Lift, işıq, su, qaz xidməti özəl sektora verilə bilər

27 Aprel 2013 08:46 (UTC+04:00)
"Azərbaycanın kommunal sektorunda aparılan islahatlar çərçivəsində bəzi xidmətlər özəlləşdirilə bilər. Məsələn, lift təsərrüfatı. Prinsipcə hamısı özəlləşdirilə bilər, yəni orada heç bir məhdudiyyət yoxdur ki, hansısa sahəni özəlləşdirmək olmaz". Bu barədə iqtisadi məsələlər üzrə dövlət müşaviri Vahid Axundov bildirib. Onun sözlərinə görə, özəlləşdirmə nəticəsində rəqabətin yaradılması və özünü maliyyələşdirmə sisteminə keçid təmin ediləcək:
"Eləcə də, rəqabətin yaradılması qiymətlərin artmamasına və xidmətlərin keyfiyyətinin yüksəlməsinə imkan verəcək. Digər tərəfdən də dövlətin bu sahəyə yatırdığı vəsaitlər özəlləşdirmə vasitəsilə geri qayıtmalıdır və dövlət bu vəsaitləri yeni sahələrə yönəltməlidir". İqtisadçı ekspertlər də irəli sürülən bu təklifi müsbət qiyətləndirirlər.
İqtisadi Təşəbbüslərə Yardım İctmai Birliyinin ekspert Samir Əliyev bildirir ki, kommunal xidmətlərin özəl sahəyə verilməsi bu gün dünyada gedən əsas tendensiyalardan biridir: "Eyni iqtisadi sistemdə olduğumuz keçmiş SSRİ ölkələrində, hətta qonşu Gürcüstan, Rusiya, Ukraynada da kommunal sektorun özəl sahəyə cəlb edilməsi istiqamətində kifayət qədər addımlar atılıb. Bu, dünyada qəbul edilmiş bir sistemdir. Bunun bağlı, Avropa Şurasıın, İqtisaid İnkişaf və Əməkdaşlıq Təşkilatının müvafiq tövsiyələri var ki, bir qayda olaraq, kommunal xidmətlərin özəl sektora cəlb edilməsi daha effektivdir. Çünki, bu sektor digərinlərindən fərqli olaraq həm sosialyönümlü bir sahədir, həm də çox gəlirli profil olmadığına görə ona bir qədər maraq az olur. Dövlət də bunun idarəsini öz üzərinə götürüb və büdcədən milyonlarla vəsait ayırır. Bunun isə arzuolunan effekti olmur. Bu baxımdan kommunal xidmətlərin özəl sektora cəlb edilməsi daha vacibdir. Hətta bizdə bununla bağlı "Barmek"in təcrübəsi də olub. "Barmek" bir sıra çatışmazlıqlarla yanaşı, ən azından müştərilərə xidmət mədəniyyəti, işığa görə pulun vaxtı - vaxtında alınması kimi siyasəti formalaşdırdı. Məhz bundan sonra digər sektorlarda da bir canlanma müşahidə edildi. Ona görə də bu, düzgün addımdır. Nəinki kommunal xidmətlər, hətta gələcəkdə mənzil idarəçiliyinin də özəl sektora verilməsi məsələsinə baxmaq olar".
Ekspert onu da bildirdi ki, kommunal xidmətlərin özəl sektora cəlb edilməsinin mənfi cəhətlərindən biri, məhz qiymət amilidir: "Çünki, özəl sektorun qarşısında həmişə qazanc əldə etmək durur. Dövlət də bunu tənzimləmək üçün müəyyən addımlar atır. Bu gün kommunal sahənin özəl sektora cəlb edilməsi üçün qanunvercilikdə müəyyən dəyişikliklər edilməlidir. İlk öncə konsepsiya haqqında qanun qəbul edilməlidir. Bu qanun dövlət əmlakının müəyyən müddətə özəl sahəyə verir və həmin konsepsiya müqaviləsi əsasında idarə edir. Amma bu, həmin əmlakın satılması deyil. Müddət bitdikdən sonra dövlətə qaytarılır. Qiymət məsələsi isə özəl sektor ilə hökumət arasında aparılan danışıqlardan asılıdır. Tarif, dövlət tərəfindən tənzimlənir, özəl şirkət də həmin tarif əsasında fəaliyyət göstərir və ya tariflər özəl şirkətlər tərəfindən təyin edilir".
Samir Əliyevin fikrincə, bu gün liftlərin özəl sektora verilməsi mümkündür: "Bundan başqa, gələcəkdə su təsərrüfatının da özəl sektora verilməsinə baxmaq olar. Çünki, bu gün kənd yerlərində içməli su ilə bağlı problemlər var. "Azərsu" böyük təşkilatdır. Ancaq o, mərkəzləşmiş su təsərrüfatlarına xidmət göstərir. Bundan başqa, elektrikin də özəl sektora verilməsinə baxmaq olar".
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyevin sözlərinə görə, bu sahə dünya təcrübəsində bir sıra qurumlar tərəfindən həyata keçirilir. "MDB təcrübəsində deyə bilərik ki, bu, əsasən dövlət və bələdiyyələr tərəfindən də keçirilir. Dünya təcrübəsində bunun daha çox bələdiyyə və özəl sektor tərəfindən həyata keçirilməsi geniş yayılıb. Bu baxımdan da kommunal xidmətlərin əksər hissəsinin və ya hamısının özəl, yaxud da bələdiyyələr tərəfindən həyata keçirilməsi yaxşı olardı. Belə olarsa, bu, həmin xidmətlərin keyfiyyətlərinin artmasına təsir göstərər. Bununla yanaşı, keyfiyyətli xidmət də qiymətlərin qalxmasına təsir edəcək. Amma özəl sektora veriləndə və rəqabət mexanizmi təmin olunduğu halda, istehlakçı uğrunda mübarizə nəticəsində xidmətləri daha keyfiyyətli və ucuz qiymətə həyata keçirən müəssisələr alıcılar tərəfindən qəbul olunacaq".