Əli Həsənov: “Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair subyektiv mülahizələr və əsassız iddialar qəbuledilməzdir”
23 Aprel 2013 11:00 (UTC+04:00)
Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi
məsələlər şöbəsinin müdiri Əli Həsənovun APA-ya müsahibəsi
- ABŞ Dövlət Departamentinin 2012-ci ildə dünya
ölkələrində insan hüquqlarının vəziyyəti haqqında illik hesabatının
Azərbaycana aid hissəsində ölkəmiz tənqid olunub və bu sahədə
nöqsanların olduğu iddia edilib. Azərbaycan hakimiyyəti hesabatı
necə qiymətləndirir?
- Son illər Azərbaycanın sürətli inkişafı və beynəlxalq nüfuzunun
yüksəlməsi dünyada ölkəmizə diqqətin daha da artmasına səbəb olub.
Azərbaycan beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə ikitərəfli
və çoxtərəfli formatlarda olduqca uğurlu əməkdaşlıq edir, qlobal və
regional siyasətin formalaşmasında, siyasi gündəmin təyin
edilməsində öz fəallığı ilə seçilir. Azərbaycan iqtidarı xalqımızın
maraqlarına əsaslanan tam müstəqil xarici siyasət kursu yeridir və
beynəlxalq aləmdə özünəməxsus mövqeyi ilə seçilir. Prezident cənab
İlham Əliyev dəfələrlə bəyan edib ki, biz beynəlxalq təşkilatlarla
və dünya ölkələri ilə münasibətlərimizi qarşılıqlı hörmət, etimad,
səmərəli əməkdaşlıq prinsipləri üzərində qururuq və xarici
siyasətimizdə bu prinsiplərin yerinə yetirilməsinə çalışırıq.
Bir-birinin daxili işlərinə müdaxilə etməmək ayrı-ayrı ölkələrlə
əməkdaşlığımızın başlıca şərtləri sırasına daxildir. Biz üzv
olduğumuz beynəlxalq təşkilatların haqlı iradlarını həmişə nəzərə
alırıq, göstərilən nöqsanları aradan qaldırmağa çalışırıq. Harada
tənqidlər qərəzli xarakter daşıyır və Azərbaycanın maraqlarına
zərbə vurmaq məqsədi güdürsə, həmin tənqidlərin qəbulolunmazlığı
açıq şəkildə ifadə edilir. Azərbaycan heç bir halda özünün dövlət
və milli maraqlarını ayrı-ayrı beynəlxalq təşkilatların və ya
ölkələrin istək və arzularına qurban vermək niyyətində deyil.
Konkret ABŞ Dövlət Departamentinin hesabatına gəldikdə, onu qeyd
etmək istərdim ki, Amerika Birləşmiş Ştatları bizim strateji
tərəfdaşımızdır. Bu dövlətlə Azərbaycan arasında münasibətlərin üç
əsas istiqaməti var. Bunlar energetika, təhlükəsizlik və
demokratiya məsələləridir. Buna görə də Dövlət Departamentinin
hesabatında Azərbaycanda demokratiya və insan hüquqlarının
vəziyyətinə diqqət yetirilməsinə normal yanaşırıq. Lakin hesabatın
subyektiv xarakteri, informasiya mənbələrinin açıqlanmaması, bəzi
faktların təhrif edilməsi, ən əsası isə bu və ya digər məsələlərə
dair Azərbaycanın rəsmi orqanlarının mövqeyinin öyrənilməməsi
ümumilikdə sənədin obyektivliyini şübhə altına almağa tam əsas
yaradır.
- Hesabatda qeyd edilib ki, Azərbaycanda qanunlar
söz və mətbuat azadlığına təminat versə də, senzura birmənalı
şəkildə qadağan olunsa da, hakimiyyət tez-tez bu tələbləri pozur.
Sənəddə hakimiyyətin söz azadlığını və KİV-lərin müstəqilliyini,
interneti məhdudlaşdırmaqda davam etdiyi, mətbuatın yayımına,
reklam əldə etməsinə əngəllər törətdiyi, jurnalistlərin
hədələndiyi, döyüldüyü və həbs olunduğu iddia edilir. Bu ittihamlar
nə dərəcədə faktlara söykənib?
