Dərinləşən humanitar böhran onu yaradanlara qarşı çevrilir

7 Dekabr 2018 09:40 (UTC+04:00)

Bu gün ikili standartlar nəticəsində dünya miqyasında humanitar böhran sürətlə dərinləşir. Məhz ikili standartların olmasının nəticəsidir ki, Azərbaycanın bir milyondan çox qaçqın və məcburi köçkünü hələ də öz doğma obalarına qayıda bilmir. Bu gün Suriyada sülh və əmin-amanlığın bərqərar olmamasının kökündə də məhz problemə dünya güclərinin ikili yanaşması durur. Nəticədə hazırda 5 milyondan çox suriyalı qaçqın dünyanın müxtəlif yerlərinə səpələnməyə məcbur olub. Bu və yaxud digər dünya gücünün öz marağı naminə həyata keçirdiyi ikili standartın nəticəsidir ki, hələ də planetimizin müxtəlif bölgələrində mövcud olan konfliktlər öz həllini tapa bilmir. Həllini tapmadıqca isə humanitar böhranlar da günü-gündən daha da dərinləşir. 

Belə vəziyyət dünya miqyasında hansı təhdidlər yaradır və ikili standartların onu tətbiq edənlərin özünə qarşı da təhlükəyə çevrilməsini gözləmək olarmı?
Qazqaf Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı öncə onu vurğuladı ki, ikili standartlar anlaşıyı siyasət anlayışı meydana çıxan andan gündəmdədir: “Beynəlxalq münasibətlər anlayışı ortaya çıxandan bu yana təəssüf ki,ikili standartlar problemi daim davam edir. 
Müasir beynəlxalq münasibətlərin formalaşmasında bir neçə tarixi hadisə əsas götürülür. 30 illik müharibədən, Vestfaliya sülhü, Vyana konqresi, I və II Dünya müharibələrindən sonra qalib dövlətlər tərəfindən dünyanın idarə olunması üzrə müəyyən prinsiplər müəyyənləşdiriblər ki, insan cəmiyyəti daha ciddi problemlər yaşamasın. Hətta Vyana Konqresində monarxiyalar özlərini qorumaq üçün müəyyənləşdirdikləri prinsiplərə belə əməl etmədilər. Bu mənada onlar Osmanlı İmperiyasına münasibətdə həmin prinsipləri gözləmədilər. Nəticədə digər monarxiyaların özləri də sonda böyük probelmlərlə üz-üzə qalaraq məhv oldular. Belədə görürük ki, beynəlxalq münasibətlər tarixində ikili münasibətlərin tarixi elə beynəlxalq münasibətlərin yaşı qədərdir. 
İkili standartlar qlobal miqyasda heç bir siyasi problemi həll etmir, əksinə problemləri daha da artıran əsas səbəbdir. Bu cür yanaşma həmçinin humanitar problemləri də gücləndirən əsas səbəblərdəndir. Böyük dövlətlərin imkan, güc, maddi-texniki, siyasi təsirləri daha geniş olduğundan əslində, onlar yaşanan humanitar problemləri minimuma endirə, dünyada sülhün bərqərar olmasını təmin edə bilərlər. Amma bunun üçün  dediyimiz ikili standartlardan əl çəkməlidirlər. Ancaq bir çoxlarının düşündüyü kimi, beynəlxalq münasibətlərin təbiəti bunun belə olmasını diktə edir. Eyni zamanda, əsrlər boyu davam edən imperalizm yarışı, onun forması dəyişsə də, mahiyyətini davam etdirməsi, böyük dövlətlərin daim daha böyük gücə sahib olmaları üçün humanizm, insanlıqla bağlı problemlərin həllini arxa plana keçirmələri ikili standartlara səbəb olur. Bu standartlar davam etdiyi müddətdə, qaçqınlara dəyər prizmasından fərqli yanaşma tərzi göstərildikdə, terrora fərq qoyulduqda, kiməsə qarşı olanda qlobal problem olduğu halda, digərinə qarşı olanda ona əhəmiyyət verilməməsi, ekoloji problemlərə ikili yanaşmalar