“Bu gün uşaqları dilənçiliyə sövq edən hansısa mütəşəkkil dəstə yox, valideyndir”
29 Aprel 2013 11:03 (UTC+04:00)
Müsahibimiz Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadədir.
- Hazırda reabilitasiya mərkəzində nə qədər uşaq var?
- Sığınacaqda davamlı uşaq qalmır. Amma hazırda 21
uşaq və 4 valideyn qalır. İstisna hallarda valideynlərə
sığınacaq veririk. Əgər o qadın və himayəsindəki uşaq potensial
insan alveri qurbanı ola bilərsə, o uşağı valideyni ilə bərabər
yerləşdiririk. Biz bir çox hallarda insan alveri qurbanı olan
qadınları "Təmiz Dünya" təşkilatına istiqamətləndiririk. Lakin elə
valideyn olur ki, himayəsində 3 azyaşlı uşaq var. Məcburən onu
uşaqları ilə birlikdə götürürük. Bu uşaqların da əksəriyyəti insan
alveri qurbanlarıdır.
- Əsasən hansı yaşlarda olurlar?
- Hazırda olan uşaqların yaş həddi 1,5 – 18 yaşa qədərdir.
Ən balacası yaş yarımlıq olan 2 qardaşdır.
Biz onları "Neftçilər" bazarından tapıb gətirmişik. Onların anası
isə ruhi xəstədir. Bazarda səfil həyat tərzi sürür. Biz həmin
uşaqları aşkarlayanda ağır infeksion xəstəlikləri var idi. Onları
müalicə etmişik. Müəyyən mərhələni keçəndən sonra, dövlət
müəssisəsinə yerləşdirilməsi üçün müraciət edəcəyik.
- Burda olan uşaqlar ən çox hansı bölgələrdən olur? Mərkəzdə say
baxımından qız, yoxsa oğlan uşaqları üstünlük təşkil edir?
- Bizim təşkilatda iki xidmət var. Müvəqqəti sığınacaq və gün
ərzində küçə uşaqlarının reablitasiyası. Gün
ərzinə baxanda, bizə gələn uşaqların əksəriyyəti Yevlax, Gəncə,
Biləsuvar, Zaqatala və Siyəzən zonalarından olur. Demək olar
ki, əksəriyyəti regionlardan gəlirlər. Gəlib Bakıda küçə həyatına
məruz qalırlar. Sığınacaqda əsasən oğlan uşaqları çoxluq təşkil
edir. Amma keçən il qızlar daha böyük fərqlə üstünlük təşkil
etmişdi. Bu, o demək deyil ki, qızların problemləri yoxdur. Sadəcə
olaraq, küçə həyatı sürən oğlanlar çox olur. Amma gün ərzi
gələnlərin sırasında qızlar da çoxdur. Keçən ilin 3 və 4 – cü
rüblərində sığınacaqda əsasən qızlar çox idi. Bunlar da ailə
münaqişələri, uğursuz ailələr, uşağın valideyn nəzarətindən kənarda
qalmasından əmələ gəlir. Bizim əsas məqsədimiz, həmin uşaqları
ailələrə bərpa və bu problemləri dövlət qurumlarına çatdırmaqdan
ibarətdir. Əgər uşağn ailədə qalması onun gələcək həyatı üçün
problem yaradarsa, onu dövlətin himayəsinə veririk.
- Heç burda olan uşaqlardan kimlərisə övladlığa götürən olubmu?
- Bizim qəyyumluq statusumuz yoxdur. Qəyyum, ancaq dövlətin
qurumudur. Biz QHT olduğumuz üçün uşağı aşkarlayıb, bu barədə
dövlətə məlumat veririk. Bizim dövlətlə olan bu əlaqələrimiz artıq
bir neçə ildir ki, sıxlaşıb. Onu da bildirim ki,
bu gün uşaqları dilənçiliyə sövq edən hansısa mütəşəkkil dəstə yox,
valideyndir.
- Uşaqları hansı şərtlər daxilində qəbul edirsiniz?