- Azərbaycanda söz və məlumat azadlığının, KİV-lərin
müstəqilliyinin təmin edilməsi dövlət siyasətinin prioritet
istiqamətlərindən biridir. Azərbaycan Prezidenti hesab edir ki,
azad, plüralist, güclü media olmadan cəmiyyətin demokratik
inkişafını, şəffaflığı təmin etmək mümkün deyil. Bu gün
Azərbaycanda KİV-lərin fəaliyyətini tənzimləyən, bu və ya digər
şəkildə ona aidiyyəti olan qanunların hamısı beynəlxalq
standartlara tam uyğunlaşdırılıb. Azərbaycanda 5000-ə yaxın KİV
uçota götürülüb və ya müvafiq dövlət orqanında qeydiyyatdan keçib,
40-a yaxın gündəlik, 300-dən çox həftəlik və aylıq qəzet, yüzdən
çox jurnal, 55 televiziya və radio kanalı, çoxsaylı internet
resursları fəaliyyət göstərir. Minlərlə jurnalist tam sərbəst
şəkildə Azərbaycanda və dünyada baş verən proseslər, hadisələr
barədə ölkə ictimaiyyətini məlumatlandırır. "İnformasiya əldə etmək
haqqında" Qanun jurnalistlərin dövlət orqanlarından informasiya
əldə etməsinə tam təminat verir. Bu sahədə nöqsanların aradan
qaldırılması üçün ATƏT, Avropa Şurası və digər beynəlxalq və yerli
təşkilatlarla birgə tədbirlər keçirilir, informasiya sahəsində
KİV-lərlə dövlət orqanları arasında əməkdaşlıq gücləndirilir.
Azərbaycan çox nadir ölkələrdəndir ki, mətbuatın inkişafına dövlət
dəstəyi həyata keçirilir, KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu
siyasi mövqeyindən asılı olmayaraq müəyyən texniki şərtlərə uyğun
gələn bütün qəzetlərə yüksək məbləğdə maliyyə vəsaiti ayırır.
Azərbaycan Prezidentinin sərəncamı ilə jurnalistlərin sosial
müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində tədbirlər görülür. Bütün bunlar
Azərbaycanda medianın ümumi mənzərəsini və vəziyyətini aydın
göstərən mühüm şərtlərdir.
Təəssüf ki, hesabatda hər bir ölkə üçün xarakterik olan ayrı-ayrı
mənfi hallar, bir çox hallarda təhrif olunmuş məlumatlar qabardılır
və onların əsasında ümumi qənaət formalaşdırılmasına cəhd edilir.
Məsələn, iddia olunur ki, Azərbaycanda qəzetlərin tirajı nadir
hallarda 5000 nüsxəni keçir. Məsələn, "Yeni Müsavat", "Azərbaycan",
"Zerkalo" və bir sıra digər qəzetlərin gündəlik tirajı 10 mindən
artıqdır. Hesabat müəlliflərinin diqqətinə çatdırmaq istərdim ki,
reklam məsələsində hər hansı ayrı-seçkilik yoxdur və ola da bilməz.
Etiraf edilməlidir ki, Azərbaycanda reklam bazarının məhdudluğu
medianın, xüsusilə mətbuatın inkişafına maneə törədən ciddi
problemdir və biz hazırda bu problemin həlli ilə məşğuluq. Bütün
mətbuat ölkə ərazisində maneəsiz yayılır və qəzetlərə öz mövqeyinə
görə heç bir məhdudiyyət tətbiq olunmur. O ki qaldı jurnalist
təhlükəsizliyi məsələsinə, qeyd etməliyəm ki, konkret hər bir hal
nəzarətə götürülür və əgər zorakılıq və təzyiq faktları təsdiqini
tapırsa, müvafiq tədbirlər həyata keçirilir. Biz bu sahədə ATƏT-in
Media Ofisi ilə yaxından əməkdaşlıq edirik, birgə tədbirlər
keçiririk. Xüsusilə kütləvi tədbirlər zamanı jurnalistlərin
informasiya əldə etmək hüququnun tam reallaşmasına zəruri şərait
yaradılır.
