Qonşu ölkədə meyvənin qiyməti "ceyran belinə qalxdı"

16 Oktyabr 2018 19:00 (UTC+04:00)

İran bazarında müxtəlif meyvələrin qiyməti ötən bir neçə ay ərzində dolların bahalaşması ilə kəskin şəkildə artıb.

Trend-in məlumatına görə, yerli statistikaya əsasən, xarici valyutanın bahalaşması iki aspektdən meyvə bazarına təsir göstərib. 1-cisi, istehsalçıların ixraca marağı artıb, əldə etdikləri gəlirə görə, məhsulu yerli bazara vermək əvəzinə, ixraca üstünlük verirlər. Dolların 40 min rialdan (1,62 azn) 190 min riala (7,69 azn) qədər bahalaşması ilə ixracatçılar külli miqdarda gəlirə göz yummayıblar. Buna görə, məhsulun yerli bazara verilməsi azalıb və qiymətlər bahalaşıb. İxracatla bağlı statistikalar da bu məsələni təsdiqləyir.

Meyvənin qiymətinin bahalaşması ilə əlaqədar ikinci səbəb isə idxal olunan meyvələrin qiymətləridir. İdxal baha başa gəldiyinə görə, istehlakçı da məhsulu baha almaq məcburiyyətində qalır. Misal üçün hər bir kiloqramı 40-50 min real olan bananın qiyməti 110 min realı (4,45 azn) keçib.

Gömrük statistikaları ölkəyə idxal olunan meyvələrin həcminin azaldığını əks etdirir.

Qeyd edək ki, hazırda İran Mərkəzi Bankı dolların qiymətini 42.000 rial (1,70 azn) elan etsə də, qara bazarda dolların qiyməti 140.000-145.000 rial (5.66-6.07 azn) arasında dəyişir.