Mikayıl Cabbarov Türkiyənin Qazi Universitetinin rektoru ilə görüşüb
27 Aprel 2013 13:01 (UTC+04:00)
Təhsil naziri Mikayıl Cabbarov Türkiyənin Qazi Universitetinin
rektoru Süleyman Böyükbərbərin rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən Mövqe.az-a verilən
xəbərə görə, görüşdə nazir Mikayıl Cabbarov Azərbaycanla Türkiyənin
qarşılıqlı əlaqələrində təhsil sahəsinin xüsusi əhəmiyyət kəsb
etdiyini bildirib. Türkiyə ilə ali təhsil sahəsindəki
münasibətlərin inkişafının əhəmiyyətinə toxunan nazir bütün
bunların Azərbaycan ali təhsil sisteminin inkişafına müsbət təsir
göstərəcəyini qeyd edib.
Türkiyənin Qazi Universitetinin rektoru Süleyman Böyükbərbər səfər
proqramı çərçivəsində bir sıra ali təhsil müəssisələrində
görüşlərin keçirildiyini, mövcud əməkdaşlığın genişləndirilməsi
istiqamətində müvafiq sənədlərin imzalandığını söyləyib. Hazırda 80
min tələbənin təhsil aldığı ali məktəbdə 1500 əcnəbinin oxuduğunu
bildirən rektor Qazi Universitetində daha çox azərbaycanlı gəncin
müxtəlif ixtisaslar üzrə təhsil almasında maraqlı olduqlarını
vurğulayıb. S.Böyükbərbər Qazi Universitetində ikili diplomların
verilməsi ilə bağlı birgə proqramın həyata keçirilməsi
istiqamətində görülmüş işlərdən söhbət açıb, bu baxımdan əldə
olunmuş təcrübənin Azərbaycanla bölüşməyin mümkünlüyünü qeyd edib.