ gerçəkliklərinə inandıra bilər. Ona görə düşünürəm kİ, Kentin dediklərində əsas məqam məhz bu iki amildən ibarətdir. Yəni məsələnin mahiyyəti ondan ibarətdir. Yoxsa ciddi münbit mühitin yaranması ilə bağlı ortada konkretlik yoxdur. Bir daha qeyd edirəm, Corc Kentin Qarabağ probleminin həllində irəliləyişin olduğunu deməsi məhz Azərbaycanın məsələni artıq hərbi güclə həll etmək qüdrətinə çatması və Ermənistandakı siyasi hakimiyyətin dəyişməsilə bağlıdır. Çünki artıq Ermənistan hakimiyyətinin bu məsələni süni yollarla uzatmaq imkanları tükənib. Bu günə qədər Azərbaycanın hərbi müstəvidən müəyyən mənada çəkindiyini düşünürdülərsə, artıq bu yöndə çəkinmələrə ehtiyac yoxdur. Belə vəziyyət də ondan irəli gəlir ki, hərbi müstəvidə Azərbaycan Ermənistanı dəfələrlə üstələyir. Həmin gerçəklik ortaya çıxandan sonra artıq masada gerçək danışıqlara getməkdən başqa yol qalmayıb. Sadəcə, bu məsələ zaman məsələsidir. Həmin zaman da Paşinyana hava-su kimi lazımdır. Söhbət növbədənkənar parlament seçkilərinin keçirilməsi və qalib gəlməkdən gedir. Bu hədəflərə çatmaq üçün dekabr ayı müəyyən edilib. Ancaq dekabr ayında seçkilərin keçirilib-keçirilməməsi məsələsinin özü də hələlik sual altındadır”. 
Politoloq Fikrət Sadıxov isə qeyd etdi ki, danışıqların intensivləşməsi və torpaqların azad edilməsi istiqamətində real irəliləyişlər olmadan münaqişənin həllində hansısa bir irəliləyişin olmasından danışmaq yersizdir: “Görünür, Paşinyanın Dağlıq Qarabağ separatçılarının danışıqlar prosesinə cəlb olunması fikrindən imtina etməsi, onun Düşənbədə Azərbaycan dövlət başçısı İlham Əliyevlə qısa söhbəti, eyni zamanda iki ölkə xarici işlər nazirlərinin görüşü  ABŞ dövlət katibi köməkçisinin müavinində münaqişənin həlli istiqamətində irəliləyişlərin nəzərə çarpdığı təəssüratını yaradıb. Amma bu amillər heç də o demək deyil ki, münaqişənin həlli istiqamətində hansısa irəliləyişlər var. O vaxt məsələ ətrafında irəliləyiş ola bilər ki, iki dövlət arasında müəyyən razılıqlar əldə olunsun və torpaqların azad edilməsi prosesinə başlanılsın”.
Rüfət NADİROĞLU