“Mən xoşbəxtəm ki, Zərifə xanım kimi anam olub”

27 Aprel 2013 20:22 (UTC+04:00)
Aprelin 27-də Azərbaycan Dövlət Musiqili Teatrında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.  Dövlət başçısı yubiley tədbirində nitq söyləyib. Prezident İlham Əliyev mərasimdə iştirak etmək üçün Bakıya gələn qonaqları salamlayıb. Bildirib ki, Zərifə Əliyevanın 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı müxtəlif tədbirlər keçirilib. "Zərifə xanım sözün, əsl mənasında, böyük həkim idi", - deyən Prezident İlham Əliyev onun Azərbaycan və dünya oftalmologiyasına verdiyi dəyərli töhfələrdən danışıb. Dövlət başçısı Zərifə xanımın açdığı və insanların görmə qabiliyyətinə mənfi təsir göstərən istehsal sahələrində tədqiqat aparan laboratoriyanın fəaliyyətindən bəhs edib. Bildirib ki, alim kimi böyük zirvələrə yüksələn Zərifə xanımın əsərləri bu gün də əhəmiyyətini itirmir. Oftalmologiya sahəsində SSRİ-də ən yüksək Averbax mükafatına layiq görülən Zərifə xanımın fəaliyyəti ilk növbədə insan amilinə əsaslanırdı. Azərbaycan Prezidenti bildirib ki, Zərifə xanım Heydər Əliyevin həyat yoldaşı kimi hər zaman dahi siyasət xadiminin fəaliyyətinə dəstək olub. Yüksək mədəniyyətə sahib olan Zərifə xanım bir çoxları üçün son ümid yerinə çevrilib.  Prezident İlham Əliyev vurğulayıb ki, daim insanlara yardım etmək amalı ilə yaşayan Zərifə xanımın unudulmaz obrazı hər zaman əziz və doğma olaraq qalacaqdır. Çünki Zərifə xanım əsl ziyalı idi və Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə təcəssüm etdirirdi. "Mən xoşbəxtəm ki, Zərifə xanım kimi anam olub", - deyən dövlətimizin başçısı nitqində son illərdə Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlərdən də danışdı. Bildirdi ki, son 10 ildə 500-dən çox tibb müəssisəsi tikilmiş və ya əsaslı təmir olunub. Bakıda və bölgələrdə zəruri tibb xidməti almaq üçün hər cür şərait yaradılıb. Bu dövrdə səhiyyə sahəsinə dövlət tərəfindən ayrılan vəsaitin həcmi 11 dəfə artıb. "Bizim siyasətimizin mərkəzində insan amili - Azərbaycan vətəndaşı dayanır", - deyən Prezident İlham Əliyev bildirib ki, gənc nəslin sağlam böyüməsi üçün mükəmməl tibbi xidmət olmalı, kadr potensialının artırılması istiqamətində tədbirlər görülməlidir. Dövlət başçısı həyata keçirilən tədbirlər sayəsində Azərbaycanda uşaq ölümünün kəskin şəkildə aşağı düşdüyünü, qazanılan uğurların beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev bir daha Zərifə xanımın xatirəsini anaraq onun işıqlı obrazının hər bir insanın qəlbində yaşadığını deyib. Səhiyyə naziri Oqtay Şirəliyev akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinin bu gün də böyük hörmət və ehtiramla xatırlandığını bildirib. Qeyd edib ki, Zərifə xanım Əliyevanın elmi əsərləri, tədqiqatları yenə də aktualdır və onun XX əsrin ortalarında ölkədə yayılan traxoma xəstəliyinin qarşısının alınmasında göstərdiyi əvəzsiz xidmətlər tibb elminin inkişafında mühüm rol oynayır. "Zərifə xanım peşə ilə bağlı görmə problemlərinin araşdırılmasında yeni istiqamət açdı, dünyada bununla əlaqədar ilk laboratoriya yaratdı, beləliklə də Azərbaycan oftalmologiyasının adını bütün dünyada ucaltdı", - deyən Oqtay Şirəliyev bildirib ki, o, pedaqoji kadrların hazırlanmasında böyük xidmətlər göstərib. Rusiya Tibb Elmləri Akademiyasının akademiki, tibb elmləri doktoru, professor, Diplomdan Sonrakı Tibb Təhsili Akademiyasının rektoru Larisa Moşetova Zərifə xanım Əliyevanın insan və alim kimi unudulmaz keyfiyyətlərindən danışdı, onunla birgə çalışdığı illəri xatırladıb. Qeyd edib ki, Zərifə xanımın Bakıda yaratdığı oftalmoloji mərkəz o dövrdə SSRİ miqyasında apardığı tədqiqatlarla məşhur olub. Rusiya Tibb Elmləri Akademiyasının akademiki, tibb elmləri doktoru, professor, Diplomdan Sonrakı Tibb Təhsili Akademiyasının kafedra müdiri Alevtina Brovkina Zərifə Əliyevanı yaradıcı arzuların carçısı adlandırıb. Bildirdi ki, böyük Azərbaycan alimi hər zaman insanlara yardım etməyi xoşlayırdı, öz alicənablığı ilə insanlara dayaq olurdu. Türkdilli Ölkələrin Oftalmologiya Cəmiyyətinin sədri Sunay Duman deyib ki, Zərifə Əliyevanın traxoma xəstəliyinin qarşısının alınması sahəsində göstərdiyi xidmətlər bu gün də elmi ictimaiyyət tərəfindən hörmətlə yad edilir. Sunay Duman bu gün Azərbaycanda oftalmologiyanın inkişafı istiqamətində görülən müsbət tədbirlərin dünya elmi tərəfindən diqqətlə izlənildiyini bildirib. Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi münasibətilə Azərbaycan incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub. Daha sonra Prezident İlham Əliyev akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən fotosərgiyə baxıb.