Münaqişə Azərbaycan iqtisadiyyatına 60 milyard ABŞ dolları həcmində ziyan vurub

7 Mart 2012 14:13 (UTC+04:00)

Dünən Belçika Federal Parlamentinin "Konqres" zalında "İşğal olunmuş ərazilər, unudulmuş ərazilər - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi və humanitar aspektləri" mövzusunda müzakirələr keçirilib. APA-nın məlumatına görə, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elxan Süleymanovun təşkilatçılığı ilə keçirilən bu müzakirələrdə Belçikada səfərdə olan baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, beynəlxalq hüquq üzrə doktor Fuad Süleymanov, tarix elmləri doktoru Məhərrəm Zülfüqarlı, Avropada Strateji Araşdırmalar və Təhlükəsizlik Mərkəzinin direktoru Klod Moniket (Claude Moniquet) və "Sərhədsiz vəkillər" təşkilatının təsisçisi Pyer Legros iştirak ediblər.

Tədbiri Belçika Krallığının millət vəkili, Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Filip Blanşar açıb. Sonra "Euronews" kanalının 2011-ci ildə hazırladığı "Dağlıq Qarabağ: qaçqınları ziyarət" adlı video reportajı nümayiş etdirilib.

Tədbirdə Azərbaycan baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edərək qeyd edib ki, münaqişə Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi, 1 milyon Azərbaycan vətəndaşının öz daimi yaşayış yerlərindən qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olub. Hərbi əməliyyatlar nəticəsində on minlərlə insan, o cümlədən mülki şəxslər, qadınlar, uşaqlar və qocalar həlak olub. Münaqişə Azərbaycan iqtisadiyyatına 60 milyard ABŞ dolları həcmində ziyan vurub.

Ə.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsinin SSRİ-nin süqutu kontekstində 80-ci illərin sonlarından başladığını qeyd edərək, 1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Sovetinin erməni deputatlarının vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistan SSR-in tərkibinə daxil olması ilə bağlı müraciəti, Ermənistan və Dağlıq Qarabağda yaşayan azərbaycanlı dinc əhaliyə qarşı zorakılıq, terror aktları təşkil etməklə onların öz yaşayış yerlərindən qovulması və 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki Xocalı şəhərində azərbaycanlılara və Ahıska türklərinə qarşı törətdikləri soyqırım cinayəti barədə geniş məlumat verib.