LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

25 Aprel 2013 09:00 (UTC+04:00)

Mövcud olduğu regionun lideri statusunu daşıyan, ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra tarix üçün qısa hesab edilən zaman kəsiyində beynəlxalq hüququn güclü müstəqil subyektlərindən birinə çevrilməyi bacaran, bu göstərici üzrə təkcə MDB yox, daha böyük coğrafi məkanı əhatə edən dövlətlər arasında seçilənlər sırasına daxil olan Azərbaycan sosial-iqtisadi tərəqqi tempinə görə əvvəlki kimi dünya birinciləri sırasında yer alır.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün yeni əsrin tələbləri çərçivəsində daha da zənginləşdirilərək uğurla davam etdirilməkdədir. Bunun nəticəsidir ki, beynəlxalq sferada ölkəmizin qazandığı uğurlar və bunun yollarına maraq artan xətt üzrə inkişaf edir. Qazanıdan nailiyyətlərdə isə ölkə regionlarını payı mütəmadi olaraq artır.
Regionların dinamik inkişaf yolunda olmasını Ağstafa rayonunun timsalında da görmək olar. Məlumat üçün bildirək ki, Ağstafa rayonunun ərazisi 1504 kvadratkilometr, əhalisi bu ilin yanvarına olan tarixə rəsmi qeydiyyatda 82,7 min nəfərdir. Rayonda 1 şəhər, 9 qəsəbə və 29 kənd yaşayış məntəqəsi vardır. Yaşayış məntəqələri 29 inzibati ərazi dairəsi və 29 bələdiyyə vasitəsi ilə idarə olunur. Rayon ərazisində 132 idarə, müəssisə və təşkilat, 5 bank filialı, 2 bank olmayan kredit təşkilatı, 4 mehmanxana fəaliyyət göstərir.
Məşğul əhalinin əsas hissəsi kənd təsərrüfatında, rayonda fəaliyyət göstərən sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət, ictimai-iaşə xidməti sahəsində çalışır. Hazırda məşğul əhalinin sayı təxminən 40 min nəfərdir. Qeyd edək ki, "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının qanununa müvafiq olaraq Ağstafa rayonunun 2012-ci il büdcəsi mədaxil üzrə 14816051 manat, mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 11452051 manat, gəlirlər 3364000 manat təsdiq olunub. 2011-ci ilə nisbətən 2012-ci ildə büdcə xərcləri 2,2 faiz az, gəlirlər 2,7 faiz çox təsdiq olunub. Gəlirlər xərclərin 22,7 faizini təşkil edir. 2012-ci il yerli büdcədə ümumi xərclərin 79 faizini əməyin ödənilməsi fondu və sosial müdafiə xərcləri təşkil edib. 2012-ci ilin büdcəsində təhsil xərcləri 63 faiz, səhiyyə xərcləri 16 faiz, mədəniyyət xərcləri 5 faiz, ümumdövlət xidməti xərcləri 8 faiz, iqtisadiyyatın maliyyələşdirilməsi 8 faiz təşkil edib.
Ötən il ərzində rayon üzrə ümumi məhsul buraxılışının həcmi 110406,6 min manat olub, bu ötən illə müqayisədə 18,1 faiz çoxdur. Ümumi məhsul buraxılışının tərkibində sənaye məhsulunun həcmi 3657,3 min manat, əvvəlki ilə nisbətdə 1,2 faiz çox , kənd təsərrüfatı məhsulları istehsalının həcmi 41818,8 min manat, əvvəlki ilə nisbətən 13,8 faiz çox, əsas kapitala yönəldilən investisiyaların həcmi 43782,5 min manat əvvəlki ilə nisbətən 39,9 faiz çox, nəqliyyat xidməti 2406 min manat, 3,5 faiz çox, rabitə xidməti 460,7 min manat, 12,4 faiz çox, ticarət 25630,2 min manat, 2,3 faiz çox təşkil edir. İl ərzində əhaliyə göstərilən pullu xidmətlərin həcmi 26823,2 min manat olub ki, bu da keçən illə müqayisədə 5,7 faiz çox, pərakəndə əmtəə dövriyyəsi 81108,3 min manat olb ki, bu da ötən illə müqayisədə 4,9 faiz çoxdur. Rayon üzrə orta aylıq nominal əmək haqqı 227,4 manat olmaqla 8,4 faiz artıb.
