Rusiyanın aparıcı azərbaycanlı jurnalisti treninq keçir (FOTO)
29 Aprel 2013 12:57 (UTC+04:00)
Rusiya Federasiyasının İnformasiya Teleqraf Agentliyinin
(İTAR-TASS) aparıcı jurnalisti Səadət Kadırova Azərbaycandakı
həmkarlarına "Ölkənin imici və onun formalaşmasında diasporun rolu"
mövzusunda treninq keçəcək. Movqe.az-ın Diasporla İş üzrə Dövlət
Komitəsinə istinadən verdiyi məlumata görə, uzun illərdir Rusiyanın
ictimai-siyasi həyatında baş verən hadisələri işıqlandıran və
beynəlxalq münasibətlər üzrə ixtisaslaşan Səadət Kadırova, eyni
zamanda Moskva Dövlət Universitetinin müəllimi, RF Dövlət Dumasında
Etnik Azlıqlar Komitəsinin Ekspert Şurasının üzvü, Beynəlxalq və
Rusiyalı Jurnalistlər Birliyinin üzvüdür.
Moskvada yaşayan bir azərbaycanlı kimi Səadət Kadırovanın
yazılarında diaspor məsələləri də hər zaman prioritet mövzulardan
olub. Rusiyadakı Azərbaycan diasporunun lobbiçilik fəaliyyəti, bu
istiqamətdə uğurlu işin qurulması, qarşıya çıxan problemlər və
onların həlli yolları, eləcə də xaricdə ölkənin imicinin
formalaşması, bu işdə diasporun rolu kimi məsələlərə Səadət
Kadırova xüsusi diqqət ayırıb.
O, jurnalistika sahəsində qazandığı təcrübəni Azərbaycanda
fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin bir qrup
jurnalisti ilə bölüşəcək. Bu məqsədlə Azərbaycan Mətbuat Şurası və
Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə
aprelin 29-da bir günlük seminar-treninq təşkil olunacaq. Sonda
seminar iştirakçılarına sertifikat və hədiyyələr təqdim ediləcək.