Məzarlıqlarda standartdan kənar başdaşı qoyduranlar, ölməmiş boş torpaq alıb hasarlayanlar cərimələnəcək-Rəsmi

7 Dekabr 2018 16:00 (UTC+04:00)

Nazirlər Kabineti “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” nı təsdiq edib. Bu Qaydalarda qəbiristanlıqların salınması, idarə olunması, qorunması, köçürülməsi və bağlı elan edilməsi, eləcə də  dəfnlərin vahid dövlət reyestrinin aparılması ilə bağlı tələblər öz əksini tapıb. Tələblər arasında qəbir yerlərinin rezervasiyası və qəbirüstü tikililərə dair tələblər  də yer alıb.  

Qeyd edək ki, hazırda məzarlıqlarda dəfnin təşkili, qəbirüstü tikililərlə bağlı ciddi nöqsanlar var. Məzarlıqlarda boş yerlərin hasarlanaraq  saxlanılması, eləcə də, qəbirüstü dəbdəbəli tikililərin inşası ictimaiyyət tərəfindən tənqid edilməsinə baxmayaraq hələdə belə hallara rast gəlmək mümkündür. Bəs görəsən yeni qaydalar bu kimi nöqsanların qarşısını alacaqmı?

Elə bu sualla Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənova müraciət etdik.
S. Həsənov Movqe.az-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin  təsdiqlədiyi yeni qaydaların əksər hissəsi indiyədək də qüvvədə olan qaydalardır. Amma müxtəlif səbəblərdən bəzi məzarlıqlarda bu qaydalara əməl edilməyib: “Bizim tabeliyimizdə 33 qəbiristanlıq var. Onların heç birində boş qəbir yerinin bir  nəslə yaxud da bir neçə nəfərə satılmasına yol verilməyib. 10 ildir ki, biz bu məsələyə çox ciddi nəzarət edirik.  Elə köhnə qaydalarda da göstərilirdi ki, qonşu qəbir yerinin əvvəlcədən rezervasiyasına yalnız dəfn edilmiş şəxsin ərinin, arvadının yazılı müraciəti əsasında yol verilir. Yəni ancaq həmin məzar yerinin yanında bir nəfər üçün yer saxlanılmasına icazə verirdik. Düzdür, bəzi qəbiristanlıqlarda belə hallar var. Amma biz buna ciddi nəzarət edirik”. 
S. Həsənov bildirir ki, qəbirüstü tikililərdə də standartların tələblərinə əməl edilməsinə nəzarət gücləndiriləcək: “Dəfn üçün hər bir qəbir üzrə 5 kvadratmetr sahə ayrılır. Qəbirlərarası orta məsafə uzun tərəflər üzrə 1 metr, qısa tərəflər üzrə 0,5 metr nəzərdə tutulmalıdır. Ölmüş şəxsin ölçüləri nəzərə alınmaqla, qəbir yerinin ölçüsünün mütənasib qaydada dəyişdirilməsinə yol verilir. Qaydalarda qəbirüstü tikililərə dair tələblər öz əksini tapıb. Belə ki, dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən qəbirüstü tikililər quraşdırılarkən, ölmüş şəxsin dini mənsubiyyəti nəzərə alınır, soyadı, adı, atasının adı, doğum və ölüm tarixləri qəbirüstü tikililərdə qeyd olunur. Başdaşı qoyulduğu halda, hündürlüyü 1,0 metrdən və eni 0,6 metrdən artıq olmamaqla, eni 0,6 metr və hündürlüyü 0,25 metr olan altlıq üstündə quraşdırılmalıdır. Sinədaşı qoyulduqda hündürlüyü torpaqdan 0,2 metrə, uzunluğu 1,2 metrə və eni 0,6 metrə qədər olmalıdır. Qəbirüstü tikililərin quraşdırılmasında cərgə ilə sıralanmaya əməl olunmalı və qəbrin ətrafı hasara alınmamalıdır. Biz ciddi nəzarət edirik ki, bu standartların tələbləri pozulmasın. Bundan sonra nəzarət daha gücləndiriləcək.  Heç kəsə yaxının məzarı üzərində standartdan kənar başdaşı qoymağa icazə verilməyəcək”. 
Trest mühəndisinin sözlərinə görə, qaydanı pozmağa cəhd edən şəxslər isə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə ediləcəklər. Bu qanunun 516-1 maddəsində “Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması” bəndi öz əksini tapıb. Məcəllənin 516-1.1 bəndində qeyd edilib ki, dəfn barədə məlumatın dəfnlərin vahid reyestrində yerləşdirilməməsinə və ya vaxtında yerləşdirilməməsinə görə vəzifəli şəxslər yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. Qəbiristanlıqların qorunması tələblərini, eləcə də  dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarını pozanlar isə fiziki şəxs olduqları halda iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxs olduqda isə beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcəklər. Qəbir yerlərinin rezervasiyası tələblərini pozaraq dəfnə icazə verilməyən ərazilərdə dəfnləri həyata keçirənləri isə bu əməllərinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə gözləyir. Ona görə də, biz hər kəsi bu qaydalara əməl etməyə çağırırıq. Heç kəs öz yaxının məzarı üzərində standartdan kənar tikili inşa etməyə cəhd göstərməsin”.
S. Həsənovun sözlərinə görə, Qaydaların tələbləri Fəxri xiyabanlarda, Şəhidlər xiyabanlarında və kütləvi, qardaşlıq məzarlıqlarında aparılan dəfnlərə, habelə Vətən uğrunda şəhid olan hərbçilərin dəfn mərasimlərinə şamil edilmir.  

Zülfiyyə QULUYEVA