Avtomobil bazarında maraqlı proseslər başlandı

9 Yanvar 2019 08:30 (UTC+04:00)

Yanvarın 1-dən Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artırılıb. Rüsumların artırılması bazarda vəziyyəti bir xeyli dəyişib. Bazarda aktivlik olmasa da, demək olar ki, bütün avtomobillərdə bahalaşma müşahidə edilir. 

Satıcılar rüsumların artırılmasından sonra yeni gətirilən avtomobillərin qiymətində ciddi bahalaşma olduğunu bildirirlər. Bahalaşma köhnə avtomobillərdə də müşahidə edilir. 
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirdi ki, hazırda avtomobil bazarında maraqlı proseslər gedir: “Aksiz rüsumlarının və gömrük qiymətlərinin artırılması avtomobil bazarına birbaşa təsir göstərir. Artıq bir neçə ay əvvəl bu təsir hiss olunmağa başlayıb. 
Bəlli idi ki, yeni qaydalar yeni ildən etibarən idxal olunan avtomobillərə şamil olunacaq. Yəni, avtomobil bazarında nəqliyyat vasitələrinin satışını həyata keçirən fiziki və hüquqi şəxslər idxal olunacaq nəqliyyat vasitələrinin qiymətlərinin artacağını bilirdilər. O baxımdan da köhnə avtomobillərə tələbatın artacağı proqnozlaşdırılırdı. Bu vəziyyətdən istifadə etmək istədilər. Nəticədə avtomobil bazarında qiymət artımı ötən ilin sonlarından hiss olunmağa başladı. Həmin vaxtlar təxminən 7 faiz qiymət artımı baş verdi. Ancaq indi tətbiq edilən rüsumların yüksək olduğunu da nəzərə almaq lazımdır. Burada xüsusən də iri mühərrikli avtomobillərdən söhbət gedir. Odur ki, ölkə ərazisinə idxal olunan mühərrik həcmi böyük olan avtomobillərin sayında kəskin azalma müşahidə ediləcək. Çünki qiymətlər kifayət qədər yüksək olacaq. Məsələn, 40 min dollarlıq avtomobil ölkəyə gətiriləcəksə, onun qiymətinə 26 min manat da əlavə olunacaq. Bura həm aksiz vergisi, həm də gömrük rüsumları daxildir. Söhbət mühərrik həcmi 3000 kubsantimetr  olan avtomobillərdən gedir. Yox, əgər 5700 kubsantimetr həcmli, yəni iri mühərrikli avtomobildən söhbət gedirsə, həmin 40 min dollara 147 min manat da əlavə olunmalıdır. Bu da 40 min dollarlıq avtomobilin qiymətinin 200 min manata qədər artması deməkdir. Odur ki, qərarın irihəcmli avtomobillərin idxalına mənfi təsir göstərəcəyi istisna edilmir. Ona görə də maşın bazarında idxal olunmuş köhnə avtomobllərə tələb atacaq. Bu fonda da onların qiymətin təxminən 10-12 faiz artımı mümkündür. 
Hazırda avtomobil bazarındakı vəziyyət sırf bu proseslər üzərinə köklənib. Amma diqqət çəkən odur ki, rəsmi dilerlərdə qiymət artımı yoxdur. İndiki qiymətlər yanvar ayının birinə qədər olan qiymətlərdir. Yanvarın birindən sonra idxal olunan avtomobillərin qiymətində isə artım mütləq baş verəcək. Bu da yeni avtomobillərin satışına mənfi təsir göstərəcək ki, köhnə avtomobillərə tələb artacaq. Bununla da onların da qiymətində artım qaçılmaz olacaq”.
Mübariz BAYRAMOV