Azərbaycanda elmi elita üçün xüsusi dövlət himayə sisteminin yaradılacağı gözlənilir

29 Aprel 2013 12:55 (UTC+04:00)

Azərbaycanda elmi elita üçün xüsusi dövlət himayə sistemi yaradılacaq. Milli Məclisdən bazar ertəsi Movqe.az-a verilən məlumata görə, bu məsələ yeni hazırlanan "Elm haqqında" qanun layihəsində öz əksini tapıb.

Layihəyə görə, elmi nəticələrin kommersiyalaşdırılması da elm və elmi fəaliyyət sahəsində dövlət siyasətinin əsas prinsiplərindən olacaq.

Layihədə qeyd edilib ki, ölkə ərazisində fəaliyyət göstərən elmi müəssisə və təşkilatların ali məktəblər və elmtutumlu istehsal müəssisələri ilə birləşməsi əsasında xüsusi zonalar (vadilər, ərazilər) və texnopolislər yaradılacaq.

Layihəyə görə, dövlət Azərbaycan xalqının özünəməxsusluğunu, milli və mənəvi dəyərlərin qorunması, möhkəmləndirilməsi və inkişafı üçün Azərbaycanşünaslıq sahəsində aparılan tədqiqatların strateji prioritetliyini müəyyən edir. Bu prioritetlərin reallaşdırılmasında iştirak edən elmi müəssisə və təşkilatlar strateji əhəmiyyətli hesab edilir.