Şadlıq sarayları tıxac problemini daha kəskin hala gətirirlər

30 Aprel 2013 08:31 (UTC+04:00)

Paytaxtda tıxac problemindən istər sürücülər, istərsə də piyadalar hər zaman böyük narazılıq ifadə edirlər. Lakin bu narazılığı baxmayaraq, ölkəyə, xüsusən də Bakıya gətirilən maşınların sayının durmadan artması fonunda tıxac probleminin hələ də dərinləşməkdə olduğu aydın müşahidə edilir.

Əksər ekspertlər belə hesab edir ki, dünyanın əksər iri böyük şəhərləri kimi Bakının tıxac problemindən tam azad olması sadəcə mümkün deyil. Lakin bu problemi dərinləşdirən səbəblərin aradan qaldırılması günün əsas tələblərindən biri kimi çıxış edir. Belə səbəblər isə kifayət qədərdir. Məsələn, avtomobillərin adi parkinqdə yol verilən nöqsan, maşının saxlanması qadağan edilən yerlərdə, piyada səkilərində saxlanması və sairi buna misal göstərmək olar. Bundan başqa paytaxtda yerləşən bəzi şadlıq saraylarının dayanacaq yeri olmadığından şənlik evinin qarşısında sözün əsl mənasında maşın izdihamı yaşanır. Bu da öz növbəsində əsas yolda tıxaclara səbəb olur.

Belə obyektlərin sayı kifayət qədərdir. Toy mərasiminə gələn qonaqların əksəriyyəti avtomobildən istifadə etdiyindən şadlıq saraylarının qarşısında hər gün eyni mənzərə yaranır. Bir-birinin ardınca düzülən maşınlar əsas yolu da zəbt edirlər. Nəticədə yol daralır və sıxlıq yaranır. Yolun sağ tərəfi bağlı olduğundan avtobusların sürücüləri sərnişinləri yolun ortasında düşürürlər. Şənlik evlərinin qarşısında yaranan bu tıxac elə ən çox avtobus sürücülərinin narazılığına səbəb olur.

Yaranmış vəziyyət yol polisini də narahat edir. Bakı şəhər Dövlət Yol Polisinın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov da dəfələrlə bildirib ki, ziyafət sarayının qarşısında avtomobilini düzgün park etməyən sürücülər cəzalandırılacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi dəfələrlə toy şənliklərinin keçirildiyi obyektlərin yol kənarında yerləşən inzibati binaları qarşısında reydlər də keçirib. Bir daha məlum olub ki, yolların hərəkət hissələrinə yaxın olan inzibati binaların qarşısında dayandırılan nəqliyyat vasitələri bu yolla hərəkət edən digər avtomobillərə maneələr yaradır. Məsələn, yola bitişik olan elə şadlıq evləri var ki, onların qarşısında bir cərgə avtomobillər dayananda, ikinci cərgə artıq yolun hərəkət hissəsinə düşür. Yolun hərəkət hissəsində avtomobillərin saxlanması həm yollarda süni sıxlığın və tıxacların yaranmasına səbəb olur, həm də "Yol hərəkəti haqqında" qanunun tələblərinin pozulması kimi qiymətləndirilir.

Mütəxəssislər şadlıq saraylarının fəaliyyətinə icazə verilərkən, onların dayanacağının olub-olmamasına xüsusi diqqət yetirilməsini vacib sayırlar. Yeri gəlmişkən bildirək ki, şadlıq sarayları ilə bağlı tətbiqinə başlanılan yeni standartlara görə, şadlıq saraylarının qarşısında tıxacların yaranmaması üçün avtoparklar inşa olunmalıdır. Lakin hazırda heç də bütün şadlıq saraylarının bu tələblərə cavab vermədiyi danılmaz həqiqətdir. Bu səbəbdən belə şadlıq saraylarına qarşı daha sərt addımlar atılması vacib sayılır.

Hələlik isə paytaxtda avtomobillərin hərəkəti və saxlanılması üçün şərait yaradılması məqsədilə Bakının mərkəzində iri pullu avtomobil dayanacaqlar, yəni parkinqlər inşa olunur. Bir neçə belə dayanacaq fəaliyyət göstərsə də, Bakıda onların çatışmazlığı göz qabağındadır. Onu da bildirək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakıda avtomobil dayanacaqlarının yerləşdirilməsi layihəsini başa çatdırıb. İlkin məlumata görə, avtomobil yollarının yükünün boşaldılması üçün ilkin olaraq 160-170 pullu avtomobil dayanacağı tikilməlidir. Sonrakı mərhələdə onların sayının artırılması nəzərdə tutulur. Sözügedən layihədə isə dayanacaqların əsas hissəsi (70%) 300 minik avtomobilinə hesablanıb. 100 və 2000 avtomobillik dayanacaqlar ında tikilməsi planlaşdırılır. Avtodayanacaqların tikilməsi 2013-2015-ci illərin tədbirlər planına salınıb. Avtomobillər üçün həm yeraltı, həm də yerüstü dayanacaqlar tikiləcək. Qeyd edək ki, bu gün Bakıda bir neçə özəl avtomobil dayanacağı var. Lakin onlardakı qiymətlərdən sürücülərin əksəriyyəti narazılıq edir.