Avro Azərbaycan üçün yenidən təhdid yaradır

26 Aprel 2013 08:21 (UTC+04:00)
Avropada getdikcə dərinləşməkdə olan iqtisadi böhran gözlənildiyi kimi dollardan sonra dünyanın ikinci nömrəli valyutası sayılan avronun mövqeyini də sürətlə sarsıtmaqdadır. Hətta iş o yerə çatıb ki, inkişaf etməkdə olan ölkələrin bir çoxu öz avro ehtiyatlarını satmağa və onu başqa valyutalarla əvəzləməkdədirlər.
Beynəlxalq Valyuta Fondunun məlumatlarına görə, təkcə ötən il inkişaf etməkdə olan ölkələrin bankları tərəfindən 45 milyarddan çox avro satılıb. Elə bu amilin özü də avronun sürətlə dəyərdən düşməsində az rol oynamır. Cari ild isə valyuta ehtiyatlarında avrodan xilas olmaq istiqamətində bir sıra dövlətlər tərəfindən daha intensiv addımlar atılmaqdadır. Harvard Univesitetinin mütəxəssisi Cefri Frenkel də qeyd edir ki, o, avronun heç bir perspetivini görmür.
Ekspertlər isə hesab edir ki, valyuta ehtiyatlarının təxminən 30 faizi avroda saxlanan Azərbaycan da Avropa valyutası ilə siyasətində yeniliklər etməlidir.
Avropada həll edilə bilməyən borc böhranı tezliklə avrozonanın dağılacağı barədə proqnozları gündəmə gətirir. Bəzi ekspertlər isə hətta irəli gedərək bu ili avro üçün son il sayırlar. Sözügedən pula qarşı Avropanın özündə də narazılıqlar artır. Məsələn, ötən ay Almaniyada yaradılan yeni siyasi partiyanın bircə əsas məqsədi var: o, avroya siyasi üsyan edir və avroya müharibə elan edir. Partiyanı yaradan təşəbbüs qrupu yüksək səviyyəli iqtisadçılardan və akademiklərdən ibarətdir. Onlar avrodan təəsüflərini bildirirlər və milli pullara qayıtmağa və yaxud bir neçə güclü ölkəni birləşdirən pul birliyinə çağırırlar.
Hazırda avro məkanına 17 ölkə daxildir. Təkcə Avropada avrodan gündə 334 milyon adam istifadə edir.
Almaniyanın yeni siyasi partiyasını yaradanlar isə təklif edirlər ki, vahid pul birliyini Avropanın sağlam iqtisadiyyatlı ölkələri ilə yaratmaq lazımdır, məsələn, Almaniya bu birliyi Avstriya, Finlandiya və Niderlandla yarada bilər. Yeni partiyanı yaradanlar Almaniyanın aparıcı iqtisadçılarıdır. Onlar hesab edirlər ki, heç bir ölkə digər ölkənin borcunu öz üzərinə götürə bilməz və Avropa Sabitlik Mexanizmi adlı fond buraxılmalıdır. Xatırladaq ki, Yunanıstanın borcunun çox hissəsini Almaniya öz üzərinə götürür, həmin sabitlik fondunun isə 27 faizini tək Almaniya verir. Avronu tərk etmək avrozonada, o cümlədən Almaniyada yeni ideya deyil. Bir vaxtlar avronun böyük təşəbbüskarı olan almanlar indi avronu qorumağın xərclərindən getdikcə daha çox narahat olurlar. ZDF televiziyasının bu yaxınlarda keçirdiyi sorğuda respondentlərin 50 faizi hesab edir ki, onların ölkəsi üçün avrosuz daha yaxşı olardı.
Onu da bildirək ki, avrozonadaki böhran Azərbaycanın iqtisadi maraqlarına uyğun deyil. Çünki bütün hallarda Avropa Biliyi Azərbaycanın əsas tərəfdaşlarından biridir. Azərbaycanın xarici valyuta dövriyyəsinin 65 faizi Avropa Birliyinin payına düşür. Avrozonanın və eləcə də Avropa Birliyinin neftin dünya bazarında qiymətinin müəyyənləşməsində böyük təsirləri var. Çünki, Avropa Birliyi dünya bazarında ikinci ən böyük neft alıcısıdır. O baxımdan Azərbaycan Avropa Birliyində böhranın dərinləşməsində maraqlı deyil. Eyni zamanda o da faktdır ki, avrozonadaki böhran Azərbaycan iqtisadiyyatına birbaşa təsir göstərmir. Sadəcə, bu, avronun məzənnəsinin aşağı düşməsi nəticəsində avro ilə saxlanılan dövlət rezevrlərinin dəyərlərinin müəyyən qədər azalmasına təsir göstərir. Amma bütövlükdə Avrozonadakı böhranın Azərbaycana birbaşa təsiri yoxdur. Çünki Azərbaycan səhm bazarı Avropa Birliyinin səhm bazarına inteqrasiya olmayıb. Azərbaycan qiymətli kağız bazarına da avrozonadaki böhran hələlik birbaşa təsir göstərmir. Amma böhran dərinləşərsə, neftin dünya bazarında qiymətinin aşağı düşməsinə, Avropa Birliyinin idxal potensialının azalması kimi təsirlərə malik olacaq. Bu isə ölkəmizə də təsir deməkdir. Məsələn, Avropa Birliyi neftə olan tələbatın formalaşmasında bilavasitə iştirak edir. Məlumdur ki, neft istehlakına görə, Avropa dünyada ikinci qitədir. Eyni zamanda Avropa Birliyindəki böhranın aradan qalxmsı, avronun məzənnəsinin möhkəmlənməsinə gətirib çıxaracaq ki, bu da Azərbaycanın avro ilə saxlanılan rezervlərinin dəyərinin artmasına şərait yaradacaq.