Rus dilində təhsil alan şagirdlərin sayı sürətlə artır

6 Dekabr 2018 08:00 (UTC+04:00)

"İlbəil orta məktəbin rus bölməsinə daxil olan uşaqların sayı artır. Bu, şəxsən məni narahat edir. Biz bunun səbəbini öyrənməliyik". Bunu deputat Gövhər Baxşəliyeva Milli Məclisin Elm və təhsil komitəsinin iclasında "Ümumi təhsil haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, söhbət burada rus dilinə qarşı çıxamqdan getmir: "Biz tolerant xalqıq, rus dili böyük bir mədəniyyətin daşıyıcısıdır. Düşünürəm ki, uşağın ilk özünüdərki, milli şüuru ibtidai məktəbdə formalaşır. Bu baxımdan son dərəcə vacibdir ki, azərbaycanlı uşaqlar ibtidai təhsillərini ana dilində alsınlar". 
Təhsil eksperti Məlahət Mürşüdlü bildirdi ki, Azərbaycanda orta məktəbin rus bölməsinə daxil olan uşaqların sayının ilbəil artması maraqlı məqamdır:  “Azərbaycan dövlətinin maliyyəsi hesabına maliyyələşən məktəblərdə əcnəbi dil bölmələrinə geniş önəm verilməsi, burada rus bölməsi üzrə şagird kontingentinin artımı maraqlı məqam sayıla bilər. Rusiya bizə dost ölkədir. Rus dili və xalqının əleyhinə deyilik. Amma bu dil də ingilis, fransız, alman, ərəb və s. dillər kimi bizə yabançı dildir. Tədris proqramlarında da rus dili yabançı dil kimi keçirilir. 
Yaxşı ki, Milli Məclis deputatları diqqəti bu problemə cəlb edirlər. Yaranmış və getdikcə daha da genişlənməkdə olan bu proses barədə düşünməliyik. Bu işdə ziyalılarımız da aktiv olmalıdır. Onlar övladlarını rus dilli məktəblərə verməsələr, digərləri də onlara baxıb bu addımı atacaqlar”. 
M. Mürşüdlünün fikrincə, əcnəbi dillərdə olan məktəblər pullu olmalıdır:  “Fikrimcə, bu tendensiyanın qarşısını almaq üçün yeganə bir yol var, həmin siniflər ödənişli olmalıdır. Kim istəsə, pullu məktəblərə övladını qoya bilər. Təhsil Nazirliyi, Nazirlər Kabineti bu tendensiyanın qarşısını almaq üçün müəyyən addımlar atmalıdır. Əks halda, sovet dönəmində mövcud olan vəziyyətin təkrarı ilə üzləşəcəyik. Həmin illərdə Bakının mərkəzi rayonunda 32 orta məktəbdən 12-si rus dilli, 17-si rus dili avanqard olmaqla beynəlmiləl məktəb idi. Cəmi 3 ana dilli məktəb vardı. 
İndiki situasiyanın genişlənməsi fonunda məhz sovet dövründə mövcud olan həmin dönəmlərə qayıdacağıq. Azərbaycan müstəqil dövlətdir, təhsil ana dilində aparılmalıdır. Yabançı dildə məktəb açan ölkələr bunun qayğısını da özləri çəkməli, maliyyələşdirməli, təminatını da özləri verməlidirlər”. 
Ekspert bu qənaətdədir ki, ölkəmizdə işə qəbul prosesində rus dili də daxil xarici dillərin bilinməsinə daha çox önəm verildiyindən valideynlər də övladlarını məhz rus məktəblərinə qoymağa meylli olurlar: “Rus bölməsinə qoyulan uşaqların sayının artmasının nədən qaynaqlandığına gəldikdə, bunu elə şagirdlərin valideynlərilə aparılan kiçik sorğu ilə tam aydınlaşdlırmaq olar. Onlar bildirirlər ki, bu dilin öyrənilməsini vacib sayırlar. Digər tərəfdən, ölkəmizdə əksər işlərə qəbul zamanı ingilis və rus dilini bilmək kimi şərtlər qoyulur. Bunun özü də valideynləri rus dilli məktəblərə meyl etməyə sövq edir. Yəni işə qəbulda ölkəmizdə qoyulan tələbatdan irəli gələrək valideynlər də bu prosesin aktiv iştirakçılarına çevriliblər. Elə ailələr də var ki, evdə belə rus dilində danışırlar. Nəticədə onların uşaqları məktəbə qəbul olunanda ana dilini demək olar ki, mənimsəyə bilmir. 
Getdikcə daha çox uşağın orta məktəbin rus dilli bölmələrində təhsil alması ana dilimizin təhsil, təlim dili  dili olaraq tədricən sıradan çıxmasına gətirib çıxara bilər. Sovet dönəmində bu prosesi yaşadıq. Keçən əsrin 90-cı illərin əvvəllərinə qədər bu prosesin şahidi olduq. Hazırda elə vəziyyət yaranıb ki, hətta rusdilli müəllimlər üzrə çatışmamazlıq hiss olunur. Ona görə də bir çoxları Rusiyadan müəllimlərin dəvət edilməsi kimi təklifləri gündəmə gətirirlər.  Hazırda hökumətdə elə qurumlar var ki, orada çalışan məmurlar öz aralarında rus dilində danışır. Bütün bunlar yolverilməzdir”. 
Rüfət NADİROĞLU