“Azərbaycanın milli maraqları hər birimiz üçün “qırmızı xətt”, keçilməz və pozulmaz prinsip olmalıdır”

23 Aprel 2013 14:42 (UTC+04:00)

"Azərbaycan dövlətinə təzyiq göstərən, ona qarşı çirkab yağdıran, yeri gəldi-gəlmədi üzərinə yeriyən istənilən daxili və xarici təşkilat, yaxud şəxs bilməlidir ki, onu xalqın nifrəti, ziyalımızın, alimimizin, yazıcı və jurnalistimizin, millət vəkillərinin və məmurların ictimai qınağı gözləyir"


"Həmişə hesab etmişəm ki, öz milli dövlətçiliyinə, xalqına, Vətəninə hədsiz sevgi və təmənnasız xidmət, haqq və ədalət ideallarına güclü bağlılıq, dövlətinin düşmənlərinə qarşı qatı barışmazlıq əsl vətəndaşı səciyyələndirən başlıca xüsusiyyətlərdir. Sosial statusundan, mövqeyindən və baxışlarından asılı olmayaraq, hər bir məmur, ziyalı, siyasətçi, ictimai fəal, sadə insan öz dövlətinə, milli maraqlara sədaqətlə xidmət etməyi bacardığı, onu inkişafa və rifaha doğru aparan Milli Liderin ətrafında sıx birləşdiyi təqdirdə güclü dövlət və davamlı inkişaf arzusu reallığa çevrilə bilər".  Bunu APA-ya açıqlamasında Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov deyib.   

 

Ə. Həsənov daha sonra qeyd edib: "Bu birliyi sarsıtmaq, ölkəni qarşıdurmaya, anarxiya və xaosa sürükləmək istəyən bəzi xarici dairələrə, daxil anti-milli ünsürlərə prinsipial cavab verilməməklə, onları ifşa etməməklə biz təkcə bu günə kimi əldə etdiyimiz mühüm uğurlara laqeydliyimizi nümayiş etdirmirik, həm də yaratdığımız müstəqil və güclü Azərbaycanımızı ərməğan etməyə hazırlaşdığımız gələcək nəsillər qarşısında məsuliyyətdən yayınırıq. Buna görə də Vətənimizin təəssübü, milli və dövlətçilik maraqları, həyati əhəmiyyət kəsb edən maddi və mənəvi resurslarımız və  milli-əxlaqi dəyərlərimiz hər bir azərbaycanlı  üçün "qırmızı xətt", keçilməz və pozulmaz prinsip olmalıdır.  Məgər erməni lobbisindən, ermənipərəst dairələrdən qrant alaraq beynəlxalq tribunalarda bu dövlətə ləkə yaxanlar, erməniləri məzlum, azərbaycanlıları isə vəhşi bir xalq kimi təqdim edənlər, ölkəmizə səfər edən əcnəbilərə haqqımızda ağlasığmaz uydurmalar danışanlar və s. milli nifrətə layiq deyillər? Azərbaycan dövlətinə təzyiq göstərən, ona qarşı  çirkab yağdıran, yeri gəldi-gəlmədi üzərinə yeriyən istənilən  daxili və xarici təşkilat, yaxud  şəxs bilməlidir ki, onu  xalqın nifrəti,  ziyalımızın, alimimizin, yazıcı və jurnalistimizin, millət vəkillərinin və məmurların ictimai qınağı gözləyir. Əgər hazırda belə deyilsə, deməli millət vəkilləri, məmurlar, ictimai xadimlər, milli media və vətəndaş cəmiyyəti institutları öz fəaliyyətləri haqda bir qədər də düşünməlidirlər".

 

Şöbə müdiri hər zaman söylədiyi fikirlərin arxasında olduğunu da qeyd edib: "Mənim ölkə ictimaiyyətini antiazərbaycan mövqeyində dayanan daxili və xarici təşkilatlara qarşı prinsipal vətəndaş mövqeyi nümayiş etdirmək,  yaxud  belələrinə qarşı ictimai qınaq ortaya qoymaq kimi çağırışları edərkən, guya "emosional" vəziyyətdə olmağım haqda hörmətli Rəbiyyət Aslanovanın "Azadlıq" radiosunda səsləndirdiyi fikir, tamamilə əsassızdır. Mən hazırda, emosiyaya qapılıb qərar vermək, yaxud mühüm ictimai çağırış etmək, sonra da bunu emosiya ilə əsaslandırmaq mövqeyində, yaşında və başında deyiləm. Səsləndirdiyim bəyanatlar mənim prinsipial vətəndaş, düşünülmüş məmur mövqeyimdir və heç vaxt bu mövqedən geri çəkilməyəcəyəm".