Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti Aqil Acalovun doğum günüdü

23 Oktyabr 2018 13:00 (UTC+04:00)

Bu gün Avrasiya Kombat Ciu-Citsu Federasiyasına prezidenti Acalov Aqil Şakir oğlunun doğum günüdür. O, 1985-ci ildə Bakıda ziyalı ailəsində dünyaya gəlib. O, 1992-ci ildə paytaxtın Binəqədi rayonundakı 3 saylı orta məktəbin 1-ci sinfinə qəbul edilib. 2003-cü ildə məktəbi bitirərək Dövlət İqtisad Universitetinin İqtisadiyyatın Dövlət Tənzimlənməsi fakültəsinə daxil olub. 2007-ci ildə ali məktəbi «Əməyin iqtisadiyyatı və sosiologiyasi» ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Təhsilini davam etdirməkdə israrlı olan Aqil Acalov həmin ildə elə Dövlət İqtisad Universitetinin «Təbiətdən istifadənin iqtisadiyyatı» fakültəsinin magistraturasına daxil olur. 2009-cu ildə buranı da fərqlənmə diplomu ilə başa vurur. 2 il sonra iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Dövlət Kooperasiya Universitetinin doktoranturasında təhsilini davam etdirir. O, 2015-ci ildə bu istəyinə nail olur. «İnnovasiya amilinin müəssisələrin səmərəli inkişafına təsiri istiqamətləri» mövzusunda elmi işini müdafiə edərək iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alır. Ölkəmizdə və onun hüdudlarından kənarda bir sıra elmi məqalələrin müəllifidir. Aqil Acalov ictimai fəaliyyəti ilə də fərqlənir. 2004-2005-ci illərdə Xarici Ölkələrdə Yaşayan Azərbaycan Gəncləri üzrə Həmrəylik Assosiasiyasının koordinasiya şurasının sədri, 2005-2014-cü illərdə Azərbaycan-Gürcüstan Gənclərinin Həmrəylik Assosiasiyasının sədri, 2007-ci ildə Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının sədr müavini, 2009-cu ildə isə sədri vəzifəsinə seçilib. 2013-cü ildə İlhamla «Gələcəyə Baxış» İctimai hərəkatının təsisçilərindən biri, eyni zamanda həmsədri olub.
Aqil Acalov idman sahəsində də sözünü deməyi bacarıb. 2011-ci ildə milli döyüş sənəti Azərbaycan «Alpaqut» Federasiyasının 1-ci vitse-prezidenti, 2014-ci ildən 2018-ci ilə qədər isə prezidenti vəzifəsini icra edib. Eyni zamanda «Dünya Alpaqut Federasiyası»nın (dünya türklərinin döyüş sənətlərini bir arada birləşdirən beynalxaq təşkilat) təsisçilərindən biri və idarə heyətinin üzvüdür. 2018-ci ildə ölkələrin səsverməsi yolu ilə Avrasiya Kombat Ciu-Citsu Federasiyasına prezident təyin olunub. Təyin olunduqda sonra bir sıra ölkədaxili və beynəlxalq idman yarışlarının təşkilatçısıdır. Şərq əlbəyaxa döyüş növləri üzrə idman ustasıdır. 3 san qara kəmərin sahibidir. 2007-2010-cu illədə «EQ» MMC-də direktor müavini vəzifəsində çalışıb. 2010-cu ildən Prezident Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Mühasibat və Təsərrüfat sektorunda mütəxəssis vəzifəsində işləyib. Hazırda Maliyyə Nazirliyi, Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinin Büdcə sektorunda baş məsləhətçi vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Mübariz Bayramov