Azərbaycanın valyuta ehtiyatları sürətlə artır

12 Yanvar 2019 10:30 (UTC+04:00)

Ötən ilin sonuna Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 5 milyard 622.5 milyon dollar təşkil edib. Təkcə dekabrda rəsmi valyuta ehtiyatları 31,6 milyon dollar artıb. 2018-ci ilin 12 ayı ərzindəki artım isə 287,9 milyon dollar təşkil edib. 2017-ci ilin sonunda ehtiyatlar 5 milyard 334,6 milyon dollara çatmışdı. Neft Fondunda da valyuta ehtyiatları artır. Artımın əsas səbəbi 

Görülən kompleks tədbirlərin nəticəsi olaraq, iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi olan qeyri-neft sektorunun inkişafında ciddi irəliləyişlər əldə olunub, onun ümumi daxili məhsulda xüsusi çəkisi üstünlük təşkil edib, ixrac potensialı genişlənib. Belə ki, son 15 ildə ixrac 5,3 dəfə, o cümlədən qeyri-neft ixracı 4,1 dəfə, ixrac məhsullarının çeşidi isə 2,6 dəfə artıb.  
Son dövrlər ÜDM-də neft-qaz sektorunun payı azalsa da, dövlət büdcəsi gəlirlərinin çoxu neft-qaz sektoru hesabına formalaşır. 2016-cı il üçün dəqiqləşdirilmiş dövlət və icmal büdcələrin hesablanmaları zamanı xam neftin satış qiymətinin bir bareli üçün 25 ABŞ dolları götürülməsi müvafiq olaraq dövlət büdcəsinin gəlirlərində neft sektorundan daxilolmaların azalması ilə nəticələnmişdi. 2016-cı ildən sonrakı dəyişikliklər dövlət büdcəsində gəlirlərin böyük hissəsi neft gəlirləri hesabına təmin olunur. 
Mütəxəssislərin rəyinə görə, təbii sərvətlərlə zəngin ölkələr tərəfindən sosial inkişafın təmin edilməsi və infrastrukturun gücləndirilməsi məqsədilə təbii sərvətlər hesabına qazanılan gəlirlər makroiqtisadi sabitliyin təmin edilməsinə, iqtisadi şaxələndirməyə yönəldilir ki, bu da iqtisadi strategiyada mühüm əhəmiyyət kəsb edir. Uzunmüddətli inkişaf məqsədlərinə nail olmaq üçün təbii sərvət gəlirlərinin şəffaf, səmərəli və effektiv istifadə strategiyası müəyyən edilir. Başqa sözlə, təbii sərvətlərlə zəngin ölkələrdə qısa və orta müddətli fiskal siyasət çərçivəsinin müəyyən edilməsi zamanı təbii sərvətlərdən əldə olunan gəlirlərin hansı hissəsinin istifadə olunacağı, hansı hissəsinin isə gələcək nəsillər üçün saxlanılacağı, həmçinin dövlət xərclərinin planlaşdırılmasında təbii sərvət gəlirlərinin istiqamətləndirilməsi üçün hansı tədbirlərin görüləcəyi dəqiqləşdirilir. 
İqtisadi şaxələndirmənin həyata keçirilməsi ixrac olunan məhsulların çeşidinin artırılması ilə yanaşı ölkəyə daha çox xarici valyutanın daxil olmasına səbəb olub. Aqrar sektorun inkişafında, regionlarda iqtisadi potensialın artırılmasında, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində yeni metod və üsulların tətbiqi, qabaqcıl texnologiyalara əsaslanan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması bu siyasətin nəticəsidir. Çünki, məhsulundan qazanc götürən sahibkar istehsalı sürətlə və keyfiyyətlə genişləndirmək imkanı əldə edir. Necə deyərlər, “pul pul gətirir”. 
2018-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları  45 milyard dollara çatıb və ÜDM-in 92-93% səviyyəsinə yüksəlib. Təbii şəkildə bu artım Mərkəzi Bankın gəlirlərinin çoxalmasına da müsbət təsirini göstərib. Yəni, Mərkəzi Bankda, həm də Dövlət Neft Fondunda valyuta ehtiyatlarının artması yürüdülən iqtisadi siyasətin uğurululuğuna bağlıdır. Hökumət pulu hara xərclədiyini bilir və gələcək üçün yaxşı özül yaradaraq irəliləyir. 
N.NOVRUZ