Dəyərindən dəfələrlə aşağı qiymətləndirilən bank girovları

24 Yanvar 2019 09:35 (UTC+04:00)

Girovların bank tərəfindən qiymətləndirilməsi hələ də ciddi problemdir və real dəyərdən həddən artıq az qiymətləndirmə halları davam edir. 

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənovun fikrincə, ölkədə daşınmaz əmlak ümumiyyətlə, obyektiv şəkildə qiymətləndirilmir. Bu da həmsöhbətimizə görə, obyektiv qiymətləndirmə şirkətlərinin olmamasından qaynaqlanır: “Öncə onu qeyd edək ki, Azərbaycanda danışmaz əmlakın real obyektiv qiymətləndirilməsi həyata keçirilmir. Heç kəs deyə bilməz ki, bu və ya digər obyektin real qiyməti budur və bank da girovları qiymətləndirərkən aşağı və yaxud yüksək qiymət qoyur. 
Ölkəmizdə faktiki olaraq mülkləri normal, obyektiv qiymətləndirmə şirkətləri yoxdur. Çünki bu sahədə heç bir məsuliyyət yoxdur. Azərbaycanda qiymətləndirmə şirkətləri lisenziyasız fəaliyyət göstərir. Bu mənada istənilən şəxs qiymətləndirmə şirkətini aça və girov mülkünə  istənilən qiyməti verə bilər. 
Belə vəziyyət həmin sahədə hüquqi mühitin olmamasından irəli gəlir, proses demək olar, başlı-başına buraxılıb. Ona görə də girovun qiymətləndirilməsi sahəsində problemlər yaşanır. Hətta banklar girov üzrə qiyməti aşağı miqdarda təyin etsə də, mövcud vəziyyətdə onu sübut etmək mümkünsüzdür. Çünki ölkədə eyni obyekti bir neçə ayrı-ayrı qiymətləndirmə şirkəti qiymətləndirsə, prosesdə bir-birindən kəskin fəqrlərin üzə çıxdığının şahidi olacağıq. Ona görə də burada hər hansı bir məsuliyyət hissi də yoxdur. 
Digər tərəfdən, Azərbaycanda 10-15 il bundan əvvəl qiymətlər aşağı idi. 2003-2004-cü illərdə qiymətlər elə də yüksək deyildi. Lakin sonradan qiymətlər kəskin artdı və yüz minlik əmlak bir milyon manata oldu. 2015-ci ildən sonra isə yenidən ucuzlaşdı. Ancaq buna baxmayaraq, obyekt sahibləri əvvəlki illəri əsas tutmaqla daha yüksək qiymət qoyurlar. Onlar başa düşmür ki, qiymətlər düşür və düşməkdə davam edəcək. Əsas məsələ tələblə təklif əsasında həll olunur. Hər hansısa bir obyekti 1 milyon manata alan yoxdursa, deməli, qiyməti bundan aşağıdır. 
Hazırda bir çox obyekt hərraca çıxarılsa da onları alan demək olar ki, yoxdur. Balakəndə mehmanxanalardan birini artıq 10-cu dəfədir ki, hərraca çıxarırlar. Ancaq alan yoxdur. Birinci dəfə həmin mehmanxananı 18 milyon manata hərraca çıxarmışdılar, indi 9 milyon manat desələr də, yenə də alan yoxdur”. 
Yuxarıda deyilənlərə əsasən ekspert bu qənaətdədir ki, bu mənada banklardan girova görə qoyduqları aşağı qiymətlərlə bağlı nəsə tələb etmək yersizdir:
“Məsələyə banklar nöqteyi-nəzərdən baxaq. Kredit verən bank əmin olmalıdır ki, onu alan şəxs gələcəkdə ödəmək qabiliyyətində olmasa, girov götürdüyü əmlakı satmaqla həm verdiyi krediti götürmək, həm də faizləri, cərimələri, məhkəmə xərclərini ödəyə bilmək imkanında olacaq. 
Eyni zamanda, banklar gözəl bilir ki, Azərbaycanda daşınmaz əmlakın qiyməti bundan sonra yalnız düşəcək. Yaxın 10 il ərzində qiymətlər qalxmayacaq. Bank bunu bilə-bilə nədən girov obyektini yüksək qiymətləndirməlidir? Deməli, prosesin həllinə iki amil əngəl olur. Mülki obyektiv şəkildə qiymətləndirmək çətindir. İkinci bir tərəfdən, banklar qiymətlərin enməkdə davam edəcəyini bilirlər. Bu mənada hamı anlamalıdır ki, banklardan gitova görə daha yüksək qiymət qoymasını tələb etmək yersizdir. Çünki kredit verən bank risqə gedir. Özü də öz pulu ilə deyil, əmanətçilərin vəsaiti hesabına bu risqə gedir. Yəni bankın əmanətçilər qarşısında özünün də  öhdəliyi var. Hazırda Azərbaycanda 10-dan çox bank müflis olub və ləğvetmə prosesi gedir. Müəyyən olunub ki, həmin bankların girov qiymətləri kreditlərdən xeyli dərəcədə aşağıdır. Ona görə də bankları çox məsələdə tənqid etsəm də, bu məsələdə onların tutduğu mövqeyi  tamamilə başa düşürəm. 
Mövcud məsələni normal müstəviyə çıxarmaq üçün ilk növbədə dediyim birinci problemi həll etmək lazımdır. 
Yəni Azərbaycanda qiymətləndirmə sahəsini tənzimləmək lazımdır. Bu sahədə lisenziyalaşdırma həyata keçirilməli və yanlış qiymət müəyyənləşdirənlərə qarşı hətta cinayət məsuliyyəti tətbiq edilməlidir. Belə olarsa, girov obyektinin qiymətləndirilməsi zamanı ortaya obyektiv qiymətlər çıxacaq. Bu problemin həlli fonunda banklar da normal girov qiymətləri müəyyənləşdirə bilərlər. İndilikdə isə bu sahədə tam boşluq var. Problemin həlli üçün ilk növbədə bundan başlamaq lazımdır, qiymətləndirmə şirkətlərinə lizenziya verilməli, onlar üzərində nəzarət həyata keçirilməlidir, bu sahədə pozuntuya yol verən qiymətləndirmə şirkətləri hətta cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Bu amillər qanunda öz əksini tapmalıdır ki, ardınca banklardan da həmin istiqamətdə nəyisə tələb edə bilək”.
Rüfət NADİROĞLU