Şəfa ocaqları Azərbaycana üz tutan əcnəbilərin sayını xeyli artıra bilər

5 Dekabr 2018 10:15 (UTC+04:00)

Turizmin inkişafı istiqamətində atılan addımlar öz bəhrəsini verməkdədir. 2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana dünyanın 194 ölkəsindən 2 milyon 420,4 min turist gəlib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çoxdur. 

Eekspetlərin fikrincə, bu sayın daha da artırılması mümkündür. Bunun üçün isə  turizmin bütün növlərindən yararlanmalıyıq. Hansı ki, ölkəmizdə buna şərait var. Məsələn, Azərbaycanın bir sıra bölgələrindəki təbii sağlamlıq ocaqlarının potensialından hələ də səmərəli istifadə olunmur. İqtisadi və Sosial Mərkəzinin sədri Vüqar Bayramov bildirir ki, Azərbaycanda bu gün yüksək səviyyədə inkişaf potensialına malik olan sahələrdən biri məhz sağlamlıq turizmidir: “Məhz bu amil ölkəyə daha çox turistin cəlb edilməsinə səbəb ola bilər. Xüsusən də cənub bölgəsində sağlamlıq turizminin ciddi potensialı mövcuddur.  Müəyyən hissəsinin istifadə edilməsinə baxmayaraq, tam potensialından yararlanmırıq. 
Bundan başqa, xarici turistlərin cəlb edilməsində problemlər var. Həmçinin həmin turizm mərkəzlərinin tanıdılması praktiki olaraq, həyata keçirilmir. Xüsusən xarici turistlər onlarla bağlı məlumatlı olmurlar. Yəni, ölkəmizin bir sıra bölgələrində sağlamlıq turizminin inkişaf potensialı var. Bu imkanlardan istifadə edilməsinə ehtiyac var. Ümumiyyətlə, turizmdə fərqli məhsulların təqdim edilməsi prioritet olmalıdır. Bu mənada sağlamlıq turizminin inkişafı ölkəyə daha çox turistin cəlb edilməsini təmin edə bilər. Bununla da ölkəyə daxil olan valyutanın həcmi artar. 
İlkin qiymətləndirilməyə görə, Azərbaycan turizmdən il ərzində 2.6 milyard dollar gəlir əldə edir. Sağlamlıq turizmi inkişaf edərsə, bu rəqəm 4 milyard dollara qədər arta bilər”.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, ölkəmizdə sağlamlıq turizminin inkişafı üçün bütün imkanlar mövcuddur: “Yəni, ölkəmizin təbii şəraiti buna imkan verir. Bunun infrastrukturu yaradılmalıdır. Sonradan həmin turistik mərkəzlərin təşviqi, təbliği, reklam işləri aparılmalıdır. Həmçinin termal mərkəzlərin xaricdə də tanıdılmalıdır. Nəzərə alaq ki, reklam daha çox turistin gəlməsində mühüm rol oynayır. 
Hazırda belə mərkəzlər Naftalan, Qalaaltı və Duzdağdır. Bunlar elə Sovet dönəmində də var idi. Lakin indi daha yaxşı bərpa edilib. Yeni otellər inşa edilib. Amma sağlamlıq mərkəzlərinin sayı artırılmalıdır. Bunun üüçn Azərbaycanın təbii resursu imkan verir. Sadəcə, həmin ərazilər dəqiq analiz edilməlidir. Bundan sonra infrastrukturu yaradılmalıdır. Nəticədə daha çox turist cəlb edə bilərik ki, nəticədə ölkəyə daxil olan gəlir artacaq”.
Mübariz BAYRAMOV