Könüllü sığorta hələ də əhalinin maraq dairəsindən kənardadır

11 Yanvar 2019 07:00 (UTC+04:00)

Azərbaycanda könüllü sığortaya maraq hələ də kifayət qədər aşağıdır. Düzdür, Azərbaycanda da əhalinin könüllü şəkildə sığortaya cəlb edilməsi üçün müəyyən işlər görülüb. Ancaq görünən odur ki, indiyə qədər məsələ ilə bağlı görülən tədbirlər istənilən nəticəni verməyib. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov düşünür ki, vətəndaş etimadının sistemə münasibətinin aşağı səviyyədə olması nəticəsində əhali sığorta prosesinə könüllü şəkildə meyl etmir: “Azərbaycanda sığorta mexanizmləri tam inkişaf etməyib. Eyni zamanda, müxtəlif dövrlərdə sığorta şirkətləri və institutunun reputasiyasına neqativ təsir edəcək ciddi problemlər ortaya çıxır ki, bunun özü də sektorun inkişafının qarşısını alan əsas məsələlərdən biridir. 
Məsələ ondadır ki, hazırda sığorta sektorunun iqtisadiyyatın müxtəlif sahələri üzrə əhatəlilik dərəcəsi demək olar ki, çox aşağıdır. Məsələn, kənd təsərrüfatında sığorta sistemi demək olar ki, yox dərəcəsindədir. Bəzi digər sektorlarda isə sığorta daha çox likvid aktivlər üzərindədir, nəinki digər aktivlər üzərində. Ona görə də bu kimi problemlərin, həmçinin sığorta bazarında rəqabətin zəifliyi, habelə vətəndaş etimadının sistemə münasibətinin aşağı səviyyədə olması kimi faktorlar da sığorta sisteminin əhatəliyinə təsir göstərir. Digər problem isə ondan ibarətdir ki, əhalinin müəyyən hissəsini gəlirlərinin aşağı olması da bu istiqamətə xərclərin ayrılması imkanlarını məhdudlaşdırır. 
Azərbaycanda əhali adətən sığortaya əlavə xərc yükü kimi baxır. Bu səbəbdən də həmin istiqamətdə xərcləmələr etməkdə o qədər də maraqlı olmurlar. Əslində, sığorta bazarının inkişafı prosesi də uzunmüddətli bir prosesdir. Ümumiyyətlə, bu institutun formalaşmasının özü bir çox ziddiyyətli məqamlarla müşahidə olunur. Çünki zamanında, sovet dövründə özəl sığorta sistemləri olmadı. Daha sonrakı dövrdə maliyyə-sığorta bazarının çökməsi nəticəsində mövcud olan bir neçə dövlət sığorta şirkətlərində ciddi nöqsanlar ortaya çıxdı. Bu şirkətlər öz öhdəliklərini yerinə yetirə bilmədi. Ümumiyyətlə, götürəndə insanlarda formalaşan qənaətə görə, sığorta şirkətləri əksər hallarda öz öhdəliklərini yürinə yetirməyən qurumlardır.  Ona görə də əsas məsələ olaraq bu steoreotipin aradan qaldırılması vacibdir. Sığorta şirkətləri özləri insanları inandırmağa çalışmalıdır. İnsanlar onların fəaliyyətində şəffaflığın olduğuna inansa, risqlərdən qorunmaq üçün ona bir mexanizm kimi baxarlarsa, bu halda qısa zamanda sığortanın əhatəliyini artırmaq da mümkün olar”. 
İqtisadçı-ekspert Fuad İbrahimlinin fikrincə, ölkədə əhalinin sığorta sisteminə inamı hələ də zəif olaraq qalır. Digər tərəfdən, ekspertə görə, bu sahədə maarifləndirmə işləri də zəif aparılır: “Sığorta məsələsi çox ağrılı məsələdir. Bununla bağlı artıq müasir dövrün tələblərinə cavab verən qanunvericilik bazamız var. Ancaq bu sahədə dövlət nəzarətini həyata keçirən orqanlar dönüş yarada bilmirlər. 
Hazırda bazarda bu sahədə problemlər kifayət qədərdir. Hələ icbari sığortaya cəlb olunan vətəndaşlar sığorta hadisəsi baş verdikdə belə, sığorta vəsaitlərini  əldə edə bilmirlər. Düzdür, bazarda kifayət qədər sağlam sığorta şirkətləri də var. Amma bunun əksi də müşahidə olunur.  Nəticədə sığorta hadisəsi baş verdikdə, vətəndaşın əlində sığorta polisi olsa da, adını sistemdə tapa bilmir. 
Belə halların hətta məhkəmə müstəvisində həll olunma faktları da var. Belə vəziyyətin özü də bir inamsızlıq yaradır. Eyni zamanda, maarifləndirmə prosesi də olduqca zəif təşkil olunub. Nəticədə ictimaiyyət arasında sığorta məsələsinə sağlam müstəvidə yanaşmırlar. Amma bazar iqtisadiyyatı dövründə makroiqtisadi tarazlığı yaratmaq üçün mütləq mənada sığorta sistemləri işləməlidir. 
Eyni zamanda, vətəndaşların sağlam həyatı üçün də sığorta sistemi vacibdir. Bu, müasir dövrün ayrılmaz bir tələbidir. Müvafiq dövlət qurumları bu istiqamətdə əllərində olan sərəncam və qərarları hərəkətə gətirməlidirlər”.
Rüfət NADİROĞLU