Dərslik müəllliflərindən TQDK-ya qarşı sərt ittiham
19 Aprel 2013 17:02 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi
monitorinqin nəticəsində istifadəsi məqsədəuyğun hesab edilməyən 4
orta məktəb dərsliyinin müəllifləri TQDK-nın ekspertlərini
savadsızlıqda ittiham ediblər. Movqe.az-a danışan dərslik
müəllifləri bildiriblər ki, dərsliklərlə bağlı keçirilən
seminarlarda TQDK-nın ekspertləri iradlarının əsassız olduğu ilə
razılaşıblar.
II sinif "Azərbaycan-dili" dərsliyinin müəllifi Rafiq İsmayılov
iddia edir ki, dərsliklər barədə iradlar rəy yazmaq xatirinə
yazılır: "Hələ seminarlarda da TQDK-nın ekspertləri bu dərsliklə
bağlı öz tənqidi iradlarını səsləndirmişdilər. O zaman mən onlara
hansı iradın səhv, hansının düz olduğunu başa saldım. Elə onlar
özləri də səhvlərini qəbul edib mənimlə razılaşdılar. Belə olan
halda təzədən həmin iradı rəy kimi yazıb göndərmək kimə lazımdır
başa düşə bilmirəm. Belə çıxır ki, bu dərsliklərin monitorinqi
təhsil məsələsindən siyasi məcraya yönəlib. Belə çıxır ki, söhbət
dərsliklərin monitorinqindən yox, iki qurum arasında
səlahiyyətlərin biri-birinin əlindən alınmasından gedir. Bu
davanın qurbanları isə dərslik müəllifləri və dərsliklər olur. Mən
çox təəssüf edirəm ki, TQDK-nın dərsliklərin monitorinqini aparan
ekspertlərinin çoxu kirrikulumun məzmun standartlarını bilməyən
qeyri-peşəkar müəllimlərdir. Biz o rəylərə münasibətimizi
bildirəcəyik".
lər üzrə "Azərbaycan dili", "Riyaziyyat", "Həyat bilgisi" və
"İngilis dili" dərsliklərinin müəllifləri
II sinif "Riyaziyyat" dərsliyinin müəllifi Nayma Qəhrəmanova da
hesab edir ki, TQDK-nın ekspertlərinin rəyləri əsassızdır:
"İradlar subyektivdir. Ola bilər ki, onlar bu məsələyə belə
yanaşırlar, mən isə müəllif kimi başqa cür. Yəni hər iki yanaşma da
mümkündür. Bunu səhf tutmaq gülüncdür".
II sinif "Həyat Bilgisi" dərsliyinin müəllifi Gülər Mehdiyeva isə
deyir ki, hələki rəylərlə tanış olmasa da, seminarlarda bu
dərsliklə bağlı iradlara cavab verib: "Mən iradlara cavab verib
fikrimi əsaslandırmışam. Seminarda iştirak edən ekspertlər də
bununla razılaşıblar. İndi təzədən nəsə yazıb göndəriblərsə, yazılı
cavab verməyə hazıram".
Təhsil Nazirliyinin Dərslik və Nəşriyyat şöbəsinin müdiri
Faiq Şahbazlı rəylərə baxdıqdan sonra cavab verəcəyini söylədi.
Dərslik müəlliflərinin səsləndirdi fikrə isə TQDK-nın mətbuat
xidmətinin rəhbəri Elnur Nağızadə cavab olaraq bildirdi ki,
II sinifləri üzrə dərsliklərin elmi metodiki monitorinqi başa çatıb
və nəticələr Təhsil Nazirliyinə təqdim olunub. Nazirlik cavab rəyi
hazırladıqdan sonra bu barədə ictimaiyyətə açıqlama
veriləcək.
Qeyd edək ki, rəyə əsasən, istifadəsinə icazə verilən dərsliklərin
rəydə göstərilən irad və təkliflər nəzərə alınmaqla yeni
standartlara uyğun hazırlanması tövsiyə edilib: "II sinif üzrə
bütün dərsliklər 2008-ci ilin standartlarına uyğun olaraq
hazırlanıb. Lakin bəzi fənlər üzrə 2012-ci ildə yeni standartlar
qəbul edilib. Həmin dərsliklərin bu standartlara uyğunlaşdırılması
tövsiyə olunub".