AHİK respublika müsabiqəsinin qaliblərini mükafatlandırıb

26 Aprel 2013 14:01 (UTC+04:00)

Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşəbbüsü ilə Ümumdünya Əməyin Mühafizəsi gününə həsr olunmuş "Peşə xəstəliklərinin profilaktikası", "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

Mövqe.az-ın xəbərinə görə, tədbirdə çıxış edən AHİK-in sədri Səttar Mehbalıyev bildirib ki, keçirilən müsabiqələrin əsas məqsədi konfederasiyanın üzv və tabeliyindəki müəssisə və təşkilatlarda həmkarlar ittifaqı nəzarətinin səmərəliliyini yüksəltmək, işəgötürənlər tərəfindən işçilərin qanuni hüquq və mənafelərini həyata keçirmək, onlar üçün sağlam və təhlükəsiz əmək şəraiti yaratmaqdır.

 

Onun sözlərinə görə, müsabiqə, həmçinin qabaqcıl iş təcrübələrini yaymaq və təbliğ etmək, hər bir iş yerində təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində həmkarlar ittifaqı təşkilatlarını və işəgötürənləri mənəvi və maddi cəhətdən həvəsləndirmək, istehsalat zədələnmələrinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək kimi məqsədlərə xidmət edir: "Müsabiqədə 1200-dən artıq müəssisə, təşkilat, sex və sahə iştirak edib. AHİK-in münsiflər komissiyası 180-dən çox müəssisənin namizədliyini İcraiyyə Komitəsinin müzakirəsinə çıxarıb və 19 sahə həmkarlar ittifaqını təmsil edən 45 müəssisə, təşkilat, sex və sahə daha yüksək göstəricilərə nail olduğuna görə qalib elan olunub. Bugünkü tədbirin əsas məqsədi hər bir işçinin təhlükəsiz və sağlam əməklə təmin olunmasına həsr olunub".

 

Daha sonra müsabiqə qaliblərinə mükafatlar təqdim olunub.