Azərbaycan qonşu ölkələrlə birlikdə İKT sektorunda daha bir mühüm addım atır

6 Dekabr 2018 09:40 (UTC+04:00)

Azərbaycan, Rusiya, Türkiyə və İran informasiya və kommunikasiya texnologiyaları sənayesinin inkişafı üçün konsorsium yaratmaq barədə razılığa gəlib. Bu barədə "Bakutel-2018" sərgisi çərçivəsində keçirilən nazirlərin dördtərəfli görüşündə bildirilib. 

Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin sözlərinə görə, yaradılacaq konsorsium peyk rabitəsi, poçt, kibertəhlükəsizlik, telekommunikasiya infrastrukturunun inkişafı və digər sahələri əhatə edəcək. Ekspertlərin sözlərinə görə, qonşu dövlətlər arasında bu cür əməkdaşlıq böyük əhəmiyyətə malikdir. 
İnformasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə ekspert Cahid İsmayıloğlu bildirir ki, hazırda Azərbaycanda İKT sektoru yeni texnologiyaların tətbiqi istiqamətində dinamik sosial-iqtisadi inkişafı hədəf seçib: “İKT sektorunun inkişafı ilə bağlı qarşıya qoyulmuş məqsədlərə nail olunmaq üçün yerli və regional layihələr böyük əhəmiyyətə malikdir. Azərbaycanın, Türkiyənin, Rusiyanın və İranın corğrafi mövqeyi yaradılacaq konsorsiumun əhəmiyyətini artırır. İKT-nin inkişafını nəzərdə tutan xüsusi iqtisadi zonaların yaradılması və inkişaf etdirilməsi bu istiqamətdə effektiv ola bilər”.
Politoloq Qabil Hüseynli bildirdi ki, Azərbaycan, Rusiya, Türkiyə və İran qonşu dövlətlərdirlər: “Bu baxımdan onlar arasında əməkdaşlıq zəruridir. Orada xüsusi ilə Türkiyə varsa, Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir. 
Müasir elmin ən gərəkli sahələrində əməkdaşlıq ölkələr üçün strateji məsələdir. Düzdür, İrana qarşı tətbiq edilən sanksiyalar bu məsələdə müəyyən problem yarada bilər. Lakin digər dövlətlərdən ciddi dəstək gələrsə, elmtutumlu sahələrin yaradılmasında səylərin birləşdirilməsini alqışlamaq lazımdır. Bundan həmçinin hərbi, təhlükəsizlik məsələlərində də istifadə edilə bilər. Bunun da ölkəmiz üçün böyük əhəmiyyətinin olacağını indidən söyləmək mümkündür”.
Mübariz BAYRAMOV