Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

26 Aprel 2013 12:40 (UTC+04:00)

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 105 il keçir.

 

Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın  Ərdəbil vilayətində dünyaya göz açıb. Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal Paşayev elə həmin ildə də ilk tədqiqat əsərini yazıb. Gərgin zəhmətinin bəhrəsi olan "Füzuli sənətkarlığı", "XX əsr Azərbaycan ədəbiyyatı", "Azərbaycanda ədəbi məktəblər (1905-1917)", "Ədəbiyyatşünaslığın əsasları" adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qızıl nüsxələrindəndir. Yazıçının qələminə altı roman məxsusdur.

 

Onların arasında "Bir gəncin manifesti", "Dirilən adam", "Yolumuz harayadır" keçmişdən,  "Açıq kitab", "Yaşıdlarım" və "Yeni şəhər" isə müasir həyatdan bəhs edir. Mir Cəlal Paşayev 1940-cı ildə "Füzulinin poetik xüsusiyyətləri" əsərinə görə, filologiya elmləri namizədi, 1947-ci ildə isə "Azərbaycanda ədəbi məktəblər" əsərinə görə filologiya elmləri doktoru alimlik dərəcələrini alıb. Görkəmli yazıçı, alim, Mir Cəlal Paşayevin əsərləri bir çox xarici dillərə tərcümə edilib, onun əsərləri müxtəlif ölkələrin oxucularında sonsuz maraq doğurub.