“Star” Azərbaycan və Türkiyənin mövqelərini daha güclü hala gətirir

23 Oktyabr 2018 09:00 (UTC+04:00)

Xəbər verildiyi kimi, Türkiyənin İzmir şəhərinin Aliağa rayonunda “Star” neft emalı zavodunun açılış mərasimi olub. Açılış mərasimində Azərbayca Prezidenti İlham Əliyev də iştirak edib. 

Həmçinin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə “Star” neft emalı zavodu 
qardaş ölkənin xüsusi sənaye zonası elan edilib. 
Türkiyə iqtisadçılarının verdiyi məlumata görə, bu zavodun fəaliyyətə başlaması və onun emal edəcəyi dizel, təyyarə yanacağı, kerosin, LPG və petrokok məhsullar ölkənin xarici ticarət üzrə kəsirinin  1,5 milyard dollara qədər azalmasına gətirib çıxaracaq.
İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, “Star” layihəsi Azərbaycanla Türkiyə arasında iqtisadi və siyasi əlaqələrin daha da yüksəlməsinə rəvac verəcək: “Əslində, “Star” neft emalı zavodu SOCAR-ın Türkiyədə həyata keçirdiyi ən böyük yatırımlardan biridir. İkinci hissəsinin 2024-cü ildə istifadəyə verilməsilə orada 19 milyard dollarlıq yatırım olacaq. Belədə Türkiyə ərazisində ən böyük yatırımçı investor Azərbaycan və onun SOCAR şirkəti olacaq. 
Bu layihə iki ölkə arasında iqtisadi və siyasi əlaqələrin daha da dərinləşməsi, bu sahədə daha sıx mövqe bildirməyə kifayət qədər töhfə verəcək mühüm bir layihədir. Həmçinin kommersiya nöqteyi-nəzərdən kifayət qədər rentabelli layihə hesab olunur.
Türkiyə bazarı 80 milyonluq böyük və neft məhsullarının ən baha olduğu bazarlardan biridir. Benzin və neftdən alınan məhsulların bazara çıxarılması ilə təbii ki, çox gəlirli və rentabelli biznes layihəsinə çevriləcək. Türkiyə hökumətinin etiraf etdiyinə görə, həmin layihə qardaş ölkənin ticarətində mənfi saldonun aradan qaldırılmasında da kifayət qədər yardımçı  olacaq. Bu zavodun fəaliyyəti təxminən hər il 1,5 milyard dollar həmcində Türkiyə üçün ticarətdə mənfi saldonun azalması demək olacaq. Bu da Türkiyə üçün mühüm bir problemin həllində yaxşı göstərici sayılır. 
Türkiyənin coğrafi mövqeyindən istifadə edərək, gələcəkdə həmin zavodun istehsal etdiyi məhsulların ətraf ölkələrə ixracı da mümkündür. Bu isə əlavə gəlir mənbələrinin yaranmasına səbəb olacaq. Bundan sonrakı hədəf «Star» zavodunun daha keyfiyyətli məhsullarla bazara çıxmasını və daha şəffaf çalışmasını təmin etməkdən ibarətdir. Habelə əlavə gəlir mənbəyi olaraq SOCAR-ın dövlət büdcəsinə ödədiyi gəlirlərin daha da artımına çalışmaq lazımdır. Çünki həmin layihə SOCAR-ın əlavə gəlir mənbəyi əldə etməsi üçün kifayət qədər perspektivli investisiyadır. SOCAR-ın bu layihədən rəqəmsal olaraq nə qədər gəlir götürə biləcəyini hesablamaq çətindir. Çünki indilikdə istehsalın həcmilə bağlı bir söz söyləmək olmur. İstehsal həcmi artdıqca təbii ki, gəlrlərin həcmi də artacaq. Nəticədə həmin layihədən SOCAR-ın xalis gəlirlərinin 100 milyonlarla ölçülməsi ehtimalı böyükdür. Zavodun 2024-cü ildə daha da böyüyəcəyini, istehsal həcminin isə iki dəfə artacağı proqnozunu nəzərə alsaq, həmin dövrdən sonra SOCAR-ın xalis gəlirlərinin 1 
milyard dollarla ölçüləcəyi ehtimalı da istisna edilmir. Bu, neftin emalının həcmi, satış bazarının çoxçeşidliyi və gəlirliyindən asılı olacaq. Bütün hallarda həmin layihənin  kifayət qədər rentabelli olacağı şübhə doğurmur. Azərbaycanda da əslində, belə bir zavodun olmasına ehtiyac vardır. Düzdür, Azərbaycan bazarı ilə Türkiyə bazarı arasında kifayət qədər fərq var. Azərbaycan bazarı daha kiçikdir və Türkiyədə olan qədər gəlirlilik səviyyəsi yoxdur. Azərbaycanda yanacağın qiyməti dövlət tərəfindən tənzimlənir. Ona görə də onu çox baha satmaq da mümkün deyil. Türkiyədə isə prosesi bazar tənzimləyir və yanacağın satış qiyməti kifayət qədər bahadır. Həmçinin, dediyim kimi burada satış həcmi də böyükdür. Bununla belə ölkəmizdə də Avropa standartlarına cavab verən keyfiyyətli yanacaq verəcək kiçik bir zavodun qurulmasına da ehtiyac vardır. Ümid edirəm ki, növbəti addım olaraq Azərbaycanda da belə bir zavod qurulacaq. Ən azından daxili tələbatı ödəmək üçün bu lazımdır. İndilikdə isə «Premium» markalı yanacağı xaricdən alırıq. Onun daxili imkanlar hesabına tənzimlənməsi isə həm xaricdən asılılığımızı azaldar, həm də daha keyfiyyətli yerli istehsallı neft məhsullarının bazarda yer tutmasına səbəb ola bilər”. 
Rüfət NADİROĞLU