1,8 mlrd. manat əmanət sığortadan kənar qalıb

29 Aprel 2013 13:07 (UTC+04:00)

Hazırda Azərbaycanda əaliyyət göstərən kommersiya banklarındakı məcmu əmanət portfelinin 64%-ni qorunan əmanətlər təşkil edir. Bu barədə "APA-Economics"ə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bildirib.

Onun sözlərinə görə, hazırda banklardakı 5,3 mlrd. manat əmanətin 3,4 mlrd. manatı qorunan əmanətlər kateqoriyasına aiddir.


Bankların əmanət portfelində qorunmayan əmanətlərin həcmi 1,8 mlrd. manata yaxındır. Onların 930 mln. manatı əmanətlər üzrə faiz dərəcələrinin qaydalarda nəzərdə tutulan həddən (12%-dən) artıq olması ilə əlaqədar qorunmur. Əmanətlərin qalan hissəsi, ya əmanət sahiblərinin qorunan qrupa aid olmamasına görə, ya da digər səbəblərə görə (məsələn, əmanət yatıran şəxsin həmin bankda krediti də olması səbəbindən) qorunmur.