Azərbaycan Avrasiyanın əsas nəqliyyat mərkəzinə çevrilir

6 Yanvar 2019 11:37 (UTC+04:00)

Azərbaycan artıq Avrasiyanın çox önəmli nəqliyyat mərkəzinə çevrilir. Ötən illər ərzində Azərbaycan Qərblə Şərqi birləşdirən bir çox mühüm nəqliyyat dəhlizlərinin əsas dayağı rolunda çıxış edib. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi ilə Azərbaycan Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirib. Proqnozlara görə, bu dəhliz Avropa ölkələri, Rusiya, Qafqaz və Orta Asiyanın Fars körfəzi və Hindistana çıxışına şərait yaradacaq. 

Ekspertlərə görə, bu dəhliz beynəlxalq yükdaşımalarda xərclərin azalmasına gətirib çıxaracaq. Bakı-Tiflis-Qars dəmir yolu layihəsi də bu mənada mühüm əhəmiyyət kəsb edir. Onun reallaşması ilə Avropa ölkələrinin Azərbaycana marağı daha da artıb. Həmin layihə regionumuz üçün ciddi iqtisadi perspektivlər açır.
Siyasi icmalçı Azər Həsrət bildirdi ki, Azərbaycanın Avrasiya məkanının mühüm nəqliyyat mərkəzinə çevrilməsilə materik dövlətlərinin ölkəmizə marağı artır, getdikcə daha çox dövlət bizimlə əlaqə qurmağa çalışır: “Ümumiyyətlə, nəqliyyat kommunikasiya xətlərinə nəzarət edən dövlətlər bu mənada həmin prosesdən kənarda qalan dövlətlərə nisbətən mühüm üstünlüklərə malik olurlar. Çünki belə vəziyyət həm yaxşı mənada, həm də həqiqi mənada həmin prosesdən kənarda qalan dövlətlərin nəqliyyat-kommunikasiya xətlərinə nəzarət edən dövlətdən asılılığına səbəb olur.  Bu asılılıq da öz növbəsində təbii ki, dost dövlətlər arasında problem yaratmır. Amma hər hansı bir gərginlik olarsa, həmin gərginlik fonunda nəqliyyat-kommunikasiya xətlərinə nəzarət edən dövlət bundan öz marağının təmini üçün istifadə edə bilir. Bu baxımdan Azərbaycanın mühüm nəqliyyat-kommunikasiya xətlərinin mərkəzinə çevrilməsi ümumillətlə, Şərqlə Qərb arasında istər nəqliyyat, istərsə də enerji daşıyıcılarının ötürülməsində çevik ölkəyə çevrilməyimiz əlbəttə ki, dövlətimiz üçün çox böyük üstünlükdür. Azərbaycan bundan istifadə edərək digər dövlətlərlə münasibətlərdə dostluq, qarşılıqlı maraqlara söykənən addımlar atmaqda çətinlik çəkməyəcək. 
Üstəlik, digər ölkələrin enerji daşıyıcıları və digər mal-məhsullarının Azərbaycandan keçərək Şərqdən Qərbə və əks istiqamətə daşınmasında maraqlı olan dövlətlər təbii ki, ölkəmizlə münasibətlərin yüksək səviyyədə, dostluq müstəvisində qalmasında və onun daha da inkişaf etməsində maraqlı olacaqlar. Bu isə o deməkdir ki, ümumilikdə beynəlxalq səviyyədə həmin amildən istifadə edərək öz maraq və mənafelərimizi daha ciddi şəkildə qoruya bilərik”.
İqtisadçı-ekspert Yaşar Əsədov qeyd etdi ki, Azərbaycanın Avrasiyanın əsas nəqliyyat qovşağına çevrilməsi ölkəmizə iqtisadi baxımdan çoxşaxəli faydalar gətirəcək: “Cənub-Şərq” dəhlizinin fəaliyyət göstərdiyi dövrdən bu yana Azərbaycanda yükdaşımalar 50 faiz artıb. Bu isə ölkəmiz üçün kifayət qədər böyük rəqəmdir. Yaxın Şərqdə vəziyyət sabitləşdikcə, buradakı ölkələr dinc quruculuq dövrünə qədəm qoyduqca, ölkəmizin bu fonda önəmli nəqliyyat mərkəzi kimi əhəmiyyəti daha da yüksələcək. Bu əsasda da tranzit yükdaşımalardan gəlirimiz daha da artacaq. 
Rusiya, Çin sürətlə inkişaf edir. Digər tərəfdən də Liviyada böyük quruculuq işlərinin görülməsi nəzərdə tutulub. Bütün bunlar isə qarşılıqlı fəaliyyət nəticəsində ərsəyə gəlməlidir ki, burada da Azərbaycanın tranzit yolu kimi əhəmiyyəti xüsusilə seçilir. Bunları deməkdə məqsədim odur ki, gələcəkdə həmin yol vasitəsilə yükdaşımalar daha da artacaq. Bu mənada da tranzit ölkə olaraq Azərbaycan prosesdən xeyli qazanacaq. Bir sözlə, ölkəmizin Avrasiyanın önəmli nəqliyyat mərkəzinə çevrilməsi Azərbaycan üçün çoxsaylı fayda verəcək. Azərbaycanda bu fonda yeni iş yerləri yaranacaq, tranzit gəlirləri artacaq, infrastruktur daha da inkişaf edəcək. Yəni, Azərbaycan üçün onun faydaları çoxşaxəlidir”. 
Rüfət NADİROĞLU