Azərkosmos COPUOS-un tədbirində iştirak edib

29 Aprel 2013 15:31 (UTC+04:00)

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərkosmos ASC Vyanada (Avstriya) keçirilmiş BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsi (COPUOS) nəzdindəki  Hüquq Alt Komitəsinin 52-ci iclasında iştirak edib.

 

Mövqe.az-ın məlumatına görə, tədbirdə çıxış edən Azərkosmos-un hüquqşünası Arzu Məmmədova Azərbaycanda kosmik sahənin inkişafı və hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı vəziyyət barədə ətraflı məlumat verib, müəssisə tərəfindən bu istiqamətdə aparılan işlərə diqqət çəkib.


Sahə üzrə müxtəlif qurum və təşkilatlardan, habelə 54 üzv ölkədən nümayəndələrin qatıldığı iclasda BMT-nin kosmik fəzaya dair mövcud beş sazişinin hazırkı tətbiqi vəziyyəti, beynəlxalq hökumətlərarası və qeyri-hökumət təşkilatlarının kosmik hüquqla bağlı fəaliyyəti və kosmik fəzada nüvə enerji mənbələrindən istifadəyə dair qəbul olunmuş prinsiplər nəzərdən keçirilmiş, o cümlədən kosmik fəzanın hüdudlarının müəyyən edilməsi, geostasionar orbitin bərabərhüquqlu və məqsədyönlü şəkildə istismarı, üzv ölkələrdə kosmik fəzanın sülh məqsədləri üçün istifadəsinə dair uyğun qanunvericilik bazasının yaradılması, kosmik hüquq sahəsi ilə kadr ehtiyatlarının inkişaf etdirilməsi kimi mövzulara dair geniş fikir mübadiləsi aparılıb. Bundan başqa, kosmik tullantıların idarə edilməsi və kosmik fəzanın sülh məqsədləri üçün istifadəsi üzrə beynəlxalq əməkdaşlıq mexanizmlərinin işlənib hazırlanması da müzakirə olunub.