Bakıda alimlərin Forumu keçiriləcək
21 Aprel 2013 12:18 (UTC+04:00)
Mayın 20-dən 25-dək Bakı şəhərində Avropa gənc alimlərinin I
beynəlxalq forumu keçiriləcək. Forum Gənclər və İdman Nazirliyinin
(GİN), Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı
və Avropa Gənc Alimlər Şurasının (EURODOC) dəstəyi ilə təşkil
olunacaq. Forumun əsas məqsədi Avropanın gənc alimləri arasında
səmərəli əməkdaşlıq münasibətlərinin qurulması, qarşılıqlı və birgə
elmi tədqiqatların aparılması üçün şəraitin yaradılması və
Azərbaycan alimlərinin Avropa elmi mühitinə inteqrasiyasının
intensivləşdirilməsidir. Nazirlikdən ANS PRESS-ə verilən məlumata
görə, forum çərçivəsində tədbirin rəsmi açılış mərasimi, "Kəsişən
maraqlar: Avropalı gənc alimlərin yeni elmi istiqamətlərinin nəzəri
əsasları - yanaşmalar, nəticələr" mövzusunda plenar sessiya, eləcə
də aşağıdakı mövzuları əhatə edən paralel sessiyalar
keçiriləcək:
•İqtisadiyyat və sosiologiya: Elmin iqtisadi inkişafı, problemlər
və yeni metodlar, alimlərin biznes və iqtisadi strukturlarla
əməkdaşlığı və inteqrasiya.
• Texniki elmlər: texnika, nano texnologiyalar, İKT sahəsində yeni
işlər.
•Tibb, Biologiya və Kimya: Biologiya, kimya və tibb sahəsində
Avropa gənc alimlərinin elmi nəticələri.
•Yer elmləri və Ekologiya: yer elmləri sahəsində Avropa alimlərinin
əldə etdikləri nəticələr; biomüxtəliflik, torpağın çirklənmə və
deqrodasiyadan qorunması, suyun vəziyyəti.
•Tarix, fəlsəfə, mədəniyyət: Avropa gənc alimlərinin humanitar
sferada əməkdaşlığı.
Foruma Avropa Gənc Alimlər Şurası - EURODOC-a üzv olan Avropanın 35
ölkəsindən və 2 müşahidəçi ölkədən ümumilikdə 200-dək gənc alim
qatılacaq. Eyni zamanda tədbirdə Avropanın tanınmış alim və
professorlarının da ekspert qismində iştirak edəcəyi nəzərdə
tutulub.
Forumda iştirak etmək istəyən azərbaycanlı iştirakçılar - gənc alim
və tədqiqatçılar yuxarıda qeyd olunmuş mövzulara uyğun tezisləri
(azərbaycan və ingilis dillərində, 3 səhifədən çox olmamaq şərti
ilə) [email protected] elektron ünvanına göndərməklə
qeydiyyatdan keçməlidirlər. Azərbaycanlı iştirakçıların qeydiyyatı
5 may 2013-cü il tarixədək davam edəcək.
Qeyd edək ki, forumda iştirakçı qismində yalnız 42 yaşa qədər alim
və tədqiqatçılar iştirak edə bilər.