İdxal edilən kartofun yaratdığı böyük təhdid
23 Aprel 2013 08:54 (UTC+04:00)
Hazırda zəruri tələbatı ödəmək üçün istifadə etdiyimiz qida
məhsullarının müəyyən hissəsi xaricdən idxal olunur. Bunların
sırasında kartofu da göstərmək olar ki, bu gün daxili bazarımızda
Türkiyə, İran, Pakistan, Rusiya və digər ölkələrdən gətirilən
kartoflar üstünlük təşkil edir.
Amma vaxtaşırı idxal olunmuş kartofun keyfiyyəti məsələsi gündəmə
gəlir. Yəni, onun GMO olub - olmaması, tərkibindəki gübrə və digər
qatışıqların insan səhhəti üçün zərəri həmişə xüsusi diqqət
mərkəzindədir. Çünki bunlar öz növbəsində müxtəlif xəstəliklərə
vəsilə ola bilirlər.
"Belə hallar keçən il olsa da, hələlik bu il
baş verməyib"
Məsələyə münasibət bildirən Kənd təsərrüfatı Nazirliyi yanında
Dövlət Fitosanitar Xidməti Respublika Nəzarət Toksikologiya
Laboratoriyasının müdiri Yaqub İbrahimov qeyd etdi ki, biz, ölkəyə
daxil olan kartofun tərkibindəki kimyəvi, zəhərli maddələri yox,
onlara verilən gübrənin, xüsusən də nitratın miqdarını yoxlayırıq:
"Əgər nitrat yuxarı miqdarda olarsa, onun yandırılması üçün müvafiq
orqanlara xəbər veririk. Ancaq xeyli müəddətdir ki, nə İrandan, nə
də Türkiyədən gələn kartofun tərkibindəki nitratın miqdarının
yüksək olması faktı aşkar edilməyib. Belə hallar keçən il olsa da,
hələlik bu il baş verməyib".
Yaqub İbrahimovun sözlərinə görə, onun yoxlanılması gömrükdə də ola
bilər: "Ölkəyə daxil olandan sonra isə bizdə yoxlanılır. Bizim
xidmətin müfəttişləri tərəfindən onlardan nümunələr götürülür. Əgər
nitritin həddi yuxarı səviyyədə alınırsa, xidmətin rəisinə,
nazirliyə xəbər verilir".
"Çəkisi böyük olan kartoflar yemək üçün yararlı
deyil"
Amma Azad İstehlak Birliyinin sədri Eyyub Hüseynov başqa
fikirdədir: "Bizdə rəsmi məlumatlar var ki, İranda genetik
modifikasiya olunmuş (GMO) məhsullar yetişdirilir. Yəni, heyvan
genlərinin bitkiyə köçürülməsi baş verir. Amma buna baxmayaraq,
İrandan Azərbaycana külli miqdarda kartof gətrilir. Həddindən artıq
böyük kartoflar GMO, ya da külli miqdarda pessitlər, nitritlər
qəbul etmiş kartoflardır. Ümumiyyətlə, istehlakçılar bilməlidirlər
ki, çəkisi böyük olan kartoflar yemək üçün yararlı deyil. Ancaq nə
qədər müstəqil laboratariya, ekspertiza yoxdursa, vəziyyət
yaxşılaşmayacaq".
Sədr onu əlavə etdi ki, bunun qarşısını almaq üçün yerli istehsalın
səviyyəsini artırmaq lazımdır: "Yerli istehsal hər cəhətdən
üstündür. Çünki, yerli istehsalda orqanik gübrələrdən istifadə
olunur. AİB yaxın zamanlarda yerli mallara, kənd təsərrüfatı
istehsal edən müəssisələrə qızıl, gümüş və platin keyfiyyət mal
nişanı verəcək. Bununla bağlı ABŞ İnkişaf Agentliyi bizimlə iş
aparır. Təbliği də aparılacaq ki, yerli mallar alınsın. Çünki,
Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq
ərəfəsindədir. Azərbaycan bu vəziyyətdə daxil olsa, yerli istehsal,
orta, kiçik biznes və o cümlədən kənd təsərrüfatı zəifləyəcək".
"İdxal olunan kartoflar əsasən texniki sortlardır"
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə,
kartof istehsalında 4 növ kartof var: "Ərzaq, heyvandarlıqda,
istifadə edilən, texniki və universal sort. Texniki sortdan spirt
alınmasında, plastmas əşyaların istehsalı üçün xammal kimi istifadə
olunur. Universal sort isə həm heyvandarlıqda, həm də ərzaqda
istifadə edilə bilər. Əgər universal kartof heyvandarlıqda istifadə
olunarsa, ona kalium gübrəsi daha çox verilir. Texnoloji baxımından
fərqli olduğu üçün aqrotexniki qulluq qaydaları da fərqlidir.
İranda, Türkiyədən gələn kartoflar əsasən texniki sortlardır. Bu,
xarici görünüşündən də hiss olunur. Hətta bəziləri də
heyvandarlıqda istehsal olunan kartoflardır ki, onların dəyəri çox
ucuzdur. Məsələn, 2011 - ci ildə Rusiyadan Azərbaycana idxal olunan
kartofun idxal dəyəri 1 kq üçün 2.5 qəpik olub. Bu dəyər ona görə
ucuz olub ki, Rusiyada məhsuldarlıq bir hektarda 100 tona qədər
idi. Görünür ki, gübrələrdən çox istifadə etdikləri üçün o qədər
məhsul əldə edə biliblər. Kartof da xüsusən kalium gübrəsini çox
sevir. Bunun da hər bir sort üçün öz norması var. Kalium gübrəsi
ərzaq üçün istifadə edilən kartofa az vurulur. Bu baxımdan xaricdən
gələn kartofun xarici görünüşü onu deməyə əsas verir ki, həmin
məhsul yetişdirilən zaman gübrələrdən daha çox istifadə olunub.
Xüsusən də kalium gübrəsindən. Bu da normadan artıq olduğu üçün
insan orqanizmində fəsad yaradır. Digər bir maddə də solonindir.
Solonin orqanizm üçün olduqca zərərli maddədir. İstehsalçı eyni
anda həmin kartofdan çox istifadə edərsə, ölüm həddinə qədər çata
bilər".
Ekspertin sözlərinə görə, adi insan üçün kartofun tərkibindəki
nitratın miqdarını təyin etmək çətindir: "Amma ilkin olaraq xarici
görünüşünə baxıb, onun keyfiyyətini yumruların həcmi ilə müəyyən
etmək olur. Əgər yumruların həcmi həddindən artıq böyükdürsə,
deməli, qidalanma zamanı ona daha çox mineral gübrə verilib.
İkincisi, ərzaq kartofunun gözcükləri üzdə, texniki sortların
gözcüyü isə dərində olur. Bundan başqa, ərzaq kartofunda
gözcüklərin sayı çoxluq təşkil edir. Bir də ki, əgər kartofun üz
hissəsinin rəngi yaşıllaşıbsa, bu da zərərlidir".