Bildirmək istəyirəm ki, söz və məlumat azadlığı kimi insanların öz
hüquqlarını qanuna uyğun şəkildə müdafiə etmək hüququ da demokratik
inkişafın vacib elementlərindən biridir. 2009-cu ildə Azərbaycan
Prezidentinin tövsiyəsi ilə jurnalistlərin diffamasiya hallarına
görə cinayət məsuliyyətinə cəlb olunmasına moratorium tətbiq
edilib. Vətəndaşlarla KİV-lər arasında mübahisəli məsələlər
inzibati qaydada məhkəmələr vasitəsilə həll olunur. Əgər mətbuat
vətəndaşlar haqqında yalan və böhtan xarakterli məlumatlar yayırsa,
onları şantaj edirsə, məhkəməyə müraciət edərək öz hüququnu qorumaq
hər bir vətəndaşın Konstitusiya ilə təminat verilmiş hüququdur.
Məhkəmələrin belə hallara görə çıxardığı qərarları siyasiləşdirmək
və bunu guya ölkədə müstəqil mediaya qarşı təzyiq vasitəsi kimi
qələmə vermək məsələyə qərəzli yanaşmadan başqa bir şey deyil. Onu
da əlavə etmək istərdim ki, hazırda "Diffamasiya haqqında" qanunun
qəbul olunması ilə bağlı Azərbaycan Avropa Şurasının Venesiya
Komissiyası ilə yaxından əməkdaşlıq edir.
Hesabatda Azərbaycanda internetin vəziyyətinə kölgə salmaq cəhdləri
heç bir halda ciddi qəbul oluna bilməz. Ümumiyyətlə, Azərbaycanda
informasiya-kommunikasiya texnologiyaları iqtisadiyyatın ən sürətlə
inkişaf edən seqmentlərindən biridir. Dünya İqtisadi Forumunun
informasiya texnologiyalarının inkişafına dair yeni hesabatında
Azərbaycan 2012-ci ildəki reytinqini yaxşılaşdırıb və 61-ci yerdən
56-cı yerə yüksəlib. Azərbaycan bu istiqamət üzrə MDB və region
ölkələri arasında lider mövqeyini qoruyub saxlayıb. Son məlumatlara
görə, Azərbaycanda əhalinin 70 faizi internet istifadəçisidir. Bu
gün "Facebook" sosial şəbəkəsinin Azərbaycandan olan
istifadəçilərinin sayı artıq bir milyonu keçib. Ölkədə 300-ə yaxın
aktiv siyasi, iqtisadi, sosial yönümlü internet resursu, 20-dək
internet televiziyası, 30-dan çox internet radiosu fəaliyyət
göstərir. Buna görə də Azərbaycanda internetin vəziyyətinə və
inkişaf perspektivinə qarşı hər hansı iddialar subyektiv xarakter
daşıyır və ciddi qəbul oluna bilməz.
- Hesabatda Azərbaycanla bağlı səsləndirilən
fikirlərdə sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına da
yer ayrılıb. ABŞ Dövlət Departamenti hesab edir ki, hakimiyyət
Bakının mərkəzinə yaxın yerlərdə aksiyaların keçirilməsini
məhdudlaşdırıb, dinc siyasi etiraz vasitələrini mütəmadi inkar
edib, sanksiyalaşdırılmamış nümayişlər zamanı gücdən daha çox
istifadə olunub.
- Azərbaycan Konstitusiyası və qanunları vətəndaşların sərbəst
toplaşmaq hüququna təminat verir. Bununla yanaşı, sərbəst toplaşmaq
hüququ digər vətəndaşların rahatlığının, ictimai sabitliyin,
nəqliyyatın sərbəst hərəkətinin və s. pozulmasına səbəb
olmamalıdır. Bu məqsədlə, həm Bakı Şəhər İcra Hakimiyyəti, həm də
regionlarda icra strukturları tərəfindən aksiyaların keçirilməsi
üçün müvafiq yerlər ayrılıb. Təəssüf ki, müəyyən siyasi qruplar
aksiyaların keçirilməsinə şərait olmayan ictimai yerlərdə etiraz
aksiyaları təşkil etməyə, sabitliyi pozmağa, iğtişaşlar törətməyə
çalışırlar. Həmçinin belə aksiyaların ictimaiyyətin diqqətini cəlb
edəcək mövzular adı altında reallaşdırılmasına cəhdlər göstərilir.
