"Donuz qripi" ilə bağlı yoluxma epidemik həddi keçərsə... Baş epidemioloq

11 Yanvar 2019 14:43 (UTC+04:00)

“Birmənalı olaraq ölkə ərazisində “donuz qripi” virusu yoxdur və yoluxma müşahidə edilməyib. Qrip virusu var, müxtəlif dövrlərdə olub və olacaq”.
Movqe.az-ın məlumatına görə, bu sözləri bu gün keçirilən mətbuat konfransında  Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev söyləyib. İ. Ağayev bildirib ki,  qonşu ölkələrdə "donuz qripi"nin olduğu rəsmi təsdiqlənib: “Azərbaycanda da bu virus kütləvi şəkildə yayılarsa, səhiyyə sistemi buna hazır vəziyyətdədir. Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə üç klinikada xüsusi palatalar ayrılıb”. 
Baş epidemioloq Gürcüstanla gediş-gəlişin sıx olduğunu, bununla belə virusun Azərbaycana gəlməsini önləyən tədbirlər görüldüyünü qeyd edib. 
İ. Ağayev ölkəmizə “donuz qripi”nə qarşı peyvəndin gətirilməsi ilə bağlı səslənən fikirlərə də aydınlıq gətirib: “ “Donuz qripi” üçün ayrıca peyvənd yoxdur. Əgər virusa yoluxma epidemik həddi keçərsə, ölkədə vaksinasiya aparılar”.