Azərbaycandan İsrailə qondarma soyqırımı xəbərdarlığı?!
24 Aprel 2013 08:44 (UTC+04:00)
Siyasi gündəmin ən çox diqqət cəlb edən hadisələrindən biri də
Azərbaycanın işlər naziri Elmar Məmmədyarovun İsrail və Fələstinə
səfəridir. Qeyd edək ki, səfər çərçiəvsində əzarbaycanlı nazir
artıq bir sıra mühüm görüşlər keçirib. Məsələn, Elmar Məmmədyarov
İsrail prezidenti Şimon Pereslə görüşüb.
İsrail prezidenti Azərbaycanı regionun aparıcı ölkəsi adlandırıb və
tolerantlığın yüksək səviyyədə inkişaf etdiyini bildirib. O,
Azərbaycanın terrorizmə qarşı tutduğu mövqeyi yüksək
dəyərləndirib.
Elmar Məmmədyarov regionda gedən proseslər, xüsusilə
Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi barədə İsrail
prezidentinə məlumat verib, Azərbaycanın işğal olunmuş ərazilərində
azərbaycanlı əhaliyə qarşı Ermənistan tərəfindən etnik təmizləmə
siyasətinin aparıldığını vurğulayıb və BMT Təhlükəsizlik Şurasının
qəbul etdiyi məlum qətnamələrə Ermənistanın riayət etmədiyini
bildirib.
Həmçinin, Məmmədyarov tolerantlığın Azərbaycanda əsrlərlə mövcud
olduğunu qeyd edib, ölkədə çoxmədəniyyətliliyin böyük potensialına
inamın olduğunu deyib. Görüşdə qarşılıqlı maraq kəsb edən digər
məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İsrailin xarici
işlər nazirinin müavini Zeev Elkin isə bildirib: "Azərbaycanın
xarici siyasət idarəsi rəhbərinin tarixdə ilk dəfə olaraq İsrailə
səfər etməsi ölkələrimiz arasındakı münasibətlərin nə dərəcədə
yüksək olmasının göstəricisidir".
Aprelin 23-də Məmmədyarov Tel-Əvivdə tanınmış yəhudi və israilli
biznesmenlərlə görüşlər keçirib, bir sıra şirkətlərdə olub. Aprelin
24-də Məmmədyarov baş nazir Binyamin Netanyahu ilə görüşəcək, sonra
Knessetə gedəcək. Onun müdafiə naziri Moşe Yaalon ilə görüşü də
gözlənilir. Ekspertlər isə diqqəti səfərin tarixinə də
çəkirlər.
İsrail-Azərbaycan Beynəlxalq Assosiyasının üzvü Arye Qut qeyd edir
ki, ölkəsində Azərbaycanın müsətəqil xarici siyasət yürütməsini
yüksək qiymətləndirirlər. Onun sözlərinə görə, belə bir vaxtda
İsrail parlamentinin "erməni soyqırımı"nı müzakirə etməsi heç də
məntiqə və şəraitə uyğun deyil. Çünki bu, İsrailin təkcə Türkiyə
yox, həm də Azərbaycanla münasibətlərini pisləşdirə bilər.
Qeyd edək ki, Knesset bu qondarma soyqırımı müzakirə etmək üçün
xüsusi iclas təşkil edib. İsrail parlamentinin üzvü Ruven Rivlin
məsələylə bağlı qeyd edib ki, "biz əsla ermənilərin bu faciəsini
unutmamalıyıq". Qeyd olunmalıdır ki, İsrail parlamentində qondarma
soyqırımın müzakirəyə çıxarılması bu günlərdə Türkiyəylə İsrail
arasında "Mavi Mərmərə" gəmisində baş verən qətliamla bağlı
kompensasiya məsələsinin müzakirə edildiyi bir vaxta təsadüf edir.
Hesab olunur ki, İsrail qondarma soyqırıma görə, Azərbaycanla da
münasibətlərini zərbə altın ala bilər. Azərbaycanı isə buna maneə
olmağa çalışacağı şübhəsizdir. Elmar Məmmədyarovun səfərinin bu
vaxta təsadüf etməsi həm də bununla əlaqələndirilir. İstisna deyil
ki, Elmar Məmmədyarov məsələ ilə bağlı Azərbaycanı mövqeyini artıq
İsrail tərəfinə çatdırıb.
Qondarma soyqırımın tanınması İsrailin Türkiyə ilə yenicə düzələn
münasibətlərinə də xələl vura bilər. Yeri gəlmişkən qeyd edək ki,
İsrail "Mavi Mərmərə" qurbanlarına ödəniləcək təzminatla bağlı
Türkiyənin rəsmi nümayəndələri ilə bazar ertəsi Ankarada keçirilən
danışıqlardan məmnun qalıb. "Jerusalem Post" qəzeti Ankaradakı
görüşdə tərəflərin qurbanların ailələrinə ödənəcək təzminatın
hesablanması üçün xüsusi bir mexanizmin yaradılmasına dair razılıq
əldə etdiyini yazır. Xəbərdə İsrail rəsmisinin açıqlamasına da yer
verilir: "İclas səmərəli keçdi. Razılaşma mətni də daxil olmaqla
bütün məsələlərdə razılıq əldə etdik. Amma təzminatın məbləğini
müzakirə etmədik. Məbləğ barədə razılıq əldə ediləndə hər iki
ölkədə tənzimlənəcək. Diplomatik əlaqələrin tamamilə yenidən
qurulması ilə bağlı prosesə başlanacaq. Hər iki ölkənin nümayəndə
heyəti yaxın günlərdə yenə görüşəcək". Digər tərəfdən "The Times of
İsrail" saytı öldürülən fəalların ailələrinin hər birinin 1 milyon
dollar almaq istədiyini iddia edir. İsrail Silahlı Qüvvələrinin
radiosu isə, ölkənin hər ailəyə maksimum 150 min dollar ödəməyə
hazır olduğunu bildirib.