Ağstafa rayonu üzrə 2012-ci il ərzində 797 nəfər işlə təmin olunub. Rayon üzrə işlə təmin olunanların 56,6 faizi daimi işlərdə işləyənlərdir. Ümumi məhsul buraxılışının tərkibində qeyri-dövlət sektorunun xüsusi çəkisi 65,4 faiz təşkil edir.Ümumiyyətlə, Ağstafa rayonun sosial-iqtisadi inkişafında 2003-2012-ci illərdə ümumi məhsul buraxılışının həcmi 4,2 dəfə, sənye məhsulunun istehsalı 4,3 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 2,5 dəfə, əsas kapitala yönəldilən investisiyaların həcmi 23 dəfə, nəqliyyat xidməti 2,0 dəfə, rabitə xidməti 2,3 dəfə, ticarət 5,1 dəfə artıb. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 10,8 dəfə, pərakəndə əmtəə dövriyyəsi 4,3 dəfə, orta aylıq nominal əmək haqqı 7,8 dəfə artıb.
Ağstafa rayonunda umümi məhsul istehsalının 40 faizə qədərini kənd təsərrüfatı məhsulları təşkil edir. 2012- ci ildə rayon üzrə 11.966 hektar sahədə taxıl əkini aparılıb. Bu, Ağstafa rayonunun tarixində rekord taxıl əkini sahəsidir. 2011-ci illə müqayisədə əkilən sahə 1784 hektar çoxdur. 2012-ci ildə torpaq mülkiyyətçiləri və fermerlər tərəfindən 31502 ton məhsul yığılıb ki, bu da 2011-ci ilin məhsulundan 7102 ton çoxdur. Rayon üzrə orta məhsuldarlıq 26,3 sentner olmaqla əvvəlki ildən xeyli artıqdır. 2012-ci ildə rayonun kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən kartof, bostan-tərəvəz məhsulları və meyvə yetişdirilməsi sahəsində uğurlu nəticələr əldə edilib. 540 hektar kartof sahəsindən 56430 sentner, 568 ha tərəvəz sahəsindən 60590 sentner, 153 ha bostan sahəsindən 15821 sentner, 1573 ha qarğıdalı sahəsindən 39633 sentner, 419 ha günəbaxan sahəsindən 6662 sentner, 1158 ha meyvə bağları sahəsindən 94581 sentner məhsul toplanıb.
2012-ci ilin əvvəlində qış mövsümünün şaxtalı və soyuq keçməsininin yaratdığı çətinliklərə baxmayaraq, iri buynuzlu mal-qaranın sayı 213 baş artaraq 25738 başa, xırda buynuzlu davarların sayı 130 baş artaraq 172291 başa, quşların sayı 4414 baş artaraq 297839 başa, atların sayı 65 baş artaraq 1680 başa, arı ailələrinin sayı 20 ailə artaraq 2030-a çatdırılmışdır. Ət istehsalı 126 ton artaraq 3682 tona, süd istehsalı 1001 ton artaraq 14863 tona, yun istehsalı 3 ton artaraq 302 tona, yumurta istehsalı 629 min ədəd artaraq 8 milyon 205 min ədədə çatıb.
Rayonda 1056 hektar bağda bol məhsul yetişdirən fermerlər sahələrdən 9 min 458 ton meyvə yığıblar. Tədarük olunan meyvə ötən illə müqayisədə 2 min 183 ton çoxdur.
2012-ci ilin aprel ayında rayonda Azərbaycan İnvestisiya Şirkətinin Almaniya şirkətləri ilə birgə layihəsi hesabına yaradılmış "Ağstafa Aqroservis" müəssisəsinin fəaliyyətə başlaması Ağstafada və qonşu rayonlarda aqrar sektorun inkişafına ciddi təkan verib. Bu müəssisə rayonda aqrotexniki xidmətlərin müasir standartlara uyğun qurulmasına, məhsuldarlığın artırılmasına və torpaq ehtiyatlarından daha da səmərəli istifadə edilməsinə imkan yaradıb. Bu layihənin davamı olaraq "Ağstafasüd" kompleksinin tikintisi uğurla həyata keçirilir. 6500 hektar ərazini əhatə edəcək "Ağstafasüd" kompleksində yem və heyvandarlıq təsərrüfatı, süd emalı zavodu fəaliyyət göstərməklə, 6600 baş iribuynuzlu mal-qara saxlanılacaqdır. Bu layihənin tərkib hissəsi kimi, Ağstafa rayonunda 30 min tonluq taxıl anbarı, saatda 30 ton istehsal gücünə malik un istehsalı müəssisəsi, çörək və qənnadı məmulatları zavodlarının tikintisinə də başlanılması nəzərdə tutulur. Ümumilikdə bu müəssisələrin fəaliyyətə başlaması rayonumuzda əlavə 300-ə yaxın yeni iş yerinin açılmasına şərait yaradacaqdır.