Azərbaycanda heç bir dinc nümayişçı həbs olunmur. Həbsə alınanlar
qeyri-qanuni aksiya keçirərək Azərbaycanda sabitliyi pozmaq,
vətəndaşlar arasında qarşıdurma yaratmaq istəyənlər, zorakılığa yol
verənlər və hüquq mühafizə orqanlarına müqavimət göstərənlərdir.
Onlar bu və ya digər konkret əməllərinə görə saxlanılırlar. Bu
günədək insanların qeyri-qanuni şəkildə saxlanması, həbs olunması,
onlara işgəncə verilməsinə dair hər hansı fakt müşahidə edilməyib.
Dövlət Departamentinin hesabatında guya saxlanılan şəxslərə işgəncə
verildiyi barədə göstərilən rəqəmlərin hansı mənbələrdən alındığı
bizə məlum deyil.
Sərbəst toplaşmaq azadlığı mövzusunda xüsusi olaraq bir məsələyə də
diqqət yetirməyi vacib hesab edirəm. Bu gün Azərbaycana irad tutan
xarici dairələr ilk növbədə də öz ölkələrində baş verənlərə diqqət
ayırsaydılar, daha səmimi görünərdilər. 2011-ci ildə Böyük
Britaniyanın şəhərlərini etiraz dalğası bürüdü, minlərlə adam
saxlanıldı, sosial şəbəkələrə giriş məhdudlaşdırıldı, müstəqil
bloqqerlər məhkum olundu. Bütün dünyada anti-qlobalisitlərin
etirazları qəddar metodlarla dağıdılır. Ötən il Nyu-Yorkda "Uoll
Striti işğal et" aksiyası, Almaniyanın Hamburq şəhərində
mədənçilərin sosial problemlərlə bağlı etirazı sərt şəkildə
yatırıldı. Bu gün Avropanı bürüyən maliyyə və iqtisadi böhranla
əlaqədar öz narazılıqlarını bildirən dinc nümayişçilərə qarşı su
şırnağından, rezin güllələrdən və digər bu kimi vasitələrdən
istifadə olunması geniş praktikaya çevrilib. ABŞ və Avropada
insanların sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına göz
yumanların Azərbaycana qarşı haqsız iradlarını heç bir halda səmimi
qəbul etmək olmaz.
- ABŞ Dövlət Departamenti Azərbaycanda mülkiyyət
hüququna münasibətdə lazımi prosedurların gözlənilmədiyini,
nəticədə məcburi köçürmələrə, binaların şübhəli əsaslarla
sökülməsinə yol verildiyini, sakinlərə əmlakları müqabilində
adekvat kompensasiya verilmədiyini qeyd edir. Sizin fikrinizcə,
hansısa QHT-lərin hesabatları fonunda bu cür rəy vermək nə dərəcədə
düzgündür?