fonunda belə standartlar da davam edəcək. Bu mənada da böyük dövlətlərin terrorla, humanitar fəlakətlə apardıqları mübarizə əslində, real mübarizə deyil. Həmin səbəbdən də imperalizm formanı dəyişib, mahiyyəti saxladığı kimi, problemlər də dövlətdən dövlətə, formadan formaya dəyişsə də, insanlıq üçün eyni şəkildə davam edir. Bunu xüsusən də öz timsalımızda, Azərbaycan ərazisinin bir hissəsinin Ermənistanın terrorçu rejimi tərəfindən işğalı, Suriya kimi problemlərdə görürük”.
Politoloq bildirdi ki, müasir dövrümüz üçün ikili standart yanaşma özünü təhlükəsizlik və ekologiya məsələsində göstərir: “Təhlükəsizlik və ekoloji problemlərin həlli məsələsində də bu kimi ikili standart yanaşmanın şahidi olmaqda davam edirik. Ətraf mühitin guya qayğısına qaldıqlarını deyən dövlətlər elə atmosferi ən şiddətli şəkildə çirkləndirən dövlətlərdir. Yəni, qlobal ekoloji problemlər daha çox böyük dövlətlərdən qaynaqlanır. Hansısa kiçik dövlətdə ekoloji baxımdan pis şəraitdə işləyən müəssisənin olduğunu bəyan edirlər. Amma ümumilikdə götürdükdə görərik ki, həmin kiçik ölkənin ekoloji duruma vurduğu ziyan onu ekoloji problem yaratmaqda ittiham edən böyük dövlətlərin vurduğu ziyandan az olur. Hələ onu demirik ki, əvvəlki dövrlərdə həmin böyük dövlətlər daha çox ekoloji problemlərə səbəb olublar. Təhlükəsizlik, terrorizm kimi məsələlərdə də ikili standartlar var. Böyük dövlətlər bu istiqamətdə də başqalarına daha çox dərs keçməyə çalışır. Beləliklə, böyük dövlətlər öz ikili standartları ilə dünya üçün daha çox problem yaradır, yaxud da mövcud problemlərin həllinə daha çox maneə olurlar”. 
A. Aslanlı onu da qeyd etdi ki, ikili standart tətbiq edən dövlətlərin özləri də gec-tez bu yanaşmanın hədəfinə çevrilirlər: “Vyana Konqresinin qərarlarına böyük dövlətlərdən bəziləri əməl etməyərək, Osmanlı dövlətinə münasibətdə onu pozanda, bilməli idilər ki, əvvəl-axır belə yanaşmaları özlərinə də ziyan vuracaq. Belə ki, həmin konqresdən sonra böyük dövlətlər Osmanlı ərazisindəki milli azlıqların separatçılıq meyllərinə dəstək verdilər. Həmin dövrdə Avstriya xarici işlər naziri Metternix bildirmişdi ki, “Osmanlı donanmasını yandırmaqla, həm də Vyana Konqresinin qərarlarını yandırdıq”. Nəticədə həmin yanaşma tərzi dalğavari effekt göstərərək, I Dünya müharibəsində digər imperiyaların da dağılmasına səbəb oldu. 11 sentyabr hadisələrilə bağlı da ABŞ itiham etdiyi qruplara Əfqanıstan müharibəsində Sovetlərə qarşı mübarizədə dəstək vermişdi. Hansı ki, 11 sentyabr hadisəsi göstərdi ki, dəstək verdiyi qüvvələr sonradan silahı onun özünə qarşı 
yönəltdilər. Yəni, ikili standartlar hansı prosesdə tətbiq olunursa, əvvəl-axır onun ağır nəticələri həmin standartları tətbiq edən dövlətlərin özlərinə də gəlib çatır. İstənilən ərazidə baş verən problem gec-tez onu tətbiq edənlərə də təsir edir. Bu birmənalıdır. Həm təhlükəsizlik, hə də ekoloji problemlər onu tətbiq edənlərə qarşı daha ciddi şəkildə çevrilə bilər. Ekoloji, təhlükəsizlik kimi problemlər qlobal nəticələr yaradır. İkili standartları tətbiq edənlərin özləri də bundan sığortalanmayıb, hətta özləri daha böyük hədəfə çevrilə bilərlər”.
Rüfət NADİROĞLU