Ötən ilin sonunda isə Ağstafa şəhərində qəzalı kommunal binalarda yaşayan əhalinin mənzil şəraitlərinin yaxşılaşdırılması üçün inşa olunan 24 mənzilli yaşayış binasının açılışı olub. Burada bir daha diqqətə çatdırılıb ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində müstəqil dövlətimiz gündən-günə qüdrətlənir, əhalinin maddi rifah halı yüksəlir, ölkənin hər bir yerində yeni məktəblər, səhiyyə ocaqları, yaşayış binaları tikilərək istifadəyə verilir. Ağstafada istifadəyə verilən 24 mənzilli yaşayış binası bunun bariz nümunəsidir.
Rayon əhalisinin təbii qaz ilə təmin olunması istiqamətində məqsədyönlü tədbirlər görülür. Artıq rayonun Qarahəsənli, Düzqışlaq, Xılxına, Kolxəlifəli, Kolayır, Molla Cəfərli və Pirili kəndlərinin qazlaşdırılmasında son tamamlama işləri aparılır. Yaxın günlərdə bu kəndlərin əhalisi təbii qaz ilə təmin olunacaqdır. Bu günlərdə isə Ağstafa rayonunun Aşağı Göycəli kəndində 256 nömrəlik yeni elektron tipli avtomat telefon stansiyası qurularaq istifadəyə verilib.
Hazırda həmin kənddə abonentlərə telefon çəkilişi davam edir. Rayonda internetdən istifadə edənlərin sayı günbəgün artır. Belə ki, ötən il 860 nəfər internet istifadəçisi olduğu halda, indi 1.250 nəfərdən çox rayon sakini sürətli internetdən istifadə edir. Son zamanlar kənd əhalisi arasında da internet istifadəçilərinin sayı artıb. Cari ilin birinci rübündə Köçəsgər, Dağkəsəmən, Poylu, Qıraqkəsəmən və Eynallı kəndlərində ADSL avadanlığı qurulub. Hazırda bu kəndlərdə 392 nəfər abonent sürətli internetdən istifadə edir. "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağstafa poçt filialının kollektiv isə cari ilin yanvar-mart aylarını uğurla başa çatdırıb. Belə ki, kollektiv üç ayda 28 min 540 manat əvəzinə 54 min 550 manat vəsait əldə edərək tapşırığa 191 faiz əməl edib. Bundan əlavə, üç ayda Muğanlı kənd poçt binasında cari təmir işləri aparılıb, Xətai və Aşağı Göycəli kənd poçt şöbələrinin dam örtükləri dəyişdirilib.
Rayon ərazisində çoxsaylı arxeoloji və tarixi abidələr var. Onların arasında Aşağı Göyçəli kəndindəki Töyrətəpə adlı, tunc dövrünə aid insan məskəni və Dağ Kəsəmən kəndində tunc dövrünün sonu - dəmir dövrünün əvvəlinə aid Çobandaşlı adlı məskən dünya əhəmiyyətli abidələr sırasına daxil edilib. Bu cür abidələrlə rayonun başqa yerlərində da rast gəlmək olar. Köçəsgər kəndinin yaxınlığında Molla Nağı təpəsi (daş dövrü), tunc və dəmir dövrlərinə aid Durnatəpə, Böyüktəpə, Şiş Quzeyi Piri və orta əsrlərə aid Haca Dağ Piri adlı abidələr, Ağstafa şəhərinin yaxınlığında tunc və dəmir dövrlərinə aid Cantəpə, Yastıtpə qədim yaşayış yerləri buna misaldır. Tatlı, Yuxarı Göyçəli, Həsənsu, Aşağı Göyçəli kəndləri də qeyd edilməlidir. Arxeoloji qazıntılar zamanı bu ərazidə tapılmış küpələr, boyunbağılar, kasalar, vazalar, müxtəlif məişət əşyaları yerli diyarşünaslıq muzeyində saxlanır. Memarlıq abidələri xüsusi maraq doğurur: XVII əsrə aid qüllə, Qıraq Kəsəmən kəndində XIX əsrə aid məscidlər, Kolxəlfəli, Qarahəsən, Dağ Kəsəmən və başqa kəndlərdə XIX əsrdə tikilmiş məscidlər və s. Bunlar həm də turizmin inkişafı üçün zəmin yaradır. Digər sahələr üzrə də dinamik tərəqqi qeydə alınır.

Elşən BAYRAMOV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.