Bu il Həcc ziyarətinin qiyməti bahalaşa bilər

14 Yanvar 2019 15:30 (UTC+04:00)

Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbulu yaxın günlərdə başlaya bilər. Bu barədə Movqe.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Məlumata görə, hazırda Həcc ziyarətinin qiyməti və kvotanın razılaşdırılması ilə bağlı işlər aparılır. Bu il Həcc ziyarətinin qiymətləri ötənilkindən təqribən 100 dollara qədər baha ola bilər. Qeyd olunub ki, qiymət artımı Səudiyyə Ərəbistanında hotellərdə qiymət artımı ilə bağlıdır.

QMİ-dən bildirilib ki, yaxın günlərdə qiymət və kvota məsələsi həll edildikdən sonra Həcc ziyarətinə gedənlərin sənədləri qəbuluna başlanılacaq.

Qeyd edək ki, ötən il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərin sənədləri qəbul edilmişdi. Zəvvarlardan 30-a yaxını təkrar ziyarət edənlər idi. Həcc ziyarətinin qiyməti isə 4150 dollar təşkil edirdi.