Bank kartlarının kəskin say artımı nağdsız ödənişlərin həcmini artıracaq?!

8 Yanvar 2019 08:00 (UTC+04:00)

Azərbaycandakı ödəniş kartlarının sayı artır. Artım daha çox əməkhaqqı kartlarının sayında nəzərə çarpır. Mərkəzi Bankın məlumatına görə, 2018-ci ilin dekabr ayının 1-nə cəmi ödəniş kartlarının sayı 6 milyon 476 min ədəd təşkil edib. Təkcə noyabrda cəmi ödəniş kartlarının sayı 52 min ədəd artıb. Əməkhaqqı kartlarının sayı isə ötən ilin yanvar-noyabr aylarında 199 min ədəd çoxalıb. Ekspertlərin sözlərinə görə, bu artımı şərtləndirən səbəblər var.  İqtisadçı-ekspert Elnur Quliyev bildirir ki, ödəniş kartlarının sayının artmasında xüsusi ilə seçilən maaş kartlarıdır: “Bunun da əsas səbəbi 2017-ci ildən qüvvəyə minən “Nağdsız hesablaşmalar haqqında” qanuna uyğun olaraq şirkətlərin öz işçilərinə əmək haqqını yalnız bank plastik kartları vasitəsilə verilməsi qaydasının tətbiq edilməsidir. Lakin bu, o demək deyil ki, kartların sayı artırsa, elektron ödənişlərin də dövriyyəsi həmin templə artır. Çünki hazırda böyük əksəriyyət vətəndaşlarımız maaş kartlarına (pensiya kartları həmçinin) vəsait mədaxil olan kimi onu bankomatlarda nağdlaşdırdıqdan sonra istifadə etməyi üstünlük verirlər. 

Bundan başqa, hələ də kiçik və orta ölçülü ticarət məntəqələrində satışlar nağd aparılır. İri supermarketlərdə isə pos-terminalların olmasına baxmayaraq, hesablaşmalarda plastik kartlardan az istifadə olunur”.
Elnur Quliyev əlavə etdi ki, iqtisadiyyat üçün önəmli olan kartların sayı deyil, onlardan nə qədər effektli istifadə olunmasıdır: “Bu sahədə ciddi maarifləndirməyə ehtiyac var. Ölkəmizdə ümumi intellektual-mədəni səviyyə elə bir həddə çatmalıdır ki, əhali plastik kartlardan sərbəst istifadə edə bilsin. 
Nəzərə alaq ki, ödənişlərdə plastik kartlardan istifadə ümumilkdə iqtisadiyyat üçün önəmli faktordur. Nağdsız ödənişlər iqtisadiyyatın leqallaşdırılması və vergiyə cəlb edilməsi baxımından çox əhəmiyyətlidir. Hesablamalara əsasən, əgər dövriyyədə nağd pula tələb bir faiz artarsa, inflyasiya da paralel olaraq 0.17 fiaz artır. Nağdsız hesablaşmalar iqtisadi əlaqələrin formalaşması və inkişafında vətəndaşlar, biznes subyektləri və dövlət strukturları arasında mühüm rol oynayır. 
Dünyanın müxtəlif ölkələrdə nağdsız ödənişləri stimullaşdırmaq üçün fərqli təşviqedici və ya əksinə inzibati üsullardan istifadə olunur. Bir çox inkişaf etmiş ölkələr (Belçika, İsveçrə, Danimarka, Norveç) nağd pulla aparılan ödənişlərə məhdudiyyət (“hər hansı bir alqı-satqı əməliyyatında 2-3 min avrodan artıq məbləğ nağd pulla ödənə bilməz”) qoyur. Bəzi ölkələrdə (Hindistan, Yunanıstan) bankdan nağd pul çıxararkən vergi (“nağdlaşdırma vergisi”) tutulur. Elə ölkələr də var ki, (İtaliya, Sinqapur, Cənubi Koreya) müəyyən tip əməliyyatların nağd pulla aparılmasına icazə vermirlər. Hesab edirəm ki, bu cür inzibati məhdudiyyətlər faydasız deyil. Lakin onlar iqtisadi təşviqlərlə paralel aparılsa, daha effektiv olar”.
Mübariz BAYRAMOV