Bakı-Tiflis-Qars Azərbaycana daha çox dividend qazandıracaq

9 Yanvar 2019 08:00 (UTC+04:00)

Məlumdur ki, ötən il Azərbaycanın böyük layihələrindən biri olan Bakı-Tiflis-Qars dəmir yolu fəaliyyətə başladı. Bu ildən isə Bakı-Tiflis-Qars dəmir yolu ilə sərnişin daşınmaya start verilir. 

Ekspertlərin sözlərinə görə, layihənin tam işə düşməsi ölkəmizə həm siyasi, həm də iqtisadi üstünlüklər qazandıracaq. Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov bildirir ki, bu yolla yalnız yük daşınmalarının həyata keçirilməyəcəyi bəlli idi: “Bakı- Tiflis-Qars dəmir yolu ilə Asiyadakı məhsulların Avropaya çatdırılması 40-45 gündən 15 günə qədər azalır. Lahiyənin məqsədi Türkiyə və Azərbaycanı  və ümumilikdə Mərkəzi Asiya və Çini Avropa ilə dəmiryolu vasitəsilə birləşdirməkdən ibarətdir. Bir sözlə, bu dəmir yolu qədim Orta İpək Yolunun bərpası demək oldu. Dəmiryolu ilə on milyonlarla ton yükün daşınması və gələcəkdə bu yüklərin həcminin əhəmiyyətli dərəcədə artacağı gözlənilir. 
BTQ  dəmir yolu Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan böyük əhəmiyyət daşıyır. Dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edə bildi. Bu marşurutla insanların bir günə Qarsa və iki gün yarıma İstanbula getməsi mümkün olacaq. Beləliklə sərnişin daşınmasına başlanması ilə vətəndaşlarımızın asanlıqla Gürcüstana, oradan Türkiyəyə getməsi mümkün olacaq. Bakı-Tiflis-Qars dəmir yolu xətti vasitəsilə yük və sərnişin daşımalarının həcmi artıqca, Azərbaycan iqtisadiyyatı bu layihədən daha çox mənfəət əldə etmiş olacaq”.
Digər iqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, Bakı-Tiflis-Qars dəmir yolu ilə sərnişin daşınmaya hazırlıq prosesi yekunlaşmaq üzrədir: “Hətta Türkiyədən Avropaya qədər də sərnişinlərin daşınması mümkündür. Artıq belə bir marşrut yaranmaqdadır. Gürcüstan və Türkiyədən keçməklə yaranmış bu marşrut daşınan sərnişin sayının artmasında ciddi rol oynaya bilər. Çünki Azərbaycanla Türkiyə arasında bütün əlaqələr yüksək səviyyədədir. Yeni dəmir yolunun fəaliyyətə başlaması bu əlaqələrin daha da güclənməsinə və sərnişindaşımada yeni mərhələyə səbəb ola bilər. Çünki Azərbaycandan Türkiyəyə il ərzində 700 minə qədər insan gedir. Bunların bir qisminin dəmir yolu ilə daşınması, ölkələrin iqtisadiyyatına müsbət təsir göstərəcək. 
Bir neçə ildən sonra həm rentabelliyinə çatmaq mümkün olacaq, həm də ciddi dividentlər qazanmaq üçün şərait yaradacaq. Məhz bu ilin ortalarından etibarən daşınan sərnişinlərin sayında ciddi artım müşahidə ediləcək. Çünki qatarla səhayətin qiyməti cəlbedicidir. Bu baxımdan insanlar qatarla səyahətə üstünlük verəcəklər”.
Mübariz BAYRAMOV