Yeni Qarabağ savaşı başlanır?!

5 Yanvar 2019 07:00 (UTC+04:00)

“Hər şey ona doğru gedir ki, bu ilin yazında və ya yayda, hava şəraiti imkan verəndə Bakı Qarabağda tammiqyaslı müharibəyə başlayacaq”. Belə narahatlıqla erməni hərbi ekspert Van Ambarsumyan çıxış edib. 

Onun iddiasına görə, 2018-ci ilin aprelindən bəri Azərbaycan təmas xəttinə quru qoşunlarını cəmləşdirib: “Durmadan belə xəbərlər daxil olurdu ki, Azərbaycan Silahlı Qüvvələri təmas xəttinə quru qoşunlarının hərbi texnikasını, yedəyə alınan artilleriyadan tutmuş özüyeriyən artilleriya qurğularına, reaktiv yaylım atəşi sistemlərinə, piyadaların döyüş maşınlarına, zirehli transportyorlara və əsas döyüş tanklarına qədər, irəli çəkib. Böyük miqdarda qüvvə cəmləyiblər. Bu qoşunları indiyə qədər mövqelərdən geri çəkilməyib. Yəni onlar ön xətdən daimi dislokasiya yerlərinə qayıtmayıblar”.
Qeyd edək ki, yerli ekspertlər də Van Ambarsumyanın proqnozu ilə həmfikirdilər.  Ermənilərin qorxusunu şərtləndirən səbəblər var. Hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev bildirir ki, V. Ambarsumyanın verdiyi açıqlamalar anlaşılandır: “Çünki Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəldikdən sonra Rusiya ilə soyuq münasibətlərin yaranması, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı daxilində baş katibin seçimi ilə bağlı fikir ayrılıqları artıq özünü açıq şəkildə büruzə verməyə başlayıb. Odur ki, hərbi əməliyyatların başlaması ilə verilən proqnozlar reallığa yaxındır. 
Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan 27 ildə heç kompromis addım atmağa çalışmadı. Təxribatçı addımlar atılması, mülki əhalinin atəşə məruz qalması kimi faktlar var ki, döyüş əməliyyatlarını V.Ambarsumyanın dediyi vaxtdan da tez bərpa edə bilək. Bunun üçün Azərbaycanın siyasi, hüquqi, diplomatik əsasları var. Bunu Ermənistan cəmiyyəti də anlayır. 
Nəzərə alaq ki, ötən il əldə etdiyimiz silahlar da daha çox hücum xarakteri daşıyır. Odur ki, yaya qədər gözləməyimizə elə bir səbəb yoxdur. Lakin Azərbaycan danışıqlar məsələsində həddindən artıq səbrli olması da diqqəti cəlb edir.  Ermənistan tərəfinə savaşın dəqiq tarixi barədə xəbərdarlıq edilməlidir. Onlara ən azından işğal olunmuş ətraf rayonların boşaldılması üçün konkret müddət təyin edilməlidir. Əks halda bütün dünya ictimaiyyətini öncədən məlumatlandırmaq şərti ilə hərbi əməliyyatların bərpası qaçılmaz olacaq. 
Ümumiyyətlə, nə ölkə rəhbərliyi tərəfindən, nə də hərbi elita tərəfindən müharibə heç vaxt istisna olunmayıb. Sadəcə, sülh danışıqlarına üstünlük verilir. Bunun da bəlli müddəti və çərçivəsi var. O çərçivə artıq tam resurslarını bitirmək üzrədir. Görünür, savaş labüd olacaq. Çünki heç bir dövlətdə torpaqların sülh yolu ilə azad olunması faktına rast gəlinməyib”. 
Hərbi məsələlər üzrə digər ekspert Abuzər Əbilov da Van Ambarsumyanın proqnozunu düzgün hesab edir: “O nöqteyi nəzərdən ki, Azərbaycan artıq sülh danışıqlarından bezib. Uzunmüddətli danışıqlar artıq heç bir nəticə vermir. Erməni tərəfinə isə sülh danışıqları anlayışı altında status-kvonu saxlamaq daha əlverişlidir. Amma Azərbaycanın da səbrinin bir dirəniş nöqtəsi var.
 Bəli, qoşunların daimi dislokasiya yerlərinə qayıtmaması ondan xəbər verir ki, artıq özünün işindəki problemləri çözə bilməyən Ermənistan və onun başında duran "küçə siyasətçisi" kompromislərə hazır deyil. Onunla artıq güc dili ilə danışılmalıdır. 2016-cı ilin aprel əməliyyatları göstərdi ki, tərbiyəsiz və səriştəsiz Paşinyanın lovğalandığı Ermənistan ordusu əslində, üzdən bəzəkli görünsə də içəridən çürük bir tərəvəz bənzərindədir. V.Ambarsumyan anlamır ki, Azərbaycan Ordusu artıq 1992-ci ildəki ordu deyil. Yəni, hərbi əməliyyatları yaz və yay faktorlarını gözləmədən də başlaya bilər. Yəni, ermənilərin qorxusu başadüşüləndir. Gənclərin ordudan narazı olaraq müxtəlif vaxtlarda əsgəri xidmət əleyhinə etirazları, əsgər analarının Ermənistan Müdafiə Nazirliyinə nifrətləri, orduya ayrılan yardımların oğurlanması, döyüş itkilərinin yol qəzası kimi təqdim edilməsi, Paşinyan hökumətindən narazı diaspor və lobbilərin artıq orduya maliyyəni dayandrması, KTMT-nin içində Ermənistana əks qüvvələrin yer alması kimi bir çox faktları göstərə bilərik”.
Ekspert müharibəni istisna etmir: “Yuxarıda göstərilən hərbi və siyasi faktorlara bir daha müraciət etsək, yaxında böyük hücumla Qarabağ və ətraf rayonlarının alınmasının şahidi olacağımız şəksizdir”.
Mübariz BAYRAMOV