- Azərbaycan Prezidentinin həyata keçirdiyi sosial siyasətin
başlıca məqsədi ölkə vətəndaşlarının layiqli həyat şəraitinin təmin
edilməsi, onların rifahının yüksəldilməsidir. Bilirsiniz ki, bu gün
Azərbaycanda geniş quruculuq-abadlıq işləri həyata keçirilir,
müasir sosial infrastruktur yaradılır, parklar salınır, istirahət
yerləri tikilir. Mülkiyyət hüququ ilə bağlı məsələlər 2012-ci ilin
martında Bakıda "Eurovision" mahnı müsabiqəsi keçirildiyi ərəfədə
müəyyən xarici dairələr və Azərbaycanda bəzi müxalifət qrupları və
QHT-lər tərəfindən süni qaydada aktuallaşdırılaraq gündəliyə
gətirildi. Həmin vaxt və sonrakı dövrdə də biz izahat verdik və
bildirdik ki, bəzən infrastruktur layihələri həyata keçirilərkən
vətəndaşların köçürülməsi qaçılmaz zərurətə çevrilir. Əsas odur ki,
insanlara öz mülkiyyətləri müqabilində evlər və ya kompensasiya
verilsin. Bu gün əminliklə deyə bilərəm ki, köçürülən insanların
hər biri yeni, daha yaxşı yaşayış yeri ilə təmin edilib. Təklif
olunan mənzillərdən imtina edən vətəndaşlara isə hər kvadratmetrinə
görə 1500 manat və daha yüksək məbləğdə pul verilib. Sadəcə olaraq
köçürülən şəxslərin bəziləri müxalifət partiyalarının fəalları
olublar ki, bu amildən də ölkəyə qarşı geniş istifadə olunmasına
cəhdlər göstərilib. Hesab edirəm ki, Azərbaycan vətəndaşlarının
mülkiyyət hüququnun pozulması ilə bağlı iddialar reallığı əks
etdirmir və müəyyən siyasi maraqlara hesablanıb. Heç bir araşdırma
aparmadan, fakt göstərmədən, müəyyən QHT-lərin qərəzli və şübhəli
donoslarına əsaslanaraq ABŞ Dövlət Departamentinin hesabatında belə
subyektiv mülahizələrin yer alması yalnız təəssüf doğura bilər.
- Hesabatda Azərbaycanda hərbi hissələrdə əsgər
ölümü, zorakılıqların geniş yayılması ilə bağlı narahatlıq ifadə
edilib. Azərbaycan hakimiyyətinin bu məsələyə münasibəti
necədir?
- Bilirsiniz, bu gün Azərbaycan Silahlı Qüvvələri texniki təchizat,
silah-sursat, nizam-intizam və döyüş qabiliyyətinə görə Cənubi
Qafqazın ən güclü ordusudur. Son illər Azərbaycan Prezidenti Milli
Ordumuzun inkişafına böyük diqqət ayırır, silahlı qüvvələrimizin
büdcəsi Ermənistanın dövlət büdcəsindən böyükdür. Əminliklə demək
olar ki, Milli Ordumuz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək və
suverenliyini qorumaq iqtidarındadır. Bu amil erməni lobbisini,
onların havadarlarını və ermənilərin təsiri altında olan siyasi
dairələri bərk narahat edir. Azərbaycan Ordusu ilə bağlı mövzunun
əsaslı şəkildə aktulallaşdırılmasının başlıca səbəblərindən biri də
bu amildir.
Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. Silahlı
qüvvələrimiz daim yüksək hərbi hazırlıq vəziyyətində öz missiyasını
layiqincə yerinə yetirir. Təəssüf ki, biz təkcə hərbi əməliyyatlar
zamanı deyil, bəzi hallarda dinc şəraitdə də əsgər ölümü halları
ilə üzləşirik. Əlbəttə, belə hallar bizi ağrıdır, incidir. Əsgər
ölümü faktları Azərbaycan Prezidentinin göstərişi ilə araşdırılır,
müvafiq hərbi hissə komandirləri cəzalandırılır, gələcəkdə də bu
cür halların qarşısının alınması üçün qətiyyətli addımların
atılacağı şübhəsizdir. Amma heç bir dövlətin ordusu əsgər ölümündən
sığortalanmayıb. Bu məsələdən öz siyasi məqsədləri uçun istifadə
edərək Milli Ordumuzu nüfuzdan salmağa çalışan həm xarici, həm də
daxili qüvvələr bilməlidirlər ki, Azərbaycan xalqını belə populist
şüarlarla aldatmaq və yanlış yola istiqamətləndirmək mümkün
olmayacaq. Milli Ordumuz bizim qürur mənbəyimizdir və əlində silah
olan hər bir əsgərimiz bizim üçün əzizdir.
- Azərbaycanda məhkəmə sisteminin icra hakimiyyəti
orqanlarından asılılığı məsələsi hesabatda xüsusi vurğulanır.
