İmmunlaşdırma Həftəsi başladı

22 Aprel 2013 15:36 (UTC+04:00)

Bu gündən Azərbaycanda növbəti İmmunlaşdırma Həftəsinin həyata keçirilməsinə başlanılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, 22-27 aprel tarixlərində keçiriləcək İmmunlaşdırma həftəsi Bakını və ölkənin bütün bölgələrini əhatə edəcək. 2007-ci ildən etibarən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun İmmunlaşdırma Həftəsinin keçirməsi təşəbbüsündə iştirak edir. Azərbaycanda 2013-cü ildən həyata keçirilən İmmunlaşdırma Həftəsinin əsas məqsədləri planlı immunlaşdırma əhatəsinin yerlərdə yüksəldilməsi üçün əhalinin məlumatlandırılma səviyyəsinin artırılması, pnevmokok əleyhinə vaksinlərin immunlaşdırma proqramında tətbiqi ilə bu infeksiya tərəfindən törədilən uşaq ölümünün və xəstələnmə səviyyəsinin azaldılması, qızılca, məxmərək xəstəliklərinin eliminasiyası naminə nəzarətin gücləndirilməsi və qızılca, məxmərək, parotitə qarşı peyvəndlə əhatə səviyyəsinin yüksəldilməsidir. İmmunlaşdırma Həftəsi ərzində planlı immunlaşdırmadan hər hansı bir səbəbdən kənarda qalan uşaqların milli peyvənd təqviminə uyğun peyvəndlərlə əhatə olunmasını hər bir ərazi tibb müəssisə tərəfindən təmin ediləcək. İmmunlaşdırma Həftəsi çərçivəsində Azərbaycanda bir sıra tədbirlər keçiriləcək. Aprelin 23-də Elmi-Tədqiqat Pediatriya İnstitutunda pnevmokok infeksiyasına qarşı peyvəndin Azərbaycan Respublikasının İmmunlaşdırma Proqramında tətbiqinin hazırlığına həsr olunmuş konfrans keçiriləcək. Tədbirdə (ÜST) Avropa Regional Bürosunun vaksinlə qarşısı alınan xəstəliklər və immunlaşdırma proqramının eksperti Lyudmila Mosina da iştirak edəcəkdir. Qeyd edək ki, 2013-cü ildə Avropa İmmunlaşdırma Həftəsi təşəbbüsünə ÜST-nın Avropa Regionunun üzvü olan bütün 53 dövlət qoşulub.