Azərbaycan və Ukraynanın məktəbləri əməkdaşlığa başlayır

19 Noyabr 2018 14:10 (UTC+04:00)

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədovun təşəbbüsü və dəstəyi ilə Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbin müəllim heyəti Truskavetsk şəhər 2 nömrəli gimnaziyada olub. Bu barədə Movqe.az-a Sabir qəsəbə tam orta məktəbindən məlumat verilib.

Məlumatda bildirilir ki, hər iki təhsil müəssisəsinin direktorları birgə əməkdaşlıq haqqında qardaşlıq müqaviləsi imzalayıblar.

Mərasimdə çıxış edən gimnaziyanın direktoru Roman Qudzelyak müqavilədən çox şey gözlədiyini vurğulayıb. O, müqavilənin iki dövlət arasında mövcud münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirib.

Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbin direktoru Gülnurə Babaşova isə ukraynalıların qonaqpərvərliyindən danışıb. O, müqavilənin rəhbərlik etdiyi məktəb üçün faydalı olacağına əminliyini bildirib.

Müqavilə imzalandıqdan sonra Draqobiç şəhərinin meri Taras Kuçma Azərbaycan ilə Ukrayna məktəbləri arasında yaratdığı işgüzar münasibətlərə görə Gülnurə Babaşovanı fəxri fərmanla təltif edib.