Modriçə daha bir xoş xəbər

5 Dekabr 2018 15:37 (UTC+04:00)

"Qızıl top”u qazanan Luka Modriç daha bir xoş xəbər alıb.

Movqe.az  Goal.az-a istinadən xəbər verir ki, 33 yaşlı futbolçu yalan ifadə verməklə bağlı ittihamlardan da azad edilib. Hərçənd yarımmüdafiəçi istintaq zamanı Zaqreb "Dinamo”sunun sabiq prezidenti Zdravko Mamiçin lehinə həqiqətdən uzaq ifadələr verməkdə günahkar sayılırdı.

Lukanın ittihamlardan azad olunması xəbəri hələ iki ay əvvəl yayılmışdı. Lakin munisipial məhkəmənin rəsmi qərarı açıqlanmırdı. Xorvatiyanın prokurorluq orqanlarının məsələni yenidən qaldıra biləcəyi iddia edilirdi. "Qızıl top”un sahibini tapdığı gündə Zaqreb dairəsi məhkəməsi qərarını qüvvədə saxladığını, Modriçin qanun qarşısında təmiz olduğunu elan edib. Bu isə o deməkdir ki, ulduz futbolçu 5 aydan 6 ilə qədər həbs cəzası almaqdan qurtulub.

Qeyd edək ki, bu ilin iyununda Zdravko Mamiç 6,5 il müddətinə həbs cəzasına məhkum olunub. Onun qardasşı, "Dinamo”sunun sabiq baş məşqçisi Zoran Mamiçə isə 4 il 11 ay iş kəsilib. Yerli futbol federasiyasının sabiq direktoru Damir Vrbanoviç 3 il, klub mühasibi Milan Pernar 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Bu şəxslər klubun milyonlarla vəsaitini dağıtmaqda, Modriç və digər oyunçuların transferlərdəki fırıldaqlarda günahkar sayılıb.

Mamiç qardaşları cinayət fəaliyyəti sayəsində 2008-ci ildən başlayaraq klub büdcəsindən 17,3 milyon dollar oğurlayıb, 1,8 milyon dollar vergidən yayınıb. Klub rəhbərliyi xaricə transfer olunan futbolçuların keçidindən gələn komissiya gəlirlərini hesabatdan gizlədib. 2015-ci ilin noyabrında Zdravko Mamiç həbs olunsa da, sonradan girovla buraxılıb.

Modriç 2015 və 2017-ci illərdə şahid kimi ifadə verib. Onun "Dinamo”dan "Tottenhem”ə keçidi barədə dedikləri, həmçinin Deyan Lovrenin açıqlamaları həlledici sayılıb. 2008-ci ilin iyulunda 21 milyon dollara transfer olunan Lukanın müxtəlif illərdəki ifadələri fərqli olub. Bu uyğunsuzluq onun özünün cinayət məsuliyyətinə cəlb olunması üçün kifayət idi.

Modriç keçiddən qazandığını Mamiçə verdiyini etiraf edib: "Transferim üçün 21, ya da 23 milyon ödənmişdi. Klubla müqaviləyə görə bu vəsaitin bir hissəsi mənə düşürdü. Müqavilədə məbləğin yarıbayarı bölünməsi əks olunmuşdu. Mən Mamiçin təklifi ilə razılaşdım və pulları bankdan çıxarıb onun qardaşıyla oğluna verdim”.

Maraqlıdır ki, Mamiçlərin hər ikisi hazırda azadlıqdadı. Vaxtilə Xorvatiya millisində oynamış Zoran Mamiç BƏƏ-də "Əl-Əyn”in baş məşqçisidi və ötən mövsüm çempionluq və kubok qazanıb. Onun ekstradisiyası reallaşmayıb. Qardaşı isə Bosniya və Herseqovinada yaşayır. İnterpol onun həbsi üçün order alsa da, Bosniya və Herseqovina öz vətəndaşlarını başqa ölkələrə vermir.

Hətta sabiq klub prezidenti bu yaxınlarda keçirdiyi mətbuat konfransında bütün olanları təxribat da adlandırmaqdan çəkinməyib. O, bunu tutarlı sübutların olmamsı ilə izah edib. Mamiçlərin Xorvatiyadakı bütün əmlakı müsadirə olunsa da, azadlıqları toxunulmaz qalıb.