DİN yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan 5 nəfər barəsində tədbir görüb

10 Yanvar 2019 12:38 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Bakının Nizami rayonu ərazisində növbəti reyd keçirib.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, reydlər nəticəsində Q.Qarayev prospektində, R.Rüstəmov və M.Abbasov küçələrində yerləşən mağaza və köşklərdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.
Polis əməkdaşları tərəfindən həmin mağazaların 5 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub və hər biri 100 manat cərimə olunub.
Bu istiqamətdə reydlər davam etdirilir.