Media nümayəndələrinin Kiprə daha bir uğurlu səfəri başa çatdı

22 Aprel 2013 18:08 (UTC+04:00)
Xəbər verildiyi kimi, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun jurnalistika sahəsində beynəlxalq təcrübənin öyrənilməsi layihəsi çərçivəsində Azərbaycan media nümayəndə heyətinin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri olub. Səfərin ilk günlərində Kiprin prezidenti Dərviş Əroğlu, baş nazir və xarici işlər naziri ilə maraqlı görüşlər barədə məlumat verilmişdi. Nümayəndə heyətinin növbəti görüşü isə "Kıbrıs" Media Qrupunun İdarə Heyətinin sədri Rəşad Akarla keçirilib. Belə bir geniş nümayəndə heyətinin gəlişindən razılığını bildirən Rəşad Akar qeyd etdi ki, ŞKTC-nin ən böyük media qrupu olan "Kıbrıs" Media Qrupunun eyniadlı qəzeti, televiziyası və radiosu var. Bundan başqa qrupun "Cyprus Today" adı ilə həftədə iki dəfə olmaqla ingilis dilində qəzeti də nəşr olunur. "Kıbrıs" qəzetinin tirajı 13 minə çatır ki, bu da ŞKTC-nin ən böyük tirajlı qəzeti deməkdir. Qəzetin reklam gəliri ayda 1 milyon türk lirəsinə çatır. Görüşə görə təşəkkür edən Fondun icraçı direktoru Vüqar Səfərli bildirdi ki, beynəlxalq təcrübənin öyrənilməsi Azərbaycan mətbuatı üçün mühüm əhəmiyyət kəsb edir: "Sizin reklam sahəsindəki təcrübəniz bizim üçün də maraqlı ola bilər. Biz artıq bu sahədə Türkiyə təcrübəsini öyrənmişik və bunu Azərbaycanda tətbiq etmək fikrimiz var". Görüşdə gələcəkdə əlaqələrin daha da möhkəmləndirilməsi qərara alındı.
Daha bir görüş Kıbrıs Türk Qəzetçilər Birliyinin üzvləri ilə baş tutdu. Birliyin rəhbəri Hüseyn Güvən qurumun yaranma tarixi və fəaliyyəti haqqında danışdı. Hələ də Azərbaycanın müvafiq qurumları ilə əlaqələrinin kifayət qədər olmamasından təəssüfləndiyini vurğuladı: "Bizim təşkilatın 300 nəfərə yaxın üzvü üçün sizin gəlişiniz çox xoş oldu. Ümid edirik ki, bundan sonra əməkdaşlığımız güclənəcək və bir-birimizdən çox şey öyrənəcəyik".
Vüqar Səfərlinin Fondun fəaliyyəti haqqında, xüsusilə də jurnalistlərə və qəzetlərə dövlət dəstəyi layihələri barədə geniş məlumatı kiprli həmkarların yaxşı mənada böyük təəccübünə və heyrətinə səbəb oldu. Fond rəhbəri bildirdi: "Fond Azərbaycanda söz və fikir azadlığına dəstək vermək üçün yaradılıb. Azərbaycan Prezidenti hər il bizim fonda kifayət qədər vəsait ayırır və bu vəsait jurnalistlərin sosial vəziyyətinin daha da yaxşılaşmasında mühüm rol oynayır. Prezident jurnalistlər üçün mənzil tikintisinə də vəsait ayırıb, artıq binanın tikintisi başa çatıb və bir neçə aydan sonra 156 mənzil jurnalistlərin istifadəsinə veriləcək".
Görüşdə Mətbuat Şurasının sədri Əflatun Amaşov və dиgər nümayəndələrdə çıxış edərək rəhbərlik etdikləri qurumlar haqqında kiprli həmkarlarına məlumat verdilər, fikir mübadilələri aparıldı, hər iki tərəfdən meydana çıxan suallara geniş izahlar verildi.
