Azərbaycanda İƏT-ə üzv ölkələrin əmək nazirlərinin iclası başlayıb

25 Aprel 2013 11:38 (UTC+04:00)

Mövqe.az-ın məlumatına görə,  iki gün davam edəcək konfransda dünyanın 50-dən çox İslam ölkəsinin əmək nazirləri iştirak edir. Konfransın məqsədi İƏT ölkələri arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üçün möhkəm zəmin yaratmaq, əmək potensialının yüksəltmək, işsizliyin səviyyəsini azaltmaq və əhalinin rifahını artırmaqdır.

Tədbiri giriş sözü ilə açan Səudiyyə Ərəbistanı Krallığının əmək nazirinin müavini Moffarej əl-Hoqubanin bildirib ki, əmək nazirlərinin birinci iclasından sonra İslam ölkələrində əmək bazarlarının inkişafı, işsizliyin aradan qaldırılması istiqamətində işlər görülüb, iş təminatı, təlimlə bazar arasında boşluqların aradan götürülməsi, özəl və dövlət sektorları arasında münasibətlərin yaradılması istiqamətində mühüm işlər görülüb: "Buna baxmayaraq, maliyyə və iqtisadi böhran İslam ölkələrinə də mənfi təsir edib. Bunun nəticəsində 5 il öncə işsizlik rekord hədə çatıb. Bunun nəticəsində İslam ölkələrində 200 mln. insan işsiz qalıb. İşsizlik gənclərə mənfi təsir edib və ərəb ölkələrində inqilabların baş verməsinə əsas təkan verib. İşsizliyin qarşısını almaq üçün layihələrin həyata keçirilməsi ölkələrdə inqilabi hərəkətlərə qarşı əsas mübarizə üsuluna çevrilib. Sağlam və təhlükəsizlik əmək mühitinin yaradılması əsas mübarizə üsuluna, sosial və iqtisadi inkişaf başlıca amilə çevrilməlidir. Kənd yerlərində insan kapitalından səmərəli istifadə edilməlidir".

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov isə tədbirin gündəliyi və əhəmiyyəti barədə qonaqlara məlumat verib.

Qeyd edək ki, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirin yekunu olaraq əmək nazirləri tərəfindən Bakı Çərçivə sənədi və Qətnamənin, həmçinin Bakı Bəyannaməsinin qəbul olunması nəzərdə tutulur. Qeyd olunan sənədlər İƏT-ə üzv ölkələrin əmək nazirlikləri arasında əməkdaşlıq prioritetlərini müəyyən etməklə, eyni zamanda bu əməkdaşlıq üzrə vahid əlaqələndirmə şəbəkəsinin yaradılmasını və bu əlaqələndirmə vəzifəsinin yaxın iki ildə Azərbaycan tərəfindən yerinə yetirilməsini nəzərdə tutur.