Həmçinin təcridxanalarda, müvəqqəti saxlanma yerlərində
vətəndaşlara qarşı işgəncə faktlarının artdığı qeyd
edilir.
- Azərbaycanda müstəqillik illərində ədliyyə sisteminin
təkmilləşdirilməsi və müasir standartlara uyğunlaşdırılması
istiqamətində ardıcıl tədbirlər, sistemli islahatlar həyata
keçirilib. Çoxpilləli məhkəmə sisteminin yaradılması, hakimlərin
sayının artırılması, onların seçimində müasir metodların tətbiqi,
məhkəmələrin fəaliyyətinə effektiv nəzarət mexanizminin
formalaşdırılması, onun səmərəliliyinin təmin edilməsi və s.
Azərbaycanda ədalətli məhkəmə-hüquq sisteminin təşəkkülünü
şərtləndirən mühüm amillərdir. Digər tərəfdən, Azərbaycan Avropa
Şurasının üzvü kimi insan haqları üzrə Avropa Məhkəməsinin
yurisdiksiyasına daxildir və bu məhkəmənin qərarları ölkəmiz üçün
imperativ xarakter daşıyır. Hesab edirəm ki, həyata keçirilmiş
tədbirlər və mövcud durum məhkəmə sisteminin hakimiyyətdən asılı
olması ilə bağlı iddialara tutarlı cavabdır. Əlbəttə, hər hansısa
hakimin bu və ya digər səbəbdən qeyri-obyektiv qərar çıxarması
istisna deyil, lakin belə hallar kütləvi xarakter daşımır,
tendensiya kimi xarakterizə oluna bilməz.
Təcridxanalarda və müvəqqəti saxlanma yerlərində işgəncə
faktlarının artmasına dair hesabatda əksini tapmış statistikaya
gəldikdə, ilk növbədə, bu rəqəmlərin mənbəyi düşündürücüdür.
Maraqlıdır ki, hesabatda hakimiyyət orqanlarına istinadən 2012-ci
ildə Daxili İşlər Nazirliyində 225, Ədliyyə Nazirliyi sistemində
isə 460 vəzifəli şəxsin insanların hüquqlarını pozduğuna görə
cəzalandırılması faktına etinasızlıq nümayiş etdirilir. İstənilən
halda bu statistika insan hüquqlarını pozan vəzifəli şəxslərə qarşı
müvafiq sanksiyaların tətbiq olunduğunu göstərir və ölkədə guya
cəzasızlıq mühitinin hökm sürdüyü barədə iddiaları təkzib edir.
- Sənəddə Azərbaycanda qanunlara düzəlişlərin
QHT-lərin sərbəst fəaliyyətinə məhdudiyyət yaratdığı iddia
olunur.
- Bu, subyektiv yanaşmadır. Azərbaycanda vətəndaş təşəbbüsləri
dövlət səviyyəsində dəstəklənir, bu təşəbbüslərə geniş meydan
verilir, onların reallaşması üçün dövlət büdcəsindən maliyyə
vəsaiti ayrılır. Bu gün bütün mərkəzi icra hakimiyyəti orqanlarının
fəaliyyətində QHT-lərdən və ictimai şuralardan istifadə olunur,
qərarların qəbul olunmasında mütləq şəkildə ictimaiyyətin rəyi
nəzərə alınır. "Qeyri-hökumət təşkilatları haqqında" Qanuna əlavə
və dəyişikliklər bu sahədə şəffaflığın təmin edilməsi məqsədi
daşıyır. Artıq sirr deyil ki, son illər ölkəmizdə fəaliyyət
göstərən xarici təşkilatlar milyonlarla dollar məbləğində qrantları
şübhəli layihələrə istiqamətləndirir və bununla bağlı heç bir
hesabat vermirlər. Son hadisələr, xüsusilə ABŞ Milli Demokratiya
İnstitutunun Bakı nümayəndəliyinin fəaliyyəti ictimaiyyətdə geniş
müzakirələrə yol açmaqla dediklərimin əyani sübutu kimi göstərilə
bilər. Eynilə bir sıra yerli QHT-lər yüksək məbləğdə qrantlar
alırlar, layihələr gerçəkləşdirirlər, lakin bu haqda müvafiq dövlət
orqanlarına hesabat verməkdən boyun qaçırırlar. Halbuki, dövlət
orqanlarından şəffaflıq tələb edən QHT-lər ilk növbədə özləri
nümunə ortaya qoymalı, açıq işləməlidirlər. Qanuna əlavə və
dəyişikliklər yalnız qeyri-şəffaf fəaliyyət göstərməkdə, əsl
məqsədlərini pərdələməkdə maraqlı olan təşkilatları narahat edə
bilər.
- Hesabatda Azərbaycanda "siyasi məhbusların"
olduğu və onların sayının artdığı iddia edilir. Hətta bildirilir
ki, 2012-ci ildə "siaysi məhbus"ların sayı 10 nəfərdən 100 nəfərə
qədər olub.
- Bilirsiniz, konkret rəqəmin göstərilməsi onu deməyə əsas verir
ki, bu məlumatları onlara ötürən QHT-lərin "hesabatları"nda olduqca
təzadlı rəqəmlər öz əksini tapır. Bəzi "hüquq müdafiəçiləri"
Azərbaycanda "siyasi məhbus istehsalı" ilə məşğuldurlar. Bu,
onların biznes sahəsinə çevrilib. Təəssüf ki, bəzi mötəbər qurumlar
da belə "hesabatlara", donoslara, heç bir əsası olmayan iddialara
istinad edərək, Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı
vəziyyəti məqsədli şəkildə təhrif etməyə çalışırlar. Hesab edirəm
ki, bu ilin əvvəlində Avropa Şurasında Kristofer Ştrasserin "siyasi
məhbus"larla bağlı hesabatına AŞPA-nın böyük əksəriyyət təşkil edən
sağlam mövqeli deputatlarının obyektiv reaksiyası həmin mövzu
ətrafında möhtəkirliyə son qoydu. ABŞ Dövlət Departamentinin
hesabatında bəzi QHT-lərin donoslarının AŞPA-nın mövqeyindən üstün
tutulması yalnız acı təəssüf doğura bilər. Azərbaycanda insan
hüquqlarının vəziyyətinə dair subyektiv mülahizələr və əsassız
iddialar qəbuledilməzdir.
Biz strateji partnyorumuz olan ABŞ-a və onun rəsmi təsisatlarına
hörmətlə yanaşırıq və ikitərəfli münasibətləri şərtləndirən bütün
sahələr üzrə əməkdaşlığımızı davam etdirmək əzmindəyik. Bununla
yanaşı, biz həm ABŞ-ın rəsmi strukturlarından, həm də beynəlxalq
təşkilatlardan obyektivlik və səmimi münasibət gözləyirik.
- Əli müəllim, hesabatda o da bildirilib ki, siz
bəzi QHT-lərə, mediaya qarşı ictimai nifrətə çağırış
etmişiniz.
-2012-ci ildə Prezident Administrasiyasının QHT rəhbərləri ilə
geniş görüşü təşkil olundu. Həmin görüşdə mən "Eurovision" mahnı
müsabiqəsi zamanı Azərbaycanı qaralamağa, nüfuzdan salmağa,
ləkələməyə çalışan bəzi qrupların, onların rəhbərlərinin
fəaliyyətini kəskin tənqid etdim və ictimaiyyəti belələrini
qınamağa çağırdım. Hesab edirəm ki, mənim çağırışımda qeyri-adi heç
nə yoxdur. Necə olur, hansısa xarici ölkənin rəsmisi ictimaiyyəti,
vətəndaşları vətənpərvərliyə çağıranda, milli maraqları ayaq altına
atan ünsürlərə qarşı barışmaz olmağa dəvət edəndə, bu, normal
qarşılanır, amma Azərbaycanda yasaq olunmalıdır? Mən bu gün də
əminəm ki, dövlətçiliyimizə qarşı işləyən, onun əsaslarını
sarsıtmağa çalışan, xarici ermənipərəst dairələrin əlində vasitəyə
çevrilənlərə qarşı cəmiyyətimiz barışmaz mövqe tutmalı, onlar ifşa
edilməlidirlər.