Kipr Türk Qəzetçilər Cəmiyyətinin üzvləri ilə keçirilən görüş də yaddaqalan oldu. Çıxışına "Sevinciniz sevincimiz, kədəriniz kədərimizdir" ifadəsi ilə başlayan qurumun rəhbəri Akay Camal Azərbaycanı çox sevdiklərini, hər il Xocalı faciəsinin ildönümü ilə bağlı böyük tədbir keçirdiklərini dedi: "Azərbaycandan olan Kiprdəki universitet tələbələri də bu tədbirlərdə fəal iştirak edirlər. Sizin gəlişiniz göstərdi ki, bundan sonra əlaqələrimiz daha sıx olacaq".
Azərbaycan nümayəndə heyətinin üzvləri isə ölkəmizdə mətbuatın hazırkı vəziyyəti, inkişaf tendensiyaları, dövlətin bu sahəyə göstərdiyi diqqət, qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verdilər.
Ən maraqlı görüşlərdən biri Birinci Media Qurumunun İdarə Heyətinin rəhbəri Ertan Birinci ilə oldu. Kiprdə ilk özəl televiziya yayımını həyata keçirən bu qurumun nəzdində üç telekanal və iki radio fəaliyyət göstərir. Telekanalların xarici əlaqələri çox güclüdür, hətta Londonda da studiyaları var və oradan verilişlər hazırlanıb yayımlanır. Müzakirələr zamanı telekörpülərin təşkil olunması, qarşılıqlı səfərlər, Azərbaycanın klassik filmlərinin Kipr televiziyalarında nümayiş etdirilməsi, hər iki tərəfdə nümayəndəliklərin yaranması kimi maraqlı təkliflər səsləndi.
Səfər çərçivəsində min nəfərdən artıq azərbaycanlı tələbənin təhsil aldığı Yaxın Doğu Universiteti, Girnə Amerikan Universiteti və Doğu Akdeniz universitetlərinin rəhbərləri ilə də səmərəli görüşlər keçirildi.
Universitet rektorları ilə keçirilən geniş tərkibli görüşlərdə həmin universitetlərin nəzdindəki media quruluşları ilə Azərbaycan mediasının sıx təcrübə mübadiləsi və əməkdaşlığına nail olmaqdan tutmuş orada təhsil alan azərbaycanlı tələbələrin məqbul davranış və təhsil fəaliyyətinə qədər geniş məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Yaxın Doğu, Doğu Akdeniz universiteti rəhbərlərinin Azərbaycan mediasının inkişafı barədə xoş sözləri məmnunluqla qarşılandı.
Azərbaycan Media Qrupunun rəsmi səfəri proqramında Kiprin tarixi, mədəniyyət abidələri ilə tanışlığa da yer ayrılmışdı. Ziyarətlər zamanı qrupu müşayət edən ŞKTC-nin Azərbaycandakı sabiq nümayəndəsi Zəki Qazıoğlu və ŞKTC-nin Xarici İşlər Nazirliyinin nümayəndəsi İbrahim Taksamançı ölkəsinin tarixi, mədəniyyəti, mətbuatı, xalqın öz sərvətlərinə və dəyərlərinə möhkəm bağlılığı barədə geniş məlumatlar verdilər.
KİV DF-nin İcraçı Direktoru Kipr mətbuat orqanlarının böyük marağını nəzərə alaraq bütün görüşlərdə ölkənin media nümayəndələrini Azərəbaycanın mətbuat sahəsində hazırkı dövlət siyasətilə daha yaxından tanış olmaq üçün Azərbaycana səfərə dəvət etdi. Azərbaycanın təcrübəsinə maraqlarını gizlətmiyən Kipr media mənsubları dəvəti qəbul etdiklərini bildirdilər.
Bununla da Azərbaycan nümayəndə heyətinin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri başa çatdı.