Turizm Azərbaycana daha çox pul qazandıracaq

6 Dekabr 2018 09:50 (UTC+04:00)

“Azərbaycana qonşu ölkələrdən olan uçuşların sayı hələlik azdır”. Bunu yeni yaradılan Azərbaycan Hotel Assosiasiyasının İdarəedici direktoru Georq Kobos bu qurumun Birinci Baş Assambleyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycana xarici ölkələrdən həyata keçirilən avireyslərin sayının artırılması gündəmdədir: "Biz düşünürük ki, bu sahədə daha başqa hansı tədbirləri həyata keçirmək olar. Bu baxımdan aviaşirkətlər öz planlarını təqdim etməlidirlər. Biz bu sahədə hər kəsin səyini görmək istərdik". 

Ekspertlərin də fikrincə, ölkəyə gələn turistlərin sayında  nəqliyyatın mühüm rolu var. Bu baxımdan aviareyslərin sayının artırılması Azərbaycana gələn turistlərin sayının da çoxalmasına növbəti dəstək olar. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, turistlərin bir qismi məhz təyyarə ilə gəlirlər: “O baxımdan aviareyslərin sayının artması ölkəyə gələn turistlərin sayına da müsbət təsir göstərir. Bu, həm də turistlər üçün daha asan nəqliyyat vasitəsi kimi dəyərləndirilməlidir. 
Aviareyslərin sayının artması eyni zamanda bu sektorda rəqabətin güclənməsi və qiymətlərin tənzimlənməsinə gətirib çıxardacaq. Turist üçün bu amil çox vacibdir. Xüsusən yol xərci turistin ölkəni seçmək qərarına birbaşa təsir göstərir. Yəni, xərclərin aşağı olması ölkəyə gələn turistlərin sayını stimullaşdırır. Həmçinin turist üçün seçim imkanı yaranmış olur. Bəzi hallarda tranzitlərin sayı çox olur. Ölkəyə gələn turistlərin bir qismi məhz tranzitdən istifadə etmək məcburiyyətində qalırlar. Xüsusən də İstanbul üzərindən Azərbaycana uçurlar. Bu da onların həm zamanına, həm də xərcinə birbaşa təsir göstərir. Odur ki, birbaşa reys onlara daha qısa zamanda və az məsrəflə Azərbaycana səfər imkanı yaradır. Bu, nəticə etibarı ilə turistin xərcinin azalması ilə yanaşı, ölkəyə gələn turistlərin sayına müsbət təsir göstərir. O baxımdan  turistlərin sayını artması üçün aviareyslərin sayı artırılmalıdır. Bu, turistin seçiminə təsir göstərən ilk faktorlardan biridir. Odur ki, aviaşirkətlərin sayının artırılmasına, yerli aviareyslərin yaradılmasına ehtiyac var. Bunun nəticəsində yaxın gələcəkdə ölkəyə gələn turistlərin sayının 3 milyona çatmasını müşahidə edə bilərik”.
Azərbaycan Turizm Assosiasiyası İdarə heyətinin sədri Nahid Bağırov isə fərqli düşünür: “Aviaşirkət tələbat olduğu zaman həmin istiqamətdə reyslər açır. Odur ki, bununla bağlı müvafiq qurumlar təşviq işləri görməlidirlər. 
2017-ci ilədən etibarən ölkəmizə Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Bəhreyndən birbaşa reyslər açılıb. Çünki reyslərin yaranması üçün müəyyən işlər görüldü. Ölkə Prezidentinin müvafiq sərəncamları əsasında turizm sahəsində ciddi irəliləyiş qeydə alındı. Yəni, iş planı həyata keçiriləndən sonra tələbat artdı. Ondan sonra ərəb ölkələrindən birbaşa aviareyslər açıldı. Burada dövlətlə özəl sektor paralel işləməlidir. Ölkənin turizm potensialı tanıdılmalıdır ki, tələbat yüksəlsin. Ondan sonra özəl aviaşirkətlərin fəaliyyətləri genişlənə bilər”.
Mübariz BAYRAMOV