- Hər kəsi götürmürük. Əvvəla, xüsusi bir
qrup olduğuna görə, roman tayfalarından, qaraçı uşaqlarıdan hər
gördüyümüzü gətirmirik. Bu qrupla işləmək üçün xüsusi proqram
olmalıdır. Çünki, onların həyat tərzi kütləvilik daşıyır. Amma
onlarla da sıx əməkdaşlığımız var. Sənədlərinə, təhsilə bərpasına
kömək edirik. Ancaq bu qruplara ilk öncə hüquqi qiymət
verilməlidir. Hələ də onların milli mənsubiyyəti, etnik qrupları
ilə bağlı dəqiq bir məlumat yoxdur. Lakin demək olar ki, onların
əksəriyyəti məni tanıyır. Bizə istiqamətlənən uşaqlar əsasən polis
əməkdaşları tərəfindən reydlər zamanı aşkarlananlar olur. Biz də
həmin andan uşaqla işə başlayırıq. Yeni – yeni uşaq evə qaytmaq
istəyində olur. Çünki, səhərlər dilənib, axşam evlərinə gedir.
Lakin davamlı olaraq küçədə yaşayan uşaqlar azdır. Ən azından bir –
iki dəfə ailələrinə gedirlər. Onu da deyim ki, çox qəşəng nömrələri
olur. Elə nömrələrdir ki, bir - birilərinkini yadda saxlaya
bilsinlər.
- Azərbaycanda bu sahəni mənfi qiymətləndirmək olarmı?
- Xeyr, Azərbaycanda uşaqların dilənçiliyə sövq
edilməsi kütləvi xarakter daşımır. Sadəcə, valideynlərlə iş
aparırıq. Sonradan həmin ailələrlə əlaqələrimiz olur. Əksər
hallarda söhbətlərdən sonra uşaqlarını dilənçiliyə buraxmırlar.
Amma elə ailələr də var ki, onlarla söhbətlər aparsaq da,
uşaqlarının gələcəyini heç düşünmürlər. Onda hüquq – mühafizə
orqanlarına müraciət edirik. Hətta bizim regionlarda dayaq
məntəqələrimiz də var.
- Özləri nə danışır?
- Onlar pessimist yox, optimistdirlər.
Hətta burdan qaçanlar da olur ki, onlarda da optimistliyi hiss
etmək olur. Evdən qaçanların səbəbkarı isə əsasən valideyndir.
Uşaqlar da ən çox problemli ailələrdən qaçır. Optimistlik ordadır
ki, həmin problemdən qaçırlar.
- 20 ildir ki, fəaliyyət göstərirsiniz. Buraxdığınız uşaqların
içində müəyyən vəzifələrdə çalışan, tutulan, pis yola düşənlər
varmı?
- Təşkilat 20 ilin 10 ilini qaçqın və məcburi köçkün ailələrindən
olan uşaqların reablitasiyası istiqamətində proqramlar həyata
keçirib. Amma 2000 – ci ildən etibarən əsas gücümüzü baxımsız
uşaqlara yönəltmişik. Bu 13 il ərzində əsgər
gedən, ailə quran, hətta valideyn olmuş uşaqlarımız olub. Amma
uğursuz nəticələrimiz də var. Qeydiyyatda olan elə
uşaqlarımız var ki, hazırda həbsdədirlər. Elə uşaqlarımız da var
ki, 18 yaşdan sonra bəzi ailələr onları övladlığa qəbul ediblər.
Həmin uşaqların toylarında da iştirak etmişik. Bu baxımdan artıq
neçə ildir ki, mənə nənə də demək olar. 20 illik fəaliyyətimizə
baxdıqda uğurlu nəticələrimiz daha çoxdur. Amma islah olunmayan
uşağımız da olub. Yalnız bir faktımız olub ki, davranışlarına görə,
17 yaşlı uşağımızı buradan uzaqlaşdırdıq.
- Heç olub ki, hansısa valideyn gətirib öz əli öz uşğını sizə
versin?
- O qədər olub. Amma onların heç biri bunu
aqresiyya ilə etməyiblər. Yalnız bir halda, elə
uzaqlaşdırdığımız uşağın atası ondan imtina etmək niyyəti ilə
gətirmişdi.
- Xüsusi bacarığı olan varmı?
- Əlbət ki, istedadsız uşaq yoxdur. Sadəcə, onu aşkarlamağı
bacarmaq lazımdır. Bizim də onları tez üzə çıxarmaq imkanımız
yoxdur. Amma hazırda bizdə yaxşı səsi olan, rəqs
edə bilən, rəsmlər çəkən uşaqlar var. İki uşağımız özəl
bağçaya, ikisi də məktəbə gedir. Sağolsunlar, özəl bağçalar pul
götürmədi.
- Sənədləri nə yerdədi?
- Bir çoxunun sənədi var. Amma bəzilərinin doğum haqqında
şəhadətnamələri belə yoxdur. Hazırda belə 5 uşağımız var. Çünki, ev
şəraitində doğulubblar. Valideyn də məsuliyyətsizliyindən bunun
üçün müraciət etməyib.