Elmar Məmmədyarov İsrail Prezidenti Şimon Peres ilə görüşüb

23 Aprel 2013 13:10 (UTC+04:00)

Mövqe.az-ın Xarici İşlər Nazirliyindən aldığı məlumata görə, 22 aprel tarixində xarici işlər naziri Elmar Məmmədyarov İsrailə səfəri çərçivəsində İsrail Prezidenti Şimon Peres ilə görüşüb. 

 

 İsrail Prezidenti Azərbaycanı böyük potensiala və gələcəyə malik ölkə kimi dəyərləndirərək, ölkəmizin sürətlə inkişaf etdiyini vurğulayıb. Eyni zamanda İsrail Prezidenti Azərbaycanı regionun aparıcı ölkəsi adlandırıb və tolerantlığın yüksək səviyyədə inkişaf etdiyini bildirib. Peres Azərbaycana 2009-cu ildəki səfərini yüksək təəssüratlarla xatırladığını söyləyib. 

 

İsrail Prezidenti ölkəmizin bu gün dünya arenasında əldə etdiyi nüfuzu və yerləşdiyi regionun liderinə çevrilməsində ümummilli lider Heydər Əliyevin müstəsna rolunu vurğulayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasəti yüksək qiymətləndirib. Şimon Peres Azərbaycanı böyük tarix və gözəlliyin təcəssüm olunduğu yer kimi səciyyələndirib. Ölkəmizin terrorizmə qarşı tutduğu mövqeyini yüksək dəyərləndirib. 

 

Nazir Elmar Məmmədyarov İsrail Prezidentinə xoş qəbula görə təşəkkürünü bildirərək, iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin inkişaf etdiyini vurğulayıb.

 

Nazir Elmar Məmmədyarov regionda gedən proseslər, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi barədə İsrail Prezidentinə məlumat verərək, Azərbaycanın işğal olunmuş ərazilərində azərbaycanlı əhaliyə qarşı Ermənistan tərəfindən etnik təmizləmə siyasətinin aparıldığını vurğulayıb və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum qətnamələrə Ermənistanın riayət etmədiyini bildirib. 

 

Həmçinin, nazir Elmar Məmmədyarov tolerantlığın Azərbaycanda əsrlərlə mövcud olduğunu qeyd edərək, ölkəmizdə çoxmədəniyyətliliyin böyük potensialına inanım olduğunu qeyd edib. 

 

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.