Fransanın Minsk Qrupundan çıxarılması artıq zərurətə çevrilir

16 Noyabr 2018 07:00 (UTC+04:00)

Bu günlərdə Qarabağ separatçılarının lideri Bako Saakyan işgüzar səfərlə Parisə yola düşüb. Z üdə hansısa maneə qarşılaşmadan Fransaya daxil olub. Halbuki, Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi nəticəsində yaranmış qondarma, separatçı “Dağlıq Qarabağ” rejiminin mövcudluğu da faktiki olaraq beynəlxalq hüquq normalarının, eləcə də ərazi bütövlüyünün pozulması və suverenlik prinsipinin heçə sayılmasının bariz nümunəsidir. Beynəlxalq ictimaiyyət anlamalıdır ki, dünya birliyini təhdid edən yeni münaqişə ocaqlarının yaranmasının qarşısını almağın yeganə yolu beynəlxalq hüququn təməl prinsipi olan dövlətlərin ərazi bütövlüyünün qeyd-şərtsiz dəstəklənməsidir.

Azərbaycan ərazisinin 20 faizini işğal edən və hələ də işğal altında saxlayan Ermənistan tərəfindən azərbaycanlılara qarşı kütləvi etnik təmizləmənin həyata keçirilməsi, xalqımızın terror və cinayətlərə məruz qalması reallıqdır. Bu vandalizm aktlarının nəticələri bütün dünyaya, o cümlədən Fransa ictimaiyyətinə də yaxşı məlumdur. Bu tarixi faktların fonunda Fransanın bəzi yerli özünüidarəetmə orqanlarının rəhbərlərinin bu günlərdə  Azərbaycanın işğal olunmuş ərazilərinə təxribat xarakterli səfərlər etməsi, Bako Saakyanın Fransaya gəlişiən imkan verilməsi qəbul edilməzdir. Fransa Ermənistanın hərbi təcavüzü nəticəsində meydana çıxan, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğal edilməsi nəticəsində yaranan, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olmasına səbəb olan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biridir. Bu dövlət ATƏT-in Minsk Qrupu çərçivəsində öz mandatına uyğun olaraq tərəfsiz və obyektiv mövqe tutmalı, münaqişənin beynəlxalq hüquq normaları əsasında, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə nail olmaq üçün fəaliyyət göstərməlidir. Bu fəaliyyət çərçivəsində işğal faktının aradan qaldırılmasına mane olan təxribatçı və separatçı hərəkətlərin qarşısının alınmasına da xüsusi diqqət yetirməlidir. Lakin təəssüflər olsun ki, Fransa buna getmir. - Fransa ənənəvi olaraq ermənipərəst siyasət yürüdür. Fransanın Prezidenti Emmanuel Makron Frankafoniya sammitində iştirak üçün oktyabr ayında Ermənistana üç günlük səfər etsə də, tarazlığı qorumaq üçün Azərbaycana səfər etmədi. Məsələn, Rusiya rəhbərliyi həssaslığı nəzərə alaraq, tarazlı münasibəti təmin edir. Bu günlərdə regiona səfər edən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da tarazlı münasibət nümayiş etdirdi və münaqişənin həlli ilə əlaqədar obyektiv və ədalətli açıqlamalarla çıxış etdi.

Amma Fransa fərqli mövqe sərgiləyir.

Qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyan davamlı olaraq Fransaya səfər edir. Fransa hökuməti tərəfindən bu kimi qanunsuz səfərlərin qarşısının alınması üçün heç bir tədbir görülmür. Azərbaycan vətəndaşları Fransa səfirliyində viza almaq üçün süründürməçilik və bürokratik problemlərlə üzləşdiyi halda, saxta pasport məlumatları ilə Bako Saakyan və digərləri Fransa ərazisinə asanlıqla daxil olurlar. Qanuni əsaslarla Fransaya səfər edən Azərbaycan vətəndaşları Fransanın sərhəd-keçid məntəqələrində əsassız sorğu-suallarla qarşılaşırlar. Fransa Xarici İşlər Nazirliyi tərəfindən qondarma rejimin tanınmaması barəsində açıqlama verilsə də, bu, qənaətbəxş xarakter daşımır. Fransa nəinki bu qondarma rejimi tanımamalı, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməlidir. Çünki bu ölkəyə də yaxşı məlumdur ki, Ermənistanın hələ də Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlaması beynəlxalq hüquq normalarının, BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə ziddir, işğalçı qoşunlar dərhal və qeyd-şərtsiz Azərbaycanın torpaqlarından çıxarılmalıdır. İndiik halad Fransa açıq-aşkar ikili standartlara əsaslanan siyasət yürüdür. Baxmayaraq ki, Cənubi Osetiya, Abxaziya, Transdnestria və Krımdan olan şəxslərin Fransanın ərazisinə daxil olmasına icazə verilmir. Yeni Koledoniyada keçirilmiş referendumdan sonra Fransa Prezidenti çıxış edərək müstəmləkə ərazisi olan Kaledoniyanın Fransanın tərkibində qalmasına görə fəxr etdiyini bildirdiyi, Fransa hökuməti Korsikada separatizmə qarşı sərt və kəskin siyasət apardığı halda, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına xidmət edən hallara göz yumur.

Fransanın qərəzli və qeyri-obyektiv tərəf olduğunu nəzərə alaraq, Fransa Minsk Qrupunun həmsədrliyindən çıxarılmalıdır. ATƏT-in Minsk Qrupunun həmsədrlik institutu yaradılan zaman Azərbaycan qəti şəkildə Fransanın həmsədr olmasına etiraz edirdi. O zaman Fransa qərəzsiz və tarazlı siyasət yürüdəcəyinə öhdəlik götürmüşdü. Lakin buna indi qətiyyən əməl olunmur. Azərbaycan dövlətinin daxili və xarici siyasət kursu milli maraqlara əsaslanır. Eyni zamanda, respublikamız ikitərəfli və çoxtərəfli münasibətlər çərçivəsində öz milli maraqlarını rəhbər tutmaqla yanaşı, digər dövlətlərin mənafelərini nəzərə alır, bərabərhüquqlu əməkdaşlıq münasibətlərinin qarşılıqlı hörmət prinsipi əsasında davam və inkişaf etdirilməsinin tərəfdarı olduğunu nümayiş etdirir. Azərbaycan digər ölkələrlə olduğu kimi, Fransa ilə münasibətlərdə də bu prinsipləri əsas götürür. Fransa da Azərbaycanın milli və dövlətçilik maraqlarını nəzərə almaqla müəyyən məsələlərlə bağlı müvafiq addımlar atmalıdır. Lakin buna gedilməməsi qarşılıqı əlaqələrə böyük zərər vurur. Bəhs olunan məqamlarla yanaşı, digər bir nüansa da toxunmaq məqsədəmüvafiqdir. Məlumdur ki, Fransa şirkətləri Azərbaycanda dövlət sifarişi ilə həyata keçirilən çoxsaylı layihələrdə iştirak edirlər. Bu layihələrin dəyəri təqribən 2 milyard avroya yaxındır. Bu sırada “Suez”, “Total”, “Thales International” və digərlərini qeyd edə bilərik. Belə layihələrin həyata keçirilməsi, şübhəsiz ki, Fransanın iqtisadi maraqlarına uyğundur və bu ölkənin əhəmiyyətli gəlir əldə etməsinə imkanlar yaradıb. Şübhəsiz ki, bunun müqabilində Fransanın ikitərəfli əməkdaşlıq, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi kontekstində tutduğu mövqe məqbul deyil. 

